Şrift:
TƏBİB-in tabeliyindəki bir sıra tibb müəssisələrinin adları dəyişdirilib
11.05.2023 [13:44] - Gündəm, Bildiriş
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan bir sıra tibb müəssisələrinin adları dəyişdirilib.

TƏBİB-dən verilən məlumata görə, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil edilən bir sıra tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir. Həyata keçirilən yeniliklərə uyğun olaraq, 10-dan çox tibb müəssisəsinin adı bundan sonrakı fəaliyyət istiqamətinə əsasən yenidən formalaşdırılıb.

Belə ki, mərkəzin strukturuna daxil olan 8 nömrəli Şəhər Xəstəxanasının, 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli birləşmiş şəhər xəstəxanalarının (BŞX), Zabrat və Zirə müalicə diaqnostika mərkəzlərinin (MDM) adları aşağıdakı şəkildə dəyişdirilib:

- 8 nömrəli Şəhər Xəstəxanası / Nardaran Sağlamlıq Mərkəzi,

- 12 nömrəli BŞX / Suraxanı Sağlamlıq Mərkəzi,

- 28 nömrəli BŞX / Bilgəh Sağlamlıq Mərkəzi,

- Zabrat MDM / Zabrat Sağlamlıq Mərkəzi,

- Zirə MDM / Zirə Sağlamlıq Mərkəzi,

- 9 nömrəli BŞX / 41 nömrəli Şəhər Poliklinikası,

- 13 nömrəli BŞX / 42 nömrəli Şəhər Poliklinikası,

- 15 nömrəli BŞX / 43 nömrəli Şəhər Poliklinikası,

- 18 nömrəli BŞX / 44 nömrəli Şəhər Poliklinikası,

- 22 nömrəli BŞX / 14 nömrəli Şəhər Poliklinikası,

- 31 nömrəli BŞX / 45 nömrəli Şəhər Poliklinikası,

- 32 nömrəli BŞX / 46 nömrəli Şəhər Poliklinikası.

Xatırladaq ki, TƏBİB rəhbərliyinin qərarına əsasən mərkəzin tabeliyində olan bir sıra müəssisələrdə stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondu optimallaşdırılıb və həmin müəssisələrdə ambulator - poliklinik xidmət gücləndirilib. Qeyd olunan tibb müəssisələrinin adlarındakı bu dəyişiklik məhz həmin qərara uyğunlaşdırılıb və yeni istiqamət müəyyənləşdirilib.

Həyata keçirilən həmin tədbirlər tibbi kadrlardan səmərəli istifadə, ilkin səhiyyə xidməti müəssisələrinin ambulator xidmət çeşidinin və keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır.
Bu xəbər oxucular tərəfindən 2016 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed