Şrift:
Azərbaycan Dünya Çinşünaslar Şurasının Qurultayında təmsil olunub
03.07.2023 [10:41] - Gündəm, Siyasət
Çin Beynəlxalq Mübadilə Assosiasiyası və Dünya Çinşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə Pekində Dünya Çinşünaslar Şurasının Qurultayı və 3-cü Sivilizasiyalararası Dialoq Konfransı keçirilib.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı və Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev iştirak ediblər. Qurultay və konfransda 71 ölkədən 100-dən çox çinşünas alim iştirak edib. Tədbirin əsas məqsədi qarşılıqlı anlaşma və əməkdaşlığı dərinləşdirmək, müxtəlif mədəniyyətləri təmsil edən insan və cəmiyyətlər arasında dialoq yaratmaq, çinşünaslıq (sinologiya) elmi çərçivəsində elmi əlaqələri inkişaf etdirmək olub.

Qurultay zamanı Qlobal Çinşünaslıq Universitetləri Alyansı təsis edilib və Xəzər Universiteti alyansa təsisçi-üzv seçilib.

Qeyd edək ki, Xəzər Universiteti ilə Çinin müxtəlif universitetləri arasında sıx təhsil və akademik əlaqələr mövcuddur. Keçən illər ərzində Pekin Xarici Dillər Universiteti, Şanxay Universiteti, Pekin Dil və Mədəniyyət Universiteti, Şencen Universiteti, Anhuy Kənd Təsərrüfatı Universiteti və Xəzər Universiteti arasında bağlanmış müvafiq anlaşma memorandumlarına əsasən tələbə mübadiləsi, elmi konfranslar, alimlərin qarşılıqlı səfərləri həyata keçirilib. Ötən ilin oktyabrında Xəzər Universitetində Dünya Çinşünaslıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Çin Tədqiqatlar Mərkəzi yaradılıb.

Şahin Cəfərov
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed