Şrift:
İşğalçı orduda əsgər ölümləri ara vermir.
01.02.2013 [13:19] - Gündəm, Hadisə
İrəvan hospitalında təkcə iki gündə iki gənc hərbçi dünyasını dəyişib; övladlarını hərbi xidmətə göndərmək istəməyən valideynlərin sayı artır

Yanvarın 17-18-də İrəvandakı Mərkəzi Kliniki Hospitalda iki erməni əsgəri həyatını itirib. Bu barədə yazan “Aykakan jamanak” insidentin detallarına aydınlıq gətirib. Qəzet yazır ki, həqiqi hərbi xidmətin əsgəri Armenak Mkrtçyan Sünik vilayətinin Svarants kəndindəndir. Müdafiə Nazirliyinin versiyasına görə, ona kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu qoyublar. Svarants kəndinin icra başçısı Artur Marqaryan qəzetə bildirib ki, Armenak ötən il dekabrın 5-də orduya çağırılıb və ona qədər səhhətində heç bir problem olmayıb. “Yanvarın 12-də Armenak and içməli idi, ancaq həmin gün onu hospitala yerləşdiriblər. Səhər saat 8-də anası andiçmə ünvanına gedib, lakin oğlunu orda görməyib. Anaya deyiblər ki, oğlu komadadır”, - deyə başçı bildirib. Nəşrin əməkdaşına əsgər anasını danışdırmaq müyəssər olmayıb. Faktla bağlı Müdafiə Nazirliyinin təhqiqat xidmətində cinayət işi qaldırılıb.

Yanvarın 18-də isə həmin hospitalda başqa bir əsgər Artyom Akopyan dünyasını dəyişib. Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Akopyam hospitalda yanvarın 13-də yerləşdirilib. Qəzetin müxbiri Artyomun atası Qaqik Akopyanla danışıb. Ata deyib: “Hərbi xidmətə kimi Artyomun səhhət problemi olmayıb. Uşaq orda su çiçəyinə (kəskin infeksion xəstəlik - Z.S.) tutulub, onu tibb məntəqəsində saxladıqdan sonra oradan çıxarıblar və arayış veriblər ki, Artyom bir həftə ta sağalanadək heç bir iş görməməlidir. Ancaq 2-3 gündən sonra onu soyuducu anbarına göndəriblər və orda məcbur ediblər ki, ərzaqları boşaltsın. Məgər bu cür xəstəni ərzaqları boşaltmağa məcbur eləmək olar? Qayıdandan sonra onun hərarəti təzədən yüksəlib. Mənim başqa oğlum həmin hissədə xidmət edir. O, Artyoma baş çəkməyə gedib. O zaman onun hərarəti 37.7 olub. Onu yenidən tibb məntəqəsinə aparıblar. Gecə orda saxlayıblar. Səhər Xocalı hospitalına gətiriblər. Orda o, komaya düşüb. Yanvarın 13-də isə İrəvanın Mərkəzi Kliniki Hospitalına köçürüblər”.

Əsgər atası ehtimal edir ki, oğlunun ölümünə Xocalı hospitalının və hərbi hissənin həkimləri bais olub. Akopyanın sözlərinə görə, Mərkəzi Klinik Hospitalın həkimləri əllərindən gələni ediblər ki, onu komadan çıxarsınlar. Lakin onun həyatını xilas eləmək mümkün olmayıb. “Artyom dekabrın 22-də orduya çağırılıb. İçmirdi, çəkmirdi, xuliqanlıq eləmirdi. Kacaran kollecində qaynaqçılığı öyrənirdi, sürücülük dərslərinə gedirdi” - deyir Qaqik Akopyan. Onu da əlavə edir ki, tərxis olunmasına 4 ay qalsa da böyük oğlunu qayıdıb xidmətini başa vurmasına imkan verməyəcək: “Qoy kim gəlir, nə istəyir eləsinlər, mən oğlumun qətlinə bais olanlar cəzalanmayınca onu hərbi xidmətə qoymayacağam”.

Qəzetin müxbiri məsələ ilə bağlı Akopyanın xidmət etdiyi hərbi hissənin komandirinə də müraciət edib. O isə “Mən bu barədə telefonla, ələlxüsus mobil telefonla danışa bilmərəm, niyə ki, bütün Azərbaycan bizə qulaq asır” - deyib.

Ancaq erməni komandirinə Azərbaycandan qulaq assalar da, açmasa da gerçək ortadadır - Akopyan ən əvvəl erməni ordusunda hökm sürən başıpozuqluğun, əsgərə qarşı laqeydliyin qurbanı olub. Onu da qeyd edək ki, 2011-ci il dekabrın 30-da başqa bir əsgər - Ayk Xaçatıryan su çiçəyindən (bu, müalicəsi tam mümkün olan adi yoluxucu xəstəlikdir - Z.S.). dünyasını dəyişib.

3-4 gün qabaq yanvarın 27-nə keçən gecə isə erməni işğalçı qüvvələrinin N saylı hərbi hissəsində xidmət edən kiçik serjant Yuri Qareginyan üstündəki tabel silahından açdığı atəşlə baş serjant Artak Qalstyanı döş qəfəsi nahiyəsindən ağır yaralayıb. Az sonra o, aldığı yaradan ölüb. Ermənistan Müdafiə Nazirliyi bu faktı da təsdiqləyib.

Bu kimi olaylar düşmən ölkənin silahlı qüvvələrində hərbi nizam-intizamın, əsgərə münasibətin və tibbi xidmətin hansı səviyyədə olduğunu bir daha əyani surətdə ortaya qoyur və düşmən ordunun yüksək döyüş qabiliyyətindən ağızdolusu danışan erməni rəsmilərinin açıqlamalarının mifdən başqa bir şey olmadığını təsdiqləyir.

Zahid SƏFƏROĞLU
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed