Şrift:
Xocalı faciəsi Amerikanın daha bir ştatı tərəfindən tanındı
31.01.2013 [16:25] - Gündəm, Diaspor
Azərbaycan əhalisinin kütləvi qətlini təsdiq edən qətnamə 35 senator tərəfindən yekdilliklə qəbul olunub.

ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Nyu-Meksiko ştatının Senatı Xocalı faciəsini tanıyıb. Azərbaycan əhalisinin kütləvi qətlini təsdiq edən qətnamə ştatın parlamentinin yuxarı palatasına, baxılmaq üçün Demokrat Partiyasından olan senator Herald Ortis-i-Pino tərəfindən təqdim edilib.

Sənəddə Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsindən söhbət açılır, 1992-ci il fevralın 25-26-da Xocalı şəhərinin işğalı zamanı erməni silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinə qarşı törətdiyi qırğından, 600 nəfərdən çox insanın, o cümlədən uşaqların, qadınların və ahılların qətlindən ətraflı bəhs edilir.

Qətnamənin müəllifi yazır: “...Qırğından sonra Xocalıda tapılmış bir çox insanların meyitləri eybəcər hala salınmış və təhqir olunumuşdu. Bu hadisə müharibənin vəhşicəsinə törədilmiş ən dəhşətli qırğını idi”. Sənəddə, həmçinin qeyd edilir ki, BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalını pisləyən qətnamələr qəbul etdiyinə baxmayaraq, Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon (şəhər, məntəqə) Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Nyu-Meksiko ştatı Senatının Xocalı qırğınının təsdiqinə dair qətnaməsi 35 senator tərəfindən yekdilliklə qəbul olunub.

Xatırladırıq ki, Xocalı faciəsi Texas, Nyu-Cersi, Corciya, Meynin də qanunvericilik orqanları tərəfindən tanınıb.
Bu xəbər oxucular tərəfindən 1078 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed