Şrift:
“15 min Ahıska türkünün sənədləri artıq Gürcüstandadır” – “Vətən” cəmiyyəti
07.02.2013 [11:11] - Xəbərlər, Türk dünyası-Turan
“2007-ci ildə Gürcüstan parlamenti 20-ci əsrin 40-cı illərində Gürcüstandan sürgün olunmuş şəxslərin geri qayıtması barədə qanun qəbul etdi. Bu qanuna əsasən Azərbaycandakı Ahıska türklərindən 13 min ailə Gürcüstana köçmək üçün ərizə ilə müraciət etdi. Amma qanunda müddət nəzərdə tutulmasaydı, müraciət edənlərin sayı daha çox olardı”.

Bunu açıqlamasında Ahıska türklərinin “Vətən” cəmiyyətinin sədri İbrahim Məmmədov deyib.

Sədrin dediyinə görə, 2012-ci ildə heç bir ailə rəsmi şəkildə, dövlət səviyyəsində Gürcüstana köçürülməyib. Bunun əsas səbəbi isə qanunun müddətinin bitməsidir. Cəmiyyət sədri bəzi proseduraları da yada saldı. Onun sözlərinə görə, müraciət edənlərin sənədləri ərizə-anketə doldurulurdu və bu 4 səhifədən ibarət idi. “33 maddədən ibarət sənəd anketə doldurulurdu. Bundan başqa ailədəki hər bir insanın doğum haqqındakı şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, arayışı və s. sənədlər anketdə olmalı idi. Bu sənədlər hardasa 16-ya yaxın olardı. Qanunda birbaşa göstərilirdi ki, ərizə və ona əlavə edilmiş sənədlər gürcü yaxud ingilis dilinə tərcümə olunub notarial təsdiqdən sonra təqdim olunmalıdır. Gürcüstanın Azərbaycandakı səfirliyinə 5428 ərizə və ona əlavə edilmiş digər sənədləri notarial təsdiqdən sonra verdik. Bundan sonra 1000-ə yaxın ahıska türkünə geriyə dönmək barədə repatriant statusu verildi. 2800-ə yaxın əksik sənəd isə biz 2012-ci ilin dekabr və 2013-cü ilin yanvar ayında yenidən işləyib Gürcüstana verdik”.

İbrahim Məmmədovun bildirdiyinə görə, bu qanunun qəbulundan sonra 35-40 ailə Gürcüstanda yaşayır. Onlar rəsmi olaraq köç etməsələr də öz istəkləri Gürcüstana gedib, ev alıb orada qalırlar. Cəmiyyət sədri onu da qeyd etdi ki, bundan sonra da bu istiqamətdə işlərin aparılması üçün planları var. “Azərbaycanda 70 minə yaxın Ahıska türkü yaşayır. 15 min ailənin sənədləri artıq Gürcüstandadır. Yerdə qalanların sənədləri isə hal-hazırda bizdədir. Faktiki olaraq isə 2012-ci ildə və 2013-cü ilk aylarında heç bir ailə Gürcüstana köçürülməyib”.

Xatırladaq ki, 2007-ci ildə Gürcüstan Avropa Şurasına üzv seçilərkən 1944-cü ildə Stalinin əmri ilə öz vətənlərindən sürgün edilən Ahıska türklərinin geri qayıtması ilə bağlı öhdəlik götürüb. Buna əsasən 2012-ci ilə kimi Gürcüstan hökuməti Ahıska türklərinin doğma yerlərinə qayıtmasını təmin etməli idi.

AQŞİN KƏRİMOV/Modern.az
Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed