Şrift:
Daxili Qoşunlar strukturunda dəyişiklik gözlənilir?
31.01.2013 [16:45] - Gündəm, Hərb
Şəmsəddin Əliyev: «İstər jandarmeriya, istərsə də Daxili qoşunların fəaliyyət istiqamətində daxili təhlükəsizliyin təmin olunması əsas yer tutur»

Mahmud Hacıyev: «Çox güman ki, Türkiyədəki struktura uyğunlaşdırmaq üçün Daxili Qoşunları jandarmeriya adlandırmağı düşünürlər»

Azərbaycanda yeni silahlı birləşmə növü yaradıla bilər. Milli Məclisdən mətbuata verilən məlumata görə, bununla bağlı təkliflər yenidən hazırlanan «Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında» qanun layihəsində əksini tapıb. Qanun Müdafiə Nazirliyindən başqa digər qurumların tabeliyində olan qoşun növlərilə bağlı məsələləri də ehtiva etməlidir. Yeni təkliflər daha çox hazırkı Daxili Qoşunlar strukturunun yeni Jandarma strukturu ilə əvəzlənməsini və yeni sistemin daha da təkmilləşdirilməsini, yaxud Daxili Qoşunlarla yanaşı yeni birləşmənin yaradılmasını nəzərdə tututr. Eyni zamanda, qanun gələcəkdə əlavə silahlı birləşmələrin yaradılmasına da imkan verir. Bu qanun layihəsi hazırda rəy alınması üçün müvafiq qurumlara göndərilib və Müdafiə Nazirliyindən başqa digər qurumlar artıq rəy verib.
Adətən həyata keçirilən hər bir dəyişiklik və yeniliklər bu və ya digər strukturun daha da möhkəmlənməsi və inkişafına xidmət etməlidir. Bu mənada görəsən Daxili Qoşunlar strukturunun Jandarma strukturu ilə əvəzlənməsi həmin sahədə hansı irəliləyişlərə səbəb ola bilər?
«Polisə dəstək» İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin fikrincə, Daxili Qoşunlar strukturunun Jandarma strukturu ilə əvəzlənməsilə sadəcə olaraq ad dəyişəcək:
«Bildiyimiz kimi Daxili Qoşunlar Respublika Daxili işlər Nazirliyi nəzdində fəaliyyət göstərən hərbi hissələrdən ibarətdir. Bu qurum kifayət qədər şəxsi heyətə və peşəkar qüvvələrə malikdir. Onun texniki imkanları da modernləşdirilib. Daxili Qoşunlar strukturunun Jandarma strukturu ilə əvəzlənməsinə gəldikdə bununla sadəcə olaraq ad dəyişir. Daxili Qoşun sözü isə rus dönəmindən qalma ifadədir. Ona görə də adın dəyişdirilməsi sivil ölkələrin leksikonuna uyğunlaşdırma deməkdir. Əslində belə də olmalıdır və dəyişiklik normal qarşılanmalıdır. Bu halda söhbət heç də şəxsi heyətin sayının artırılması və ya orada yeni bir qüvvənin yaradılmasından getmir. Şəxsi heyət həmin şəxsi heyət olacaq. Yalnız ola bilsin texniki baxımdan bəzi yeniliklər olsun. Bu da jandarmeriya strukturunun hansı səpkidə və əhatə dairəsində fəaliyyət göstərməsindən asılı ola bilər. Amma bütün hallarda adın dəyişdirilməsi orada hansısa bir yeni qrupun yaradılması mənasını kəsb etmir. Düzdür, jandarma strukturunun fəaliyyətində qismən dəyişikliklər ola bilər. Lakin həmin dəyişikliklərin nədən ibarət ola biləcəyini sözügedən qanun layihəsinin qəbul edilməsindən sonra görə biləcəyik. İstər jandarmeriya, istərsə də Daxili qoşunların fəaliyyət istiqamətində daxili təhlükəsizliyin təmin olunması əsas yer tutur. Ölkənin Konstitusiya quruluşu və dövlətçilik üçün təhlükə yaranan və yaxud təhlükəsizlik idarəolunmaz hal alan hallarda jandarmeriya qüvvələrindən istifadə oluna bilər. Keçmişə nəzər yetirdikdə görərik ki, Daxili Qoşunların Vətən savaşında iştirakı da xoş ovqatla xatırlanır. Jandarm qüvvələrindən də bu istiqamətdə istifadə edilə bilər. Bu məqamlar oxşar cəhətlərdir. Fərqli cəhət isə yalnız adları ilə bağlıdır. Jandarm strukturunun yaradılmasından sonra Daxili Qoşunların komandiri və struktur bölmələrinin necə adlanacağı isə hələlik qaranlıqdır. Burada bəzi dəyişikliklər ola bilər. Məsələn, Türkiyədə olduğu kimi jandarmeriya komandirinin komutan adlanması gözləniləndir».
Sabiq polis polkovniki Mahmud Hacıyev isə bu qənaətdədir ki, Daxili Qoşunlar strukturunun Jandarm strukturu ilə əvəzlənməsilə qurumda heç bir dəyişiklik baş verməyəcək:
«Adın dəyişdirilməsi strukturun keyfiyyətinə hər hansı bir təsir göstərmir. Belədə sadəcə ad dəyişir, məna isə dəyişmir. Necə deyərlər, «Həsən keçəl, keçəl Həsən». Ad dəyişməklə bunun prosesə heç bir effekti olmayacaq. Həmin hissə, ordu və şəxsi heyət qalacaq. Çox güman ki, Türkiyədəki struktura uyğunlaşdırmaq üçün Daxili Qoşunları jandarmeriya adlandırmağı düşünürlər».
Rüfət Sultan
Bu xəbər oxucular tərəfindən 6334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed