04.02.2013 [13:18] - Türkün şanlı tarixi
Zəmanəsinin nadir şəxsiyyəti, böyük mesenat
Azərbaycanda ilk azərbaycançılıq ideallarının, milli sahibkarlığımızın, xeyriyyəçilik ənənələrinin, maarifçilik ideyalarının həyata keçirilməsinin banisi Hacı Zeynalabdin Tağıyevin 190 yaşı tamam olub.
Bütün varlığı ilə tərəqqipərvər və maarifçi insan olan Hacı Zeynalabdin Məmmədtağı oğlu Tağıyev 1823-cü il yanvar ayının 25-də Bakıda İçərişəhərdə anadan olub. 1924-cü il sentyabr ayının 1-də Mərdəkandakı bağında 101 yaşında öz əcəli ilə vəfat etmiş, vəsiyyətinə əsasən Bakıda və Abşeronda yaxşı tanınan Axund Hacı Abuturab Axundzadənin Pirhəsən qəbristanlığındakı məqbərəsi yanında dəfn olunmuşdur. Doğum tarixi Azərbaycan Sovet Ensiklopediyasının 9-cu cildinin 121-ci səhifəsindəki məqalədə 1838-ci il göstərilsə də, H.Z.Tağıyevin sinnisi sovet dövründə bu günədək böyük mübahisələrə səbəb olmuşdur. Lakin nəhayət qızı Sara xanım Tağıyeva böyük məhəbbətlə sevdiyi və "burjuy" damğası vurulmuş atası Zeynalabdin Məmmədtağı oğlunun hüquqlarının müdafiəsinə çalışdığı zamanlarda onun doğum şəhadətnaməsini də ortalığa qoyaraq israr və təsdiq edirdi ki, atası 101 yaşında dünyasını dəyişib. Hacının hələ öz sağlığında 15 il yaşını kiçiltməsi ikinci izdivacı ilə bağlıdır. Məlum olduğu kimi o, 73 yaşında ikən Dərbəndli general Ərəblinskinin 16 yaşlı qızı Sona xanımla evlənmişdi. Yəni çar üsul-idarəsinin əyalətlərdə təbəələrinin evlənməsinin və övrət ilə özü arasındakı yaş fərqinin müəyyən hədləri var idi. Bu hədləri aşmaq və qanunlara riayət etməmək məmur və zadəganlara xüsusilə qadağan idi. Bu nöqteyi-nəzərdən təkcə evində gizlədiyi doğum şəhadətnaməsindən savayı XIX əsrin sonu, XX əsrin əvvəllərindəki bəzi sənədlərdə H.Z.Tağıyevin təvəllüdü 1838-ci il kimi göstərilir. Həqiqət isə belədir: 1823-cü il 25 yanvar. 101-il yaşayan Hacı öz əcəli ilə həyatdan köçmüşdür. Yoxsa, qırmızı bolşeviklər Hacının maddi sərvətini tar-mar etdiyi kimi, ailəsi kimi, özünü də fiziki cəhətdən məhv edərdilər. Hərçənd ki, bolşevik-sovet rejiminin sonrakı illərində onun ailəsinə onsuz da divan tutuldu. Həbslər və sürgünlər, repressiya və mənəvi terror Tağıyevlər ailəsini tarımar etdi.
Nəcib və xeyirxah insan H.Z.Tağıyev zəmanəsinin ən varlı şəxsiyyətlərindən sayılsa da, o dövrdə ondan da varlılar var idi. Hacının isə ən böyük varı xalqına böyük məhəbbəti, millətinin inkişafı idi. Bunun üçün o, bütün imkanlarından, mal-dövlətindən və sərmayəsindən istifadə edirdi.
O, Azərbaycan iqtisadiyyatının birtərəfli inkişafına qarşı çıxaraq yüngül sənaye müəssisələrinin işə salınmasına, bank, ticarət sektorunun inkişafına böyük zəhmət çəkmişdir.
Bir sahibkar kimi onun fəaliyyəti bu gün iqtisadiyyatımızı, sahibkarlığı inkişaf etdirənlər üçün əsl nümunədir. Hacının xeyriyyəçilik fəaliyyəti çox sadə və sağlam prinsiplərə əsaslanırdı. Hacının Duma üzvü kimi fəaliyyətinin də bir ali məqsədi var idi: xalqına, onun tərəqqisinə xidmət. Üstündən 100 il ötsə də, Azərbaycan xalqının tarixində bu ölməz şəxsiyyətə bərabər ikinci xeyriyyəçi yoxdur ki, Hacı Zeynalabdin Tağıyev kimi varidatının yarısını xalqının maariflənməsinə sərf etsin. H.Z.Tağıyevin sahibkarlıq və xeyriyyəçilik fəaliyyəti öz dövründə Azərbaycan mesenatlığının ən yüksək nöqtəsidir. Yəqin ki, tarix də belə şəxsiyyətləri əsrdən bir yetişdirir. XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri nəinki Azərbaycanda, ümumiyyətlə, Yaxın Şərqdə iqtisadiyyatın təşəkkülü, xeyriyyəçiliklə əlaqədar hər bir hadisədə Tağıyev dəst-xəttinin sorağı vardır. Həmin dövrün iqtisadiyyat, mədəniyyət və maarifin təşəkkül pillələrində Tağıyev əməyinin möhürü vurulmuşdur. Xalq arasında "el atası" titulunu qazanmış bu diplomsuz, lakin ən yaxşı iqtisadçı, bankir, memar, tacir, diplomat və həssas qəlbli, humanist olan Hacı Zeynalabdin Tağıyev sözün bütün çalarlarında saf bir insan idi. Müasirləri onu sonsuz mərhəmətli, son dərəcə ədalətli, müdrik və uzaqgörən bir şəxsiyyət kimi xatırlayır. Hacı yaxşı bilirdi ki, xalqın təhsilini inkişaf etdirmədən, maarifləndirmə işini köklü surətdə yaxşılaşdırmadan milli dirçəlişə nail olmaq mümkün deyil. Bu məqsədlə o öz dövründə 25-ə yaxın qəzet və jurnalın nəşrinə himayədarlıq etmiş və ölkəmizdə ilk qız və oğlan məktəbinin, darülmüəllimin, ilk teatrın, ilk ağır və yüngül sənaye müəssisələrinin, Bakıya kənardan çəkilmiş ilk möhtəşəm Şollar su kəmərinin, ilk gəmi tərsanəsinin müəllifi və Xəzər gəmiçiliyinin inkişafı da böyük neftxuda Tağıyevin adı ilə bağlıdır. 1901-ci ildə Bakıda Qızlar Seminariyasının açılması üçün 5 milyon qızıl pul sərmayə qoyan Hacı Zeynalabdin Tağıyev 1919-cu ildə Azərbaycan Dövlət Darülfünunun (BDU) açılmasında da dövlətə maddi yardımını əsirgəməmişdir. Bu barədə fikirlərini H.Z.Tağıyev "Tazə həyat" qəzetinin 1908-ci il 12 noyabr sayında belə açıqlayırdı: "Kasıb olduqlarından ata-anam mənə məhəbbət və nəvazişdən başqa heç nə verə bilməyib. Məndə olan bütün yaxşı cəhətlər üçün onların mənə olan sevgilərinə borcluyam. Şübhəsiz, bu da Allah-təalanın əmri ilə olub. Bütün işlərimlə yanaşı, fikrim-zikrim xalqımı xoşbəxtliyə, işıqlı gələcəyə, tərəqqiyə çatdırmaqdır. Buna görə də gecə-gündüz əlləşirəm. Məqsədə çatmaq üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib hər yerə-uzaq şəhər və kəndlərimizə göndərilməlidir".
Ölkənin o dövrdəki ictimai-siyasi və mədəni həyatında çox fəal iştirak edən Hacı Azərbaycan Xalq Cumhuriyyətinin qələbə çalması üçün də yardımlarını göstərmiş və daşnakların ağalığına son qoyulmasına var gücü ilə çalışmışdır. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cumhuriyyətinin rəhbərləri Hacı Zeynalabdin Tağıyevi özlərinin ağsaqqalı və himayədarı hesab edirdilər. Ədəbiyyat və ictimai fikir tariximizdə millət atasını öz sağlığında Nəriman Nərimanov qədər yüksək qiymətləndirən ikinci bir şəxsiyyət bəlkə də yoxdur. Hacının xaricə təhsil almağa göndərdiyi gənclər arasında Nərimanovun özü də olmuşdur.
Rusiyada, dünyada və Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələri diqqətlə izləyən Bakı şəhər Dumasının üzvü, dövlət müşaviri, bir sıra cəmiyyət və birliklərin yaradılmasının təşəbbüskarı, mütərəqqi yeniliklərin müdafiəçisi və çoxsaylı cəsarətli və xeyirxah işlərin müəllifi Hacının qürur duymalı və öyünməli xidmətləri çoxtərəflidir. 1900-cü ildə Nəriman Nərimanov onların bir milyon manat qızıl pul dəyərində olduğunu qeyd edirdi. Bu halda o, "Hacı Zeynalabdin Tağıyevin 50 illik məişəti və cəmaətə xidmətləri" monoqrafiyasında yazırdı: "Qeyrətli Hacının Vətənə, millətə və insana olan himmətindən sonra xarici millət deyə bilərmi müsəlmanlar nadan, vəhşi camaat və dövlət işinə yaramayan tayfadır?". Hacı haqqında 1904 və 1906-cı illərdə "Himmət ər-ricat" ("Kişilərin himməti") adlı ikicildlik kitab çap olunmuşdur. Bu kitablara H.Z.Tağıyevin millət və dövlət xadimi kimi çoxillik fəaliyyətini işıqlandıran sənədlər, Yaxın Şərqdə ilk qız məktəbinin açılması münasibətilə ona göndərilən məktub və teleqramlar, Hacıya həsr edilmiş məqalə və şeirlər toplanmışdır. Hacının həyat və fəaliyyətinə aid bu sənədlərdən məlum olur ki, o, bütün Rusiyada və müsəlman Şərqində yaxşı tanınmış və sevilmişdir. Bununla yanaşı, Hacının düşmənləri, rəqibləri və əleyhdarları da çox olmuşdur. Xüsusilə erməni sahibkarları əlbir şəkildə gizlincə daim Hacının əleyhinə iş aparmış, onu şərləmək, hörmətdən salmaq, müflisləşdirmək üçün dəridən-qabıqdan çıxmışdır. Xalq arasında və çar hökuməti yanında nüfuzdan salmaq, müxtəlif hiylələrlə əmlakını qarət etmək, özünü qətlə yetirmək üçün erməni daşnak qruplaşması ən müxtəlif vasitələrə əl atmış, lakin Hacının zəkası və iti ağlı müqabilində onlar iyrənc niyyətlərinə çata bilməmişlər. Bütün bunlar o dövrün Azərbaycan, rus, ingilis, alman, fransız, İran və Türkiyə mətbuatında, eyni zamanda, xarici kəşfiyyatın arxiv materiallarında öz əksini tapmışdır. Çox təəssüf ki, H.Z.Tağıyevin 1920-1924-cü illərdə N.Nərimanovun təkid və tövsiyəsi ilə ona təyin olunmuş mirzəyə diktə edib yazdırdığı "Xatiratlar" adlı əlyazma bu günə kimi tapılmamışdır. Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixinin unikal bir dövründə-xalqın milli təşəkkülü dövründə yaşamış bir şəxsiyyətdir. Onun keşməkeşli həyat yolunu araşdırmaq az qala o dövrün tarixini öyrənmək deməkdir.
H.Z.Tağıyev anadan olandan cəmi 5 il sonra Türkmənçay müqaviləsi ilə Azərbaycan bütövlükdə çar Rusiyasının müstəmləkəsinə çevrilmişdi. Bu, müsibətlərlə dolu olan müdhiş bir keçid dövrü idi. Belə bir dövrdə Hacı Zeynalabdin Tağıyev və onun yüzlərlə, minlərlə müasiri real həyatdan çox ideal həyata ehtiyac hiss edir və ona can atırdılar. H.Z.Tağıyev də məhz uzaq, azad gələcəyə boylanan vətənpərvər soydaşlarımızdan idi. Hacının böyüklüyünü, dahiyanə müdrikliyini qələmə alan N.Nərimanov onu 1920-ci ildə bolşevik maskası taxmış erməni-daşnak "inqilabçılarının" hücumlarından müdafiə edərkən deyirdi: "Hacı elə-belə, adi adam deyil. O, Azərbaycan xalqının heç bir qatışığı olmayan təmiz, saf bir zatdır. Bu böyük insan hər birimizdən on dəfə artıq vətənpərvər, on dəfə artıq maarifçi, on dəfə artıq demokrat və on dəfə artıq inqilabçıdır".
Öz dövründə Üzeyir Hacıbəyli kimi dahi bəstəkar ona musiqi əsəri, Nəriman Nərimanov nəsr əsəri, Hüseyn Cavid kimi filosof şair gözəl poeziya nümunəsi həsr etmişdir. 70 il sovet rejimi dövründə Tağıyev proletariatın düşməni olan "burjuy" kimi arxivin alt qatına atılsa da, xalqın qəlbindən səmimi məhəbbəti qoparıla bilmədi.
Əlindən neft və milyonlar səltənəti alınsa da, tikib-yaratdığı unikal binalar, müəssisələr, hətta təbii saxsı Şollar su boruları da sənət abidələri kimi hələ əsrlərlə yaşayacaq. Təkcə xüsusi mülkü olan qırx hücrəli indiki Tarix Muzeyi kifayətdir ki, paytaxtımıza qonaq gələnlərdə bu nadir şəxsiyyət haqqında təsəvvür yaratsın. Hacı Zeynalabdinin əsl bəraəti də məhz Azərbaycanın ikinci dəfə müstəqilliyi illərinə təsadüf edir. Bu dövrdə yaxın və bu günümüzədək xalqımızın milli iftixarı, böyük mesenat H.Z.Tağıyev haqqında bir çox bitkin və dəyərli əsərlər yaradılıb. Görkəmli yazıçılarımız və şairlərimiz-Qılman İlkin, Manaf Süleymanov, Oqtay Salamzadə, Teyyub Qurban, Balasadıq, Əli Əmirli və bu sətirlərin müəllifi də H.Z.Tağıyevin parlaq obrazını əsərlərində tərənnüm etmiş və onun fəaliyyətini tədqiq etmişlər.
Əlbət ki, sıradan olan kiçik yazıda böyük qəlbli insan haqqında hər şeyi demək mümkünsüzdür. Necə ki, vaxtilə "Kaspi" qəzeti onun haqqında yazırdı:
"Əgər biz cənab Hacının himayədarlığından və xəlqə olan səxavətindən yazsaq, onda gərək qəzetimiz bir il bütün saylarını buna həsr edə..."
H.Z.Tağıyevin zəngin irsini dəyərləndirənlər arasında onun çox sevdiyi əziz və istəkli qızı Sara xanıma həyan olanlar- mərhum akademik Ziya Bünyadov, Vəli Məmmədov, Ziyad Səmədzadə, Rəhim Hüseynov, Nadir Quliyev, Arif Ağayev, Aybəniz Vəkilova, memar Nəriman Əliyev, Zemfira Kürdəxanılı bu sətirlərin müəllifi və başqaları bu çəlimsiz, lakin atasının əsl fədaisinə maddi və mənəvi dayaq olublar. Əslində atası haqqında sənədlər olan nimdaş çantası ilə çox məmur qapılarını döyüb onun tərəqqipərvər və maarifpərvər "el atası", təmiz, saf, təəssübkeş azərbaycanlı olduğunu sübuta yetirmək istəyirdi Sara xanım. Ömrünün 92-ci ilində Allah-təala ona nəsib etdi ki, H.Z.Tağıyevin qəbri üstə xalq məhəbbətinin rəmzi olan mərhum Arif Mansurovun düzəltdirdiyi büstü görsün, Tağıyev küçəsi, qəsəbəsi, kombinatı sözlərini eşitsin. Bu cüzi şeylərə də şükranlıq edən və gözlərini fani dünyaya rahat yuman Sara xanım bilmədi ki, 50-60 il ayrı yaşadığı, sürgünlərdə olan qızı Səfiyyə övladları ilə birgə Tağıyevin Mərdəkandakı bağ evinin bir hücrəsində məskunlaşıb. Bu gün atasının Mərdəkandakı bağ malikanəsi, doğulduğu Tarix Muzeyinin binası da qədirbilən, Azərbaycan tarixinin layiqli şəxsiyyətlərinə böyük həssaslıqla yanaşan ölkə Prezidenti cənab İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın xüsusi qayğısı ilə təmir edilib və Pirhəsən qəbristanlığında uyuyan müqəddəslərin - Hacı Mirabutalıb Ağanın, Hacı Zeynalabdin Tağıyevin və bir də Sara xanımın məzar sərdabələri yenidən qurularaq əsaslı şəkildə tikilib.
Hacıya dərin ehtiram bəsləyən azərbaycanlılar bu görkəmli şəxsiyyətin-Azərbaycanın milli iftixarı, böyük mesenat Hacı Zeynalabdin Tağıyevin xatirəsini daim yad edir.
25 yanvar təqvimi Azərbaycan tarixində məhz milləti və xalqının inkişafı üçün sərmayələrini əsirgəməyən, dövrün çox nüfuzlu bir şəxsiyyəti sayılan, Rusiyanın və Yaxın Şərqin bir çox mühüm işlərində şəxsi imzası olan, bir zamanlar Rusiya İmperiyasının Qafqaz üzrə xüsusi müşaviri kimi fəaliyyət göstərən maarifpərvər mesenat Hacı Zeynalabdin Tağıyevin doğum günü kimi əbədiləşmişdir.
Tale ömrünə xalq sevgisindən don biçənlər əbədi olaraq xalqın qəlbində yaşayırlar. Nəriman Nərimanovun təbirincə desək, milləti üçün yananları milləti heç zaman unutmur.
Yazı "Bakı xəbər" qəzetinin 25 yanvar 2013-cü il tarixli sayında dərc olunub.
Müəllif: Mirvari Rəhimzadə, Əməkdar jurnalist

Bu xəbər oxucular tərəfindən 4078 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |