Şrift:
Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər növbəti müsabiqəyə dəvət edilirlər
11.05.2023 [13:42] - Gündəm, Bildiriş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ədliyyə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, vətəndaşlara daha səmərəli və əlçatan xidmətlərin göstərilməsi ilə bağlı rəqəmsal innovasiyaların tətbiqi genişləndirilir.

Ədliyyə Nazirliyi tərəfindən hüquqi xidmətlərin mobil tətbiqlər üzərindən göstərilməsinə xüsusi diqqət yetirilir. İctimai tələbatlılığı ilə seçilən “Mobil notariat” tətbiqi vasitəsilə son dövrlər aparılmış yarım milyondan çox notariat hərəkətlərinin bir hissəsi məhz Qarabağ və Şərqi Zəngəzurdan müraciət edən şəxslərlə bağlı olub.

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Notariat korpusunun komplektləşdirilməsi çərçivəsində Gəncə, Sumqayıt şəhərləri, İmişli, Salyan, Şəki rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində, habelə göstərilən inzibati ərazi vahidlərində və eyni zamanda Naftalan şəhəri, Cəbrayıl, Cəlilabad, Xocalı, Xocavənd, Xızı, İmişli, Kəlbəcər, Qazax, Qəbələ, Qubadlı, Laçın, Lerik, Salyan, Şəki, Tovuz, Yardımlı, Zəngilan, Zərdab rayonlarında vakant olan notarius vəzifələrində fəaliyyət göstərmək üçün şəhadətnamə almaq istəyən, “Notariat haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları növbəti açıq müsabiqəyə dəvət edilirlər.

Xatırladırıq ki, müsabiqənin birinci mərhələsi - test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə fərdi qaydada, kompüter vasitəsilə keçiriləcək və nəticələrə dair məlumat dərhal yerindəcə təqdim olunacaq.

Qanunvericiliyin tələbinə uyğun olaraq test imtahanından zəruri keçid balını toplayan namizədlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar. Müsahibədə uğur qazanan hüquqşünaslar isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar. Təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə verilir.

Bildirilir ki, müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında xüsusi hazırlıq kursları təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən şəxslər sənədlərini bu il mayın 15-dən etibarən Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.

Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında (www.justice.gov.az) tanış olmaq, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq mümkündür.

Test imtahanının vaxtı və yeri barədə əlavə informasiya veriləcək.
Bu xəbər oxucular tərəfindən 1957 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed