Şrift:
“Təhsil krediti” haqqında qanun niyə yubanır
05.02.2013 [13:21] - Hüquq
Vahid Əhmədov: “Banklar və onların verdiyi bank faizləri məsələsində bəzi problemlər mövcuddur”

Əjdər Ağayev: “Belə bir qanun nə qədər tez qəbul olunarsa, bir o qədər yaxşıdır.”

Azərbaycanda «Təhsil kreditləri haqqında» qanun layihəsinin parlamentin yaz sessiyasının gündəliyinə daxil edilməməsi Milli Məclisin İqtisadi siyasət komitəsinin bəzi üzvlərinin narazılığına səbəb olub. Bununla bağlı qanun layihəsinin müəllifləri olan millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli komitənin son iclasında çıxışlarında həmin sənədin qəbul edilməsinin mühüm əhəmiyyət daşıdığını, bəzi hallarda tələbələrin təhsil haqqını ödəyə bilmədiyinə görə ali məktəbi tərk etməyə məcbur olduqlarını bildiriblər. Vahid Əhmədov qanun layihəsinin qəbuluna bəzi bank və qeyri-bank təşkilatlarının maneə olduğunu da söyləyib. Qeyd edək ki, təhsil krediti təhsil haqqını ödəmək iqtidarında olmayan tələbələr üçün nəzərdə tutulub ki, ondan yararlanmaqla ali məktəbdə oxuyanlar təhsillərini başa çatdırmaq imkanı əldə edə bilərlər. Lakin Azərbaycanda həqiqətən də banklar tələbələrə təhsil krediti verməkdə maraqlı deyillər. Ölkədəki bank sektoru tələbələrə aşağı faizlə kredit verməyə o qədər də həvəs göstərmir. Prosesin reallaşmasına kimlərin və nə səbəbdən əngəl olduğunu ekspertlərlə dəyərləndirdik.
Millət vəkili Vahid Əhmədov prosesin reallaşmasına bank sisteminin əngəl olduğunu vurğuladı: «Təhsil krediti haqqında» qanunun reallaşmasına maneə olan və mübahisə doğuran bir neçə məsələ var. Bu qanun layihəsini Əli Məsimli ilə birgə tərtib etmişik. Müvafiq komitədə müzakirə olunub. Amma müzakirələr nəticəsində məlum olub ki, banklar və onların verdiyi bank faizləri məsələsində bəzi problemlər mövcuddur. Bütün bunlarla yanaşı parlamentin müvafiq komitəsində məsələyə yenidən qayıtmaqla bağlı ümumi razılıq var. Qanunun qəbulu olduqca vacibdir. Düzdür, son vaxtlar belə məlumatlar da yayılır ki, guya təhsil pulsuz olacaq. Amma fakt odur ki, bəzi tələbələr təhsil haqqını ödəyə bilmədiyindən normal oxuya, təhsilini başa çatdıra bilməyərək onu yarımçıq qoymalı olur. Bu istiqamətdə çoxsaylı şikayətlər gəlib. Ona görə də problemdən çıxış yolunu «Təhsil krediti haqqında» qanunun qəbulunda görürük. Çalışacağıq ki, məsələni parlamentin gündəliyinə sala bilək. Layihədə sosial məqamları da nəzərə almışıq. Belə ki, krediti qaytarmaq prosesində problemlər yaşayan tələbələrə faizsiz kreditin verilməsi məsələsi də ortadadır. Eyni zamanda, təhsil kreditinin faizi 5 faiz dərəcəsində nəzərdə tutulub. Amma bilirsiniz ki, hazırda banklar krediti 5 faizlik dərəcə ilə vermir. Onların faiz dərəcəsi 20 faizdən aşağı düşmür. Ən yuxarısı isə 30-35 faizə qədərdir. Bu səbəbdən də hələlik bankların tələbləri qarşısında acizik. Lakin problemin həlli üçün başqa yollar da var. Dövlət büdcəsinə ayrılan vəsaitlər vasitəsilə fond yaratmaqla həmin prosesə müəyyən vəsait ayırmaq olar. Əsas odur ki, sözügedən qanun tezliklə qəbul olunaraq, işlək vəziyyətə gətirilsin. Əhalinin oxumaq istəyən, amma təhsil haqqını ödəyə bilməyən təbəqəsi bu imkandan yararlanmalıdır. Elə tələbələr var ki, imkanlı olduğundan pullu təhsil alır, amma sonradan dövlətə elə də ciddi fayda vermirlər. Digərləri isə gələcəkdə dövlətə geniş fayda vermək gücündə olsalar da vəsait qıtlığından təhsil haqlarını ödəyə bilmir. Belədə də təhsildən kənarda qalırlar. Hansı ki, dövlətin gələcəyi üçün onların təhsil alması daha vacibdir. Bu yolda da onlara təhsil kreditləri yardımçı ola bilər. Layihədə tələbənin banklardan aldığı təhsil kreditini işləməyə başladıqdan iki il sonra ödəməsiı müddəası da var. Görünür, bu amil də bankları qane etmir. Onlar həmin müddətin də maksimum azaldılmasına çalışırlar. Əsas odur ki, qanun layihəsi parlamentin müzakirəsinə çıxarılsın, burada yeni təkliflər olsa, onları da nəzərə ala bilərik».
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə məsələ barədə konkret rəy bildirməkdən yayındı: ”Təhsil krediti haqqında” qanun qüvvəyə minərsə, təhsil pulunu ödəmək imkanında olmayan bir çox bacarıqlı tələbələrin ali məktəbləri bitirmələrinə yardımçı olar. Ona görə də belə bir qanun nə qədər tez qəbul olunarsa, bir o qədər yaxşıdır. Lakin nədənsə həmin qanun layihəsi uzun müddətdir müzakirə olunsa da, hələlik bir nəticə hasil olmayıb. Bu qanunun qüvvəyə minməsilə tələbələr kredit götürüb, onun vasitəsilə ali məktəbləri bitirəcək, sonra isə müəyyən yerdə işləməklə krediti qaytaracaqlar. Tələbələr həmin krebiti 15-20 il ərzində hissə-hissə qaytara bilərlər. Lakin prosesin reallaşmasına nələrin və yaxud kimlərin maneə olduğu barədə nəsə deyə bilmərəm. Zənnimcə, məsələnin reallaşması üçün mexanizm formalaşmalıdır. Amma görünür, mexanizmi formalaşdırmaq məsələsində hələ ki, tərəflər konkret razılığa gələ bilməyiblər».
Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed