Şrift:
Fərəc Quliyev:Rəcəb Tayyib Ərdoğan heç vaxt öz ölkəsi ilə Azərbaycan arasında fərq qoymadı
16.06.2023 [10:09] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Qarabağda yarımçıq qalmış bütün məsələlər həll olunacaq, Türkiyə də işin içində olacaq

"Azərbaycanla münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib. Onun sözlərinə görə, bu gün Türkiyə-Azərbaycan qardaşlığı dünyada qibtə ilə izlənilir: "Bunun son nümunəsini Türkiyədə baş verən zəlzələ zamanı gördük. Çünki Azərbaycan dövləti və xalqı kədərimizi öz kədəri kimi qəbul etdi. Azərbaycan xilasediciləri dərhal zəlzələ bölgəsinə gəldi. Ürəyi Türkiyə ilə döyünən hər bir Azərbaycan vətəndaşına şəxsən öz və xalqım adından minnətdarlığımı bildirirəm. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq". Türkiyə lideri bildirib ki, Türkiyənin Şuşada Baş Konsulluğunu istənilən zaman açmağa hazırdırlar: "Əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, əlbəttə, bu, Ermənistan başda olmaqla bütün dünyaya bir mesaj olacaq".

Ərdoğanın Azərbaycana səfərini və mesajlarını "Sherg.az"a dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev deyib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan heç vaxt öz ölkəsi ilə Azərbaycan arasında fərq qoymadı. Partiya rəhbərinin sözlərinə görə, Ərdoğan Azərbaycanı öz Vətəni, problemlərimizi öz problemi bildi:

"Türkiyə liderinin Bakıya səfəri zamanı verdiyi mesajlar da bunu təsdiqləyir. Ərdoğanın Şuşa Bəyannaməsinə xüsusi toxunmasının böyük əhəmiyyəti var. Qars və Moskva müqavilələri Naxçıvan üçün olduqca əhəmiyyətli idi. Naxçıvan təhlükə ilə üzləşdiyi təqdirdə Türkiyənin müdaxilə imkanları yaranırdı. Ancaq Şuşa Bəyannaməsi yüz il əvvəlki iki müqavilədən daha əhəmiyyətli sayılır. Çünki bu Bəyannamədə konkret ərazi, bölgə nəzərdə tutulmur və müddəalar bütün Azərbaycana şamil olunur. Yəni Azərbaycan ərazisinə təhlükə olarsa, Türkiyə bütün imkanları ilə prosesə qoşular və təsir mexanizmlərini işə salar. Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyi və gələcəyi baxımından çox önəmlidir. Şuşada konsulluğun açılması və bunun mesaj olması o deməkdir ki, Qarabağda yarımçıq qalmış bütün məsələlər həll olunacaq. O zaman Türkiyə də işin içində olacaq. Xüsusən, Rusiyaya işarə olunur ki, Moskva Azərbaycanın daxili işlərinə müdaxilə haqqına sahib deyil. Türkiyə ilə Azərbaycanın gələcəyi ortaq müəyyənləşir. Hərbi strateji müttəfiqliklə bağlı müzakirələr, Zəngəzur dəhlizi ilə bağlı mesajlar da çox ciddidir".

F.Quliyev vurğulayıb ki, Türkiyədə seçki dönəmində bizi sevməyən qüvvələr, dövlətlər marığa (red.fürsət gözləmək) yarıtmışdılar: "Onlar vəziyyətin dəyişəcəyinə, əlaqələrin zəifləyəcəyinə, revanş imkanlarının yarana biləcəyinə ümid edirdilər. Ancaq seçkidə Ərdoğanın qələbəsi ilə bütün bunların üstündən xətt çəkildi. Türkiyə liderinin səfəri də göstərdi ki, Ankara-Bakı əlaqələrində, ortaq siyasətdə heç bir dəyişiklik olmayacaq. Cənab Ərdoğan və Türkiyə Azərbaycanın yanındadır. Şuşada konsulluğun açılması sadəcə bir binanın tikilməsi deyil, burada çox ciddi fəaliyyətdən söhbət gedir. Ermənistan və onun havadarları da öz mesajlarını aldılar. Əgər az da olsa hansısa tərəddüdləri, gözləntiləri var idisə, artıq buna da son qoyuldu".

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 1307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed