Şrift:
Elektron ticarətə maraq artır
06.02.2013 [09:54] - Gündəm, Sosial
Nərmin İbrahimov: “Elektron ticarət zamanı alıcı vaxta və pula qənaət edir”

Son zamanlar bütün dünyada olduğu kimi, respublikamızda da onlayn alış-veriş imkanları genişlənir. Azərbaycanda bu sahədə müəyyən irəliləyişlər olsa da, bunu inkişaf etmiş bir sahə kimi qələmə vermək hələ tezdir. Bir neçə gün əvvəl ölkə Prezidentinin vətəndaşların nağdsız ödənişlərdən çox az istifadə etməsi barədə səsləndirdiyi iradlar və bu sahədə inkişafın təmin edilməsi məqsədi ilə Vergilər Nazirliyi qarşısında məsələ qaldırması bu mövzunu yenidən aktuallaşdırıb. Azərbaycanda elektron ticarət haqqında qanun 2005-ci ildə qəbul olunsa da, internetdən istifadənin az olması səbəbindən bu sahədə ilkin addımlar 2008-ci ildən atılıb. Belə ki, Azərbaycanda ilk dəfə internetə çıxış imkanları yarananda istifadəçi sayı çox az idi. Bunun əsas səbəbi internet paketi qiymətlərinin çox baha olması idi. 2009-cu ildən etibarən isə qiymətlər bir neçə dəfə azaldı və beləliklə, internetdən istifadə edənlərin sayında da kəskin artımlar qeydə alındı. Bu isə elektron ticarətlə tanışlığa və bu ticarətin istifadəsinə səbəb oldu. Lakin bu sahə Azərbaycanda öz təsdiqini tapmış, geniş yayılmış sahə deyil, çünki yeni yaranıb.
Məsələyə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nərmin İbrahimovanın sözlərinə görə, Azərbaycanda internet istifadəçilərinin sayı 3.7 milyondan çoxdur: "Əhalinin kənd və şəhər üzrə bölgüsünə əsasən, 52.9 faizi şəhərdə, 47.1 faizi isə kəndlərdə məskunlaşıb. Şəhər əhalisinin təxminən 50 faizi Abşeron yarımadasında yerləşir. Bu isə o deməkdir ki, internet istifadəçilərinin də böyük əksəriyyəti şəhər əhalisi, daha doğrusu, Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin payına düşür. Bu statistika isə onu deməyə əsas verir ki, ölkədə internet istifadəçilərinin şəhər və kənd əhalisi üzrə paylanmasında disproporsiya vardır. Regionlarda aktiv internet istifadəsinə ehtiyac duyulur. İnternet istifadəçiləri daha çox gənc nəslin nümayəndələridir və təbii ki, onlar alqı-satqı əməliyyatlarının aktiv istifadəçi təbəqəsi deyil. Elektron ticarət isə birbaşa internetdən asılı olduğu üçün regionlarda internetə olan marağın az olması bu sahənin inkişafına öz mənfi təsirini göstərir. Hazırda mobil telefon vasitəsilə də internetə çıxışın mümkünlüyü nəticəsində internet istifadəçilərinin böyük bir qismini mobil telefon istifadəçiləri təşkil edir. Bu isə hələ elektron ticarətə maraq yaradan səbəb deyil".
Ekspertin sözlərinə görə, elektron ticarətin tam inkişaf etməməsinin digər səbəbi bazarda hakim olan elektron ticarət veb-saytlarının mövcud olmaması ilə bağlıdır: "İnsanlarda bu vərdişi yaratmaq üçün elektron ticarətə müəyyən güzəştlər edilməlidir. Ən azından bu ticarətdə qiymətlər ənənəvi ticarətdən aşağı olmalıdır ki, insanlarda elektron ticarət vasitəsilə alış-veriş etmək üçün maraq yaransın. Azərbaycanda elektron ticarətin inkişafının gecikməsinin əsas göstəricisindən biri də ölkə əhalisinin az qismində plastik kartların olmasıdır. Baxmayaraq ki, ölkədə 5 milyona qədər plastik kart var, bunlardan böyük bir qismi, təxminən 80 faizi maaş və pensiyaların ödənilməsi məqsədi ilə vətəndaşlara verilən kartlardır. Digər tərəfdən, əhali plastik kartlardan əksər hallarda bankomatlardan nağd pulun çıxarılması məqsədi ilə istifadə edir".
Həmsöhbətimiz qeyd etdi ki, elektron ticarətin alıcılar, şirkətlər və ölkə üçün bir çox üstünlükləri var: "Elektron ticarət zamanı alıcı vaxta və pula qənaət edir, dövlət isə vergi sistemində şəffaflığa nail olur. Belə ki, elektron ticarət zamanı ödəmələr onlayn üsulla aparıldığından bütün hesablaşmalar qeydə alınır və vergiyə cəlb olunur, nəticədə vergidən yayınma halları praktik olaraq mümkün olmur. Ölkədə elektron ticarətin inkişafı üçün ilk növbədə insanları bu sahəyə cəlb etmək lazımdır. Bunun üçün isə müəyyən güzəştlər tətbiq edilməli və konkret addımlar atılmalıdır. Elektron ticarət sahibkar üçün də sərfəlidir. Təsəvvür edin ki, sizin bir mağazanız var və satış həyata keçirirsiniz. Siz hər ay icarə haqqı, işçilərə maaş, kommunal xərclər ödəyirsiniz. Lakin bu işi elektron ticarət vasitəsilə etsəniz, siz yalnız ayda cəmi 40 manat "hostinq" pulu ödəyirsiniz. Dövlət büdcəsində vergilərin xüsusi çəkisinin az olmasını nəzərə alsaq, Azərbaycan hökuməti bu sahəni inkişaf etdirməkdə birbaşa maraqlı olmalıdır. Bununla da vergidən yayınma halları minimuma enər və büdcədə vergilərin töhfəsi nəzərəçarpacaq dərəcədə artar".

Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed