Şrift:
Ermənilər AVRONEST-in Bakı iclasından imtina etdilər
06.02.2013 [01:45] - Xəbərlər, Siyasət
Ermənistanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyəti təşkilatın Bakıda keçiriləcək iclasına qatılmayacaq.

Bu barədə Ermənistanın “Joxovurd” qəzeti rəsmi qaynaqlara istinadən məlumat yayıb. Bildirilib ki, dünən AVRONEST -in erməni heyətinin toplantısında Brüssel və Tiflisdəki iclaslara qatılmaq haqda qərar verilib. Həmin yığıncaq çərçivəsində erməni nümayəndə heyətinin taktikası də müzakirə edilib.

Qəzetin yazdığına görə, nümayəndə heyətinin rəhbəri Artan Zakaryan prezident seçkiləri ilə əlaqədar Bakıda keçiriləcək zirvə toplantısına qatılmayacaqlarını bildirib.

Qeyd edək ki, fevralın 12-13-də Bakıda AVRONEST Parlament Assambleyasının (PA) enerji təhlükəsizliyi komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycanın enerji siyasəti, Azərbaycanın birbaşa təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələri, eləcə də ölkəmizin regionun və Avropanın enerji təhlükəsizliyindəki yeri və rolu barədə bir sıra məsələlər müzakirə olunacaqdır.

Komitə iclasında Avropadan deputatlar və enerji sahəsində mütəxəssis iştirak edəcəkdir.

AVRONEST-in ötən il Bakıda keçirilmiş toplantısında erməni nümayəndə heyəti qalmaqal yaratmışdı.

Xatırladaq ki, Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri, millət vəkili Fuad Muradovdur.

Anar RÜSTƏMOV
Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed