Şrift:
"Ermənilərlə danışmağın mənası yoxdur" - Fərəc Quliyev
06.02.2013 [13:56] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Ermənistan özünün işğal siyasətini də planlı şəkildə həyata keçirir”

"Azərbaycanı bəhanə edib Avronest Parlament Assambleyasının enerji təhlükəsizliyi komitəsinin iclasında iştirak etməmək daha çox Rusiyanın siyasətinə qulluq etməkdir”

Fevralın 12-13-də Bakıda Avronest Parlament Assambleyasının enerji təhlükəsizliyi komitəsinin iclası keçiriləcək. Iclasda Azərbaycanın enerji siyasəti, ölkəmizin birbaşa təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələr, eləcə də Azərbaycanın regionun, həmçinin Avropanın enerji təhlükəsizliyindəki yeri və rolu barədə bir sıra məsələlər müzakirə olunacaq. Avronest Parlament Assambleyasının enerji təhlükəsizliyi komitəsinin iclasında avropalı deputatlar və enerji sahəsində mütəxəssislərin iştirakı nəzərdə tutulub. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Ermənistan nümayəndə heyəti Avronest Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti iclasında iştirak etməyəcəyini açıqlayıb. Bu ölkənin “Joxovurd” qəzeti rəsmi qaynaqlara istinadən məlumat yayıb ki, erməni heyəti Avronest Parlament Assambleyasının yalnız Belçikanın paytaxtı Brüssel və Gürcüstanda keçiriləcək iclaslarina qatılmaq barədə qərar verib. Qurumdakı erməni nümayəndə heyətinin rəhbəri Artan Zakaryan Avronest Parlament Assambleyasının enerji təhlükəsizliyi komitəsinin Azərbaycanda keçiriləcək iclasına qatılmamasını yaxın vaxtlarda Ermənistanda keçiriləcək prezident seçkiləri ilə əlaqələndirib. Avronest Parlament Asssambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Ermənistan tərəfinin Avronest Parlament Assambleyasının enerji təhlükəsizliyi komitəsinin Bakı iclasına qatılmamasının başlıca səbəbi barədə danışıb. Millət vəkili bildirib ki, ermənilər Rusiyanın göstərişi ilə Avronest Parlament Assambleyasının toplantılarına qatılmaqdan imtina edirlər. Fərəc Quliyevin sözlərinə görə, Rusiya əvvəldən Avronest Parlament Assambleyasının formalaşmasına qarşı olub və hər zaman qurumun bu və ya digər toplantılarının keçirilməsinə mane olmağa çalışıb. Bu prosesdə isə rəsmi Moskva Ermənistandan istifadə edir. Milli Dirçəliş Hərəkatı partiyasının sədri Ermənistandakı prezident seçkilər öncəsi yaranmış daxili siyasi gərginliyə də münasibət bildirib.

-Fərəc bəy, Ermənistan nümayəndə heyətinin “Avronest” Parlament Assambleyasının enerji təhlükəsizliyi komitəsinin Azərbaycanda keçiriləcək növbəti tədbirində iştirakdan imtina etməsini necə qiymətləndirirsiniz?

-Əgər Avronest Parlament Assambleyası öz iclaslarını hansısa ölkələrdən birində keçirirsə o demək deyil ki, bu həmin dövlətin tədbiridir. Bu Avronest Parlament Assambleyasının tədbiri hesab edilir. Ona görə bir bəhanə ilə bu tədbirdə işirak etməmək əslində dolayısıyla Avronest institutunun formalaşmasının əleyhinə getməkdir. Rusiya Avronest Parlament Assambleyasının formalaşmasını hər zaman əngəlləmək istəyib. Bu əngəlləmək rolunda da həmişə Ermənistan önəmli yer tutur. Ancaq Ermənistan öz iradəsi ilə bunu etmir. Rusiya çalışır ki, şərq tərəfdaşları ilə Avropa arasında əlaqələri qırmaqla həm Avropanın enerji təhlükəsizliyi məsələsini öz əlində saxlasın, həm Şərqi Avropanı imkan yarandıqca yenidən zəiflətsin və təsiri altına salsın, həm də şərq tərəfdaşlarını imperiya ambisiyaları ilə yaratmaq istədiyi Avrasiya bloku ətrafında toplamağa nail olsun. Onu da qeyd edim ki, bir vaxtlar Avronest Parlament Assambleyasının sosial komitəsinin Yerevanda keçirilən iclasında biz də iştirak etdik. Biz ona görə də Yerevana getdik ki, sonradan Avronest Parlament Assambleyasının Azərbaycanda keçirilən plenar iclasında ermənilər də iştirak etsin. Onlar da öz növbəsində həmin plenar iclasda iştirak etdilər. Yəni biz ermənilərə bəhanə vermək istəmirdik. Hələ iki əvvəl Avronest Parlament Assambleyasının ilk sessiyasını belə ermənilər pozmaq istəyirdilər. Onlar müəyyən qərarlara, hansısa qanunun qəbul edilməsinə mane olurdular. İndinin özündə də Azərbaycanı bəhanə edib Avronest Parlament Assambleyasının enerji təhlükısizliyi komitəsinin iclasında iştirak etməmək daha çox Rusiyanın siyasətinə qulluq etməkdir. Bu həm də ədalətin bərpa edilməsi üçün Ermənistanı asılı olan şeyləri rellaşdırmaqdan imtina etməkdir. Mən həmişə düşünmüşəm və bu gün də o fikirdəyəm ki, Ermənistan özünün əvvəldən planlaşdırdığı təcavüz planını həyata keçirir. O, türk torpaqları, qonşu dövlətlərin hesabına Böyük Ermənistan qurmaq iddiasındadır. Ermənistan özünün işğal siyasətini də planlı şəkildə həyata keçirir. Buna asimus-aqesmus, yəni təcavüzü əvvəlcədən planlaşdırma deyilir. Bütün bunlar bir daha onu sübut edir ki, ermənilərlə nəyisə danışmağın heç bir mənası yoxdur və ermənilər sonluğun sülh, danışıqlar yolu ilə bitməsinin əleyhinədir. Rusiya da öz növbəsində onun hərbi potensialını artırmaq, ona silah-sursat, dəstək verməklə Ermənistanı bir qədər də şirnikləşdirib. Bu addım da Rusiya-Erməınistan tandemi, daha doğrusu Ermənistanın əyalət siyasətinin davamıdır.

-Bu arada Ermənistanda prezident seçkiləri öncəsi baş verən daxili siyasi prosesləri necə dəyərləndirərdiniz?

-Ermənistanda sui-qəsd edilmiş prezidentliyə namizəd hələ bir müddət əvvəl bəyanat vermişdi ki, biz Rusiyanın Ermənistana təsirlərini minimuma endirməli və müstəqil dövlət kimi davranmalıyıq. Bu fiqur, persona daha çox Rusiyadan asılı olmayan siyasətin yürüdülməsi tərəfdarlarından biri idi. Ona atılan güllə də məhz prezidentliyə namizədin bu fikirlərinə görədir. Yəni Rusiyanın işğalından qurtulmaq istəyində olan bir namizədə atılan güllədir. Ermənistanda istər prezident, istərsə də digər seçkilər olsun, bu ölkədə idarəetmə sisteminin mütləq Rusiyanın əlində olmasının təmin edilməsi düşünülür. Hesab edirəm ki, bu seçkilərdə də həmin siyasət davam edəcək. Biz bu günlərdə Polşada keçirdiyimiz görüşlərdə də bildirdik ki, Ermənistan tərəfi heç vaxt demokratik bir mühitdə seçkilər keçiməyib, bu istəkdə olmayıb. Ancaq təssüflər olsun ki, Avropa təsisatları Ermənistanın bu mahiyyətin göz ardına qoyub, ona fikir vermək istəməyiblər. İndiki halda Ermənistanda prezidentliyə namizədin güllələnməsi, bir neçə il əvvəl silahlı şəxslərin parlamentə girərək spiker də daxil olmaqla bir neçə nəfəri qətlə yetirməsi Ermənistanın mahiyyətindən xəbər verən məsələlərdir. Ona görə də düşünürəm ki, irəlidə də bu cür sürprizlərin olacağı qaçılmazdır.

Süleyman İsmayılbəyli. "Olaylar" İnformasiya Agentliyi.
Bu xəbər oxucular tərəfindən 1547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed