Şrift:
Taxıl sazişinin müddəti 60 gün uzadıla bilər
12.05.2023 [13:30] - İqtisadiyyat
Müddəti mayın 18-də bitəcək taxıl sazişi daha 60 gün uzadıla bilər. Müvafiq qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirəcəyi gözlənilir.

TASS informasiya agentliyi bu barədə danışıqlar prosesi ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.

“Taxıl sazişi 60 gün uzadıla bilər. Rusiya ola bilsin ki, buna sonuncu dəfə razılıq verir. Müqavilənin uzadılmasını ənənəvi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı (Vladimir Putin – red.) ilə telefon danışığından sonra səsləndirəcəyi gözlənilir”, - deyə mənbə bildirib. Onun sözlərinə görə, taxıl sazişinin fəaliyyət müddətinin uzadılması bu gün-sabah elan oluna bilər.

Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. O vaxt BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılması, digəri Rusiya ərzaq və gübrəsinin ixracı barədə idi. O vaxtdan bəri Moskva dəfələrlə bildirir ki, müqavilənin Rusiya hissəsi işləmir.

Bu arada Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə mayın 10-11-də İstanbulda keçirilən danışıqların nəticələrini şərh edərkən tərəflərin taxıl sazişini uzatmaq istiqamətində irəlilədiyini deyib.

"İlk nəticələr İstanbuldakı görüşün müsbət olduğunu göstərir. Proses taxıl müqaviləsinin uzadılması istiqamətində gedir", - deyə Hulusi Akar jurnalistlərə bildirib.
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed