Şrift:
TQDK-dan ÇAĞIRIŞ!
05.02.2013 [12:13] - Sosial
Ötən il Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 43,21 faizi (41682 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, IV qrupda fizika fənni üzrə sıfır balın faizi daha çoxdur. Qəbul imtahanlarında iştirak edən abituriyentlərin 43,21 faizi imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib.

Məlumatda qeyd olunub ki, TQDK şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, həmçinin ümum təhsil məktəblərində tədris olunan bütün fənlərə lazımi diqqət göstərməsinin tərəfdarıdır: “Heç kəsə sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin əsasən seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə, heç olmasa proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur. Məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidirlər.

Qəbul imtahanlarının nəticələrinin təhlili göstərir ki, abituriyentlərin bilik, bacarıq və vərdişlərində olan çatışmazlıqların bir qismi onların söz ehtiyatının az olması ilə əlaqədardır. Bu da yuxarı siniflər üçün rus dili proqramı və bəzi dərsliklərdə, elmi-metodiki və tədris vəsaitlərində olan qüsurlardan irəli gəlir. Çatışmazlıqların digər qismi isə tədris prosesində bu istiqamətə az diqqət verilməsi ilə əlaqədardır. Yuxarıda qeyd olunan qüsurları aradan qaldırmaq üçün tədris prosesində şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsinə, sözlər arasında qrammatik və məna əlaqələri qurmaq, öyrənilən material üzərində müxtəlif məntiqi əməliyyatlar aparmaq kimi bacarıq və vərdişlərinin formalaşdırılmasına xüsusi diqqət yetirmək lazımdır”.
Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed