Şrift:
Fərəc Quliyev:Paşinyan xalqını inandırmaq istəyir ki...
03.07.2023 [09:43] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Paşinyanın indiki halda verdiyi bəyanatlar bir neçə məsələni özündə ehtiva edir. İkinci Qarabağ savaşındakı məğlubiyyət kiminsə boynuna qoyulmalıdır. Paşinyan köhnə hakimiyyətin bu məsələdə günahkar olduğunu bildirir. O deyir ki, biz əgər Azərbaycanın ərazi bütövlüyünü vaxtında tanısaydıq, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildirsəydik, belə ağır fəsadlar olmayacaqdı. Düzdür, o deyir ki, müharibə olacaqdı, amma bunun qarşısını almaq imkanları da yaranırdı”.

Bunu TNS-ə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat Fərəc Quliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın bugünkü açıqlamalarına münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, Paşinyan xalqını inandırmaq istəyir ki, Azərbaycan ərazilərindən ordumuzu çıxarmadıqca onların zorla bunu etmək ehtimalı qalırdı və bunun üçün də müharibə olmalı idi:

“Əslində bununla o göstərməyə çalışır ki, qonşularla dinc, yanaşı yaşamaq üçün ərazi bütövlüyünə hörmət olunmalıdır və biz də bunu etməliyik. İndiyədək baş verən bütün fəsadların köhnə hakimiyyətin günahı olduğunu hər zaman deyir və bunun üçün də onun əlində əsaslar var. Çünki o, Levon Ter-Petrosyanın komandasında olub və o zehniyyəti daşıyır. Həm də bu ifadələri işlətməklə göstərməyə çalışır ki, biz proflaktik olaraq işlər görürdük. Ancaq bizi eşitmədilər. Paşinyan bu dünyagörüşün, zehniyyətin indiki hakimiyyətin vizyonuna çevrildiyini göstərmək istəyir. İkinci bir tərəfdən, daxili auditoriyaya mesaj verir ki, Azərbaycan tərəfinin bu müharibə dönəmində və ondan da əvvəl həm əhalisi artıb, həm də iqtisadiyyatı inkişaf edib. Ermənistan tərəfinin isə əhali sayı da, iqtisadiyyatı da azalıb. Yəni, demək istəyir ki, indiki status-kvo sülh olmasa, bu vəziyyətdə qalsa Azərbaycanın xeyrinədir. Üstəlik daxildə müharibə istəyən bir qrup revanşist qüvvələri də ifşa edir ki, onların bu vizyonu doğru deyil”.

Fərəc Quliyev Paşinyanın həmçinin delimitasiya və demarkasiya, sülh müqaviləsi ilə bağlı çağırışlar etdiyini bildirib.


“Mənim fikrimcə o, həm də Azərbaycan tərəfinə mesaj verir ki, biz bu məsələlərə hazırıq. Xatırlayırsınızsa, Paşinyan bir dəfə də hərbi əməliyyatlar zamanı demişdi ki, “hərbi qüvvələrin arasında 5-ci kolona xidmət edənlər var və onlar təxribatlar yaradırlar”. Bu çağırışlardan belə çıxır ki, Paşinyan həm daxili auditoriyanı hazırlayır, həm də Azərbaycana mesajlarını çatdırır. Ermənistanın Baş naziri Qarabağı Azərrbaycanın tərkib hissəsi kimi tanıdığını deyir, sadəcə orada yaşayan ermənilərin hüquqları ilə bağlı bəzi fikirlər səsləndirir. Bütün bunlar onu göstərir ki, Paşinyan artıq birmənalı olaraq Azərbaycanın ortaya qoyduğu 5 baza prinsipini qəbul edir. Fikrimcə, payız aylarında uğurlar qazanmaq mümükündür”, - partiya sədri əlavə edib.

tns.az
Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed