Şrift:
“Kitayski” kəklikotuyla Qarabağı unutmaq
05.02.2013 [12:22] - DAVAMın yazıları
Xuraman HÜSEYNZADƏ

Şəhər əhli dərdini dənizə, kənd camaatı dağlara danışar. İsmayıl kişinin dənizə “quşu qonmurdu”, dağlar isə… Yəni onun dərdini danışacağı dağlar artıq bizdən çooox uzaqlardadı. İnsanlardan uzaq qaçırdı. Dərdləşməmək dərdi apardı İsmayıl kişini. Elə bilirəm, 2013-ün hüznlü, sakit gəlişinin bir səbəbi də onun ölümüydü. Qarabağın son parçası hesab etdiyim bir insanın yeri bizdən beş ev o tərəfdə boş qaldı…
Qarabağsızlığın bir parçasının yeri göynəyir indi. Yorğun-arğın evə gələndə görərdim ki, eynən babam kimi başını əsasına söykəyərək darvazanın ağzında darıxmağın daşını atmaqla məşğuldu… Bəzən isti havalarda mürgüləyərdi. Yaxınlaşmağa ürək eləməzdim. Dindirən kimi gözləri dolardı. Dolardı və birdən şəlalə kimi coşub-daşardı. Kişi hönkür-hönkür ağlayardı. Belə anlarda uşaq vaxtı Ağdərənin Umudlu kəndində gördüyüm bir şəlalə yadıma düşərdi. Kişinin “zəif damarını” tutmuşdum: “İsmayıl əmi, Umudludakı şəlaləyə bəznəyir gözlərin…” Tez cibindən dəsmalını çıxarıb gözlərini silərdi və… sakitləşərdi, toxdayardı… “Toxdamaq” sözünün mənasını soruşsalar, bir cümlə ilə belə ifadə edərdim: Bu söz İsmayıl əminin Qarabağa bənzədilməsinin sevincini necə yaşamasına deyilir.
Bu kişi Qarabağın daşına, torpağına, çınqılına, havasına bənzədilməkdən mazoxistcəsinə zövq alırdı. “İsmayıl əmi, əllərin Qiyaslının torpağı kimi cadarlanıb”, “Gözlərin Laçının buludları kimi dolub” və s. belə epitetlər onun ovqatını tamam dəyişərdi: həmən gözlərində bir ümid qığılcımı parlayardı… Rəhmətə gedib unudulmuş bir insanı doğmasına xoş xatirələrlə xatırlayanda necə olarsa, elə olardı…
Bir də gördün, hardansa ermənilərin Qarabağda təlim keçməsi, yaxud müharibə başlayacağı haqda xəbər eşidib bizə gəlib. Darvazanı əsası ilə astaca döyməsindən tanıyardım kişini. Şuşalı elitarlığını hər hərəkətində göstərərdi. “A qızım, sən bilərsən, deyillər müharibə başdıyajax, düzdü?” (Mənə üz tutmasının səbəbi mediadan xəbərdar olmağımla bağlı idi) Bu sözləri deyərkən sevincdən parlayan gözlərinə baxıb kövrəldiyim, cavab vermədiyim və sakitcə üzünü çevirib getdiyi günlər o qədər olmuşdu ki…
Hərdən darıxanda gedərdim onlara. Mən gedəndə qar yağsa da gəlinlərinə çöldə samovar qalatdırırdı. Çay mütləq kəklikotu, qantəpərlə dəmlənməliydi. Kişi nostalgiyadan ayrıla bilmirdi. Çay içə-içə gözləri uzaqlara zillənərdi: “Ehh, a qızım, sizin nəsil bizim kəklikotunun, qantəpərin dadını bilmədi. “Kitayski” kəklikotularla Qarabağı sizə unutduracaqlar…” Bir də başqa ləhcəni qəbul eləməzdi. Onun yanında “j” ilə danışmamaq bir növ ədalətsizlik və protokol qaydalarından kənara çıxmaq idi. Sevməzdi…
Qarabağın artıq qürbət də olmadığını deyirdi: “Nədisə, qürbət onun yanında toya getməlidi. Qarabağ şəhid olub.” Hamını inandırırdı ki, ölsə, Qarabağsızlıqdan öləcək…
***
Söhbətimiz tutardı. Səbrsiz gənclərimizə baxanda, özümə şükr edirəm, düzü. İşim nə qədər vacib olursa, olsun, bir dəfə də yaşlı adamların qəlbinə dəyə bilmədim, səbrlə dinlədim onları, uşaqlara soruşduqları sözü səbrlə, qavrayanadək başa saldım. Universitetdə oxuyanda müəllimlərimdən ən çox əxz etdiyim səbrlilik, insanlarla təmkinlə davranmaq xüsusiyyəti oldu. İndi fikirləşirəm ki, nə yaxşı səbrimin coğrafiyası genişdi, nə yaxşı o kişinin bir dəfə olsun, könlünə toxunmadım. Nə yaxşı!.. Söhbətimiz ona görə tuturdu ki, uşaqlığım Qarabağda keçmişdi. O torpaqlar alınmamışdan az öncə də Qarabağda olmuşdum və həmin günlərin xatirələri indi uşaqlıq xatirələrimin fövqündə durur.
***
Mütaliəli adam idi. İncili, Tövratı oxumuşdu, Quranı əzbər bilirdi. Nəvələri internet vasitəsilə ona ədəbiyyatdakı, siyasətdəki hadisələri, kataklizmləri oxuyurdular. Gəlinlərinə ucadan roman oxutdurardı. “Niyə nəvələrinizə yox, gəlinlərinizə oxutdurursunuz” sualıma belə cavab vermişdi: “Onlar anadırlar. Oxusunlar ki, övladlarının tərbiyəsi ilə daha yaxşı məşğul olsunlar.” Sonuncu ədəbiyyat söhbətimiz Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanı olmuşdu. Öz otağında Üzeyir Hacıbəyovun şəkilini asmışdı.
…Və bir gün Qarabağsızlıq Əzrayıl cildində onun başının üstünü aldı. Heç xəbərim olmadı bu qəfil “gəlişdən”. Ən azından, toxdaqlıq verə bilərdim. Ən azından ruhunun Qarabağa gedəcəyi ilə təskinlik tapardı. Hərçənd ruha da etibarı qalmamışdı. Deyirdi ki, öz oğullarımız bizi qoyub qaçdı, qırğına verdi, ruh guya etibarlı olacaq? Sağ-gözündən sol gözünə inanmırdısa, ruha hardan etibar edəcəkdi?
2013-ün ilk günü səhər dünyasını dəyişdi. Şəhərə tərəf gedirdim. Taybatay açıq qalmış küçə qapıları, dəmir qapının başına bağlanmış qara lent, qapıya yığışmış adamlar… Gözlərim doldu, nitqim tutuldu… Qarabağ ikinci dəfə şəhid oldu, sandım. Qarabağsızlıq dərdi daha bir insanı qətlə yetirdi. Bakıdakı Şuşa havası, Umudlu şəlaləsi, Qiyaslı torpağı, Laçın dağları dəfn olundu. İsmayıl əmi gördüyüm Qarabağın son nişanı kimi torpağın bağrına sancıldı…
Bir də Üzeyir Hacıbəyovun portreti öz otaq yoldaşının xiffətini edəcək…
***
Burdan Qarabağa qədər qarabağlı məzarlığı uzanmaqdadır. Xəbərimiz yox… Bəlkə də biz Qarabağa o zaman gedəcəyik ki, Bakıda qarabağlıları dəfn etməyə torpaq qalmayacaq. Bəlkə o zaman ayılacağıq.
Öz sözümlə yazını tamamlayıram: Mənim ümidim nəinki ölür, heç qrip də olmur…
Bu xəbər oxucular tərəfindən 1411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed