Şrift:
Akif Aşırlı: "Cəmil Həsənli tarixi təhrif edib, Əkrəm Əylisini müdafiə etməməli idi"
05.02.2013 [11:19] - Xəbərlər, Sosial
"Əkrəm Əylisinin "Daş yuxular" əsəri qınanılmalıdır, ona mənəvi cəza verilməlidir.

Mənəvi cəza da onda olacaq ki, hamı Əkrəm Əylisini qınayacaq. Təbii ki, indi orta əsrlər dövrü deyil, onun linc edilməsi, daş-qalağa tutulması düzgün mövqe ola bilməz".
Bu sözləri açıqlamasında "Şərq" qəzetinin baş redaktoru, mətbuat tarixi tədqiqatçısı Akif Aşırlı deyib. O, Əkrəm Əylislinin Azərbaycanda, Anadoluda ermənilərin yaşatdığı faciələri bir kənara qoyub onları müdafiə etməsini, tarixi faktları təhrif edərək haqsız durumda olan erməniləri dəstəkləyərək belə roman yazmasını təəssüflə qeyd edib:

"Əkrəm Əylisli kimi ustad qəbul etdiyimiz yazıçının tarixi faktlardan uzaq, millətini aşağılayacaq bir romanın ortaya qoyması təbii ki, məni təəssüfləndirir. Digər məqam ondadır ki, cəmiyyətdə ziyalı kimi qəbul etdiyimiz bəzi insanlar həmin əsəri və Əkrəm Əylisini bu və ya digər dərəcədə müdafiə mövqeyindədirlər. Bunların içərisində mənə BDU-da dərs demiş və diplom işimdə opponentlik etmiş Cəmil Həsənli də var. C.Həsənlinin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatları həqiqətən əvəzsizdir. Çox təəssüf ki, bu gün Cəmil Həsənli öz yazdıqlarının əleyhinədir, siyasi yönümündən və bugünkü siyasi baxışlarından, hakimiyyətə münasibətindən çıxış edərək öz yazdıqlarının üstündən qələm çəkir. Cəmil Həsənli məgər arxivlərdə saxlanılan çoxsaylı sənədləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı istintaq təhqiqat komissiyasının 7 cildlik təhqiqatını oxumayıbmı? Təkcə ermənilərin Şamaxıda törətdikləri soyqırımla bağlı 7 min sənəd var. Cəmil müəllim Əkrəm Əylislidən fərqli olaraq bilir ki, 1918-ci ilin martın 31-dən aprelin 2-dək ermənilər təkcə Bakıda 18 min azərbaycanlını qətlə yetirib. Bu gün qəbul etmədiyimiz bolşevik mənbələri də bunu təsdiqləyir, sadəcə 5 min insanın qətlə yetirilmədiyini yazır. İngilis mənbələri bu rəqəmin 21 min olduğunu qeyd edir. Bəs bunları bilə-bilə niyə Cəmil Həsənli Əkrəm Əylisini müdafiə edir?"

Akif Aşırlı bildirib ki, burada kimsə iqtidarı qəbul edib-etməyə bilər, bu onun siyasi baxışından asılı olan məsələdir. Ancaq elə məsələlər var ki, bu ümummilli məsələdir və millətin gələcəyi, tarixi ilə bağlı təhriflərə yol vermək, xalqı aşağılamaq olmaz.

"Əkrəm Əylislini müdafiə edənlər qeyd edir ki, bu guya bədii əsərdir və burada tarixçilik etmək istəmir. Bədii-tarixi əsər yazırsansa, real tarixi faktları niyə təhrif edirsən? Anadoluda ermənilərin kütləvi qətlə yetirilməsindən yazırsansa bunu hansı mənbələrə istinad edibsən? Bəs o bilmir ki, Şərqi Anadoluda ermənilər nə qədər türkü qətlə yetirib? İndi həmin bölgələrdə toplu məzarlıqlar var. Niyə Cəmil Həsənli bunu Əkrəm Əylisliyə irad tutmur və demir ki, "bədii əsərdə" aşağılanan Türk Paşası olmasaydı, Bakıda, Naxçıvanda, Qarabağda azərbaycanlı qalmayacaqdı?

Əkrəm Əylislinin "bu əsəri"ni oxuduğunu deyən, orda bir cümlə belə barış ruhu oyadacaq, ipucu verəcək nəsə tapmadığını deyən A.Aşırlı yenə tarixə üz tutub: "1906-cı ildə Tiflisdə Azərbaycan-erməni qurultayı keçirildi. Bu qurultayda erməni ziyalılarından fərqli olaraq Azərbaycan ziyalılarından Əlimərdan Topçubaşov, Əhməd bəy Ağaoğlu və bir neçə nəfər iştirak edirdi. Ermənilər yenə də kompromisə gəlmədilər. Ə.Ağaoğlu orada söylədi ki, nə vaxta kimi Daşnaksütyun Partiyası silahı yerə qoymayacaq, Qafqaz "qan hamamı"na dönəcək. İndi bu gün də Ermənistanda Daşnaksütyun Partiyası, onun platforması hakimiyyətdədir. Bizim ziyalılar bunu bilə-bilə kimi müdafiə edir?"

"Cəmil Həsənli 50-60-ci illərdə Azərbaycan ziyalılarının milli mücadiləsini yazıb. Əsl ziyalılar Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, İsa Hüseynov idi, Azərbaycanın milli marağından, mövqeyindən çıxış edirdilər. Bu idi ziyalı mövqeyi, millətin mövqeyinin müdafiəsi", - deyə qeyd edən A.Aşırlı vurğulayıb ki, yazıda bir cürə mövqe qoyub, baxışda digər mövqe müdafiə eləmək heç bir ziyalıya yaraşmır. Onun sözlərinə görə, Əkrəm Əylisli tarixçi deyilsə, hadisələrə tarixi prizmadan da yanaşa bilməzdi.

"Onun qeyd etdiyi kilsələr alban kilsələridir, Qazaxda, Gədəbəydə, Dağlıq Qarabağda var, hansı ki, ermənilər onları 1830-cu illərdən sonra özününküləşdirib. Bunlar orta məktəb yaşlı şagirdin biləcəyi məlumatlardır. Bunları yazmaqla Əkrəm Əylisli niyə erməni kilsələrinin qeydinə qalır?.. Elə məsələlər var ki, burada iqtidar-müxalifət söhbəti olmamalıdır, bunlar ümummilli məsələlərdir".

Akif Aşırlı bildirib ki, Əkrəm Əylislini müdafiə edənlər onu müdafiə etməklə özlərinin ziyalılıq statusuna çox böyük xələl gətiriblər. "Bəlkə də özləri daxilən bunu bilirlər. Sadəcə, bugünkü siyasi baxışları buna imkan vermir. Əkrəm Əylisli heç cür müdafiəyə layiq deyil. Bu gün Əkrəm Əylisli Daşnaküstyun Partiyasının siyasətini müdafiə edir, ona görə o, müdafiə olunmamalıdır".

Aytən Əliyeva/Modern.az
Bu xəbər oxucular tərəfindən 1155 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed