Şrift:
Azərbaycanda dekarbonizasiya üçün yapon texnologiyaları tətbiq oluna bilər
19.06.2023 [10:06] - İqtisadiyyat
Yapon texnologiyaları Azərbaycanda dekarbonizasiya məqsədilə tətbiq oluna bilər.

Bu barədə bu yaxında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Anlaşma Memorandumu imzalamış Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankından (JBIC) bildiriblər.

"Anlaşma Memorandumuna əsasən, SOCAR və JBIC aşağı karbonlu texnologiyaların, həmçinin karbon tutma və saxlama (CCS) və karbon tutma, istifadə və saxlama (“CCUS”) texnologiyalarının tətbiqinə dair məlumat mübadiləsi yolu ilə əməkdaşlığı möhkəmləndirmək barədə, habelə hidrogen, ammonyak və s. ilə əlaqədar layihələr üzrə razılığa gəliblər", - JBIC-dən bildiriblər.

Bankdan bildiriblər ki, Anlaşma Memorandumunda konkret layihələr və təşəbbüslər göstərilməyib, lakin məqsəd SOCAR ilə yapon şirkətləri arasında dekarbonizasiya üzrə əməkdaşlığa imkan yaratmaqdan ibarətdir.

"Yaponiyanın maliyyə institutu olan JBIC SOCAR ilə yapon şirkətləri arasında əməkdaşlığın inkişafına imkan yaradan layihələrin strukturlaşdırılmasını sürətləndirməyə və karbonsuz cəmiyyət yaratmağa çalışır. Bununla əlaqədar olaraq, CCS, CCUS kimi texnologiyalar, hidrogen və ammonyak yapon şirkətlərinin təcrübə və/yaxud texnologiyalarının Azərbaycanda dekarbonizasiya prosesində tətbiq oluna biləcəyi sahələrdən biri ola bilər" - deyə JBIC-dən aydınlıq gətirilib.

Qeyd edək ki, Azərbaycan "yaşıl" iqtisadiyyata və "yaşıl" energetikaya keçid sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir.

Ölkə günəş və külək enerjisi sahəsində böyük potensiala malikdir və həm yerli səviyyədə, həm də beynəlxalq şirkətlərlə birgə bərpa olunan enerji mənbələrinin tətbiqi, həmçinin məişət tullantılatının bioemalı və təkrar istifadəsi üzərində işləyir. Bu gün Azərbaycanda məişət tullantılarından müxtəlif məhsullar istehsal edərək onları ixrac edən onlarla şirkət fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 1045 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed