Şrift:
"Türk Dünyası" (Turkic.World) media platformasının Baş ofisi Bakıda açıldı
25.07.2023 [11:17] - Gündəm, Türk dünyası-Turan
Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkyənin "Albayrak" Media Qrupunun ortaq layihəsi olan "Türk Dünyası" (Turkic.World) media platformasının ofisinin açılış mərasimi baş tutub .

Ofisin açılışında Prezident Administrasiyası Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Trend BİA-nın direktoru İlqar Hüseynov, Trend BİA-nın direktor müavini Rufiz Hafizoğlu, Trend BİA-nın direktor müavini Sahil Kərimli, Türkiyənin "Albayrak Media Group"unun rəhbəri Ömər Karaca, "Albayrak Media Group"un təmsilçisi Samir Babaoğlu, "Albayrak Media Group"un idarə heyətinin üzvü Mesut Albayrak, "Albayrak Group"un Azərbaycandakı yeni regional direktoru Vahdettin Keleş, Qazaxstanın Azərbaycandakı səfiri Alim Bayel, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər qonaqlar iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Trend BİA direktor müavini Rufiz Hafizoğlu qeyd edib ki, Albayrak Media Holdinqi və Trend İnformasiya Agentliyi 2021-ci ildə ortaq media platformasının yaradılması barədə razılığıa gəlib.

"Bu platforma artıq iki ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Digər türkdilli qardaş ölkələrin bu platformaya qatılması və mərkəzin məhz Bakıda olması bizim üçün çox qürurvericidir. Bu platformada qardaş Qazaxstan, Qırğızıstanın dövlət xəbər agentlikləri, eləcə də Türkiyənin "Albayrak Media Group"u yer almaqdadır",- deyə o bildirib.

"Albayrak Media Group"unun rəhbəri Ömər Karaca isə çıxışında qeyd edib ki, ortaq media platformasının açılışı Türk Dövlətləri arasında münasibətlərin gələcək inkişafının başlanğıcıdır.

"Bu həftəsonu gözəl Şuşada keçirilən Qlobal Media Forumunda 50 fərqli ölkədən gələn media nümayəndələri ilə bir sıra məsələləri müzakirə etdik. Belə bir forumun keçirilməsinə qərar verən və ev sahibliyi edən Azərbaycana çox təşəkkür edirik. İki il öncə Trend İnformasiya Agentliyi ilə birgə Turkic.World layihəsinin önəmli tərəfdaşı olduq. Bu illər ərizində ortaq layihəmiz böyüdü və inkişaf etdi. Hazırda Bakıda ofisimizin açılışını edirik, ümid edirik ki, gələcək illərdə fərqli yerlərdə daha böyük ofislərimizin açılışını edərək Türk dövlətləri ilə olan münasibətlərimizi hər sahədə inkişaf etdirərik. Bu ofisin açılması gələcək inkişafın bir başlanğıcı olduğunu ümid edirəm",-deyə Ö.Karaca bildirib.

Prezident Administrasiyası Kommunikasiya siyasəti sektoru müdiri Cavid Musayev çıxışında vurğulayıb ki, iki gün öncə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Qlobal Media Forumu keçirildi.

"Bu media forumun əlamətdar hadisələrindən biri o oldu ki, dövlət başçısı, Prezident İlham Əliyev şəxsən iştirak etdi və üç saata yaxın xarici media nümayəndələrinin bütün suallarını cavablandırdı. Bu dövlət səviyyəsində Azərbaycanda mediaya, jurnalistikaya verilən dəyərdir. Trend İnformasiya Agentliyi ilə "Albayrak Media Group"u arasında əsası qoyulan ortaq layihə Azərbaycan və Türkiyə əməkdaşlığının bariz nümunəsidir",-deyə C.Musayev əlavə edib.

Qazaxstanın Azərbaycandakı səfiri Alim Bayel həmçinin bildirib ki, bu platforma türk dövlətlərində baş verənlərin ictimaiyyətə çatıdırılmasında öz töhfəsini verəcək.

"Eyni zamanda bu ortaq platforma türk dünyası dövlətləri arasında münasibətlərin inkişafına fayda verəcək. "Albayrak Media Group"u Türkiyənin nüfuzlu media qurumlarından biridir. Yaradılan bu platformaya uğurlar arzulayıram",- deyə səfir qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə bildirib ki, Azərbaycan və Türkiyə arasında media sahəsindəki əməkdaşlığın gözəl bir nümunəsinə bugün şahid oluruq.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının hər sahədə güclənməsi üçün atılan addımlarının bu gün nəticəsini görürük. İnanıram ki, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra reallıqların dünyaya çatdırılmasında türk mediasının nə qədər önəmli olduğunu gördük. Türk dövlətləri arasında həm əməkdaşlığın, həm də bu coğrafiyadakı hadisələrin doğru bir şəkildə dünaya çatdırılmasında bu ofisin mühim xidmətləri olacağına inanıram",- deyə C.Bağcı bildirib.

Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend BİA və Türkyənin "Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb. "Türk Dünyası" (Turkic.World) media platforması 2021-cil ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda "Turkic.World" "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır. Bununla yanaşı "Turkic.World" media layihəsi İstanbul Ticarət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) ilə də tərəfdaşlıq memorandumu imzalayıb.
Bu xəbər oxucular tərəfindən 2114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed