Şrift:
Azərbaycan Fransada keçirilən kulinariya festivalında təmsil olunub
22.11.2023 [11:25] - Gündəm, Mədəniyyət
Fransanın “Confederation Nationale de la Triperie Française” Konfederasiyası tərəfindən İçalat məhsulları üzrə 6-cı Avropa çempionatı (6ème Championnat d'Europe des Produits Tripiers) təşkil edilib. Azərbaycanı çempionatda Lyon Paul Bocuse İnstitutunun tələbəsi Bahar Ağamalova təmsil edib. Ölkəmizin Fransadakı səfirliyi təmsilçimizi dəstəkləmək üçün çempionata qatılıb.

Çempionatın finalında 5 ölkədən 24 aşpaz iştirak edib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yarışın təşkilatçısı, “Confederation Nationale de la Triperie Française” Konfederasiyasının Baş katibi, ət və içalat xidməti şirkətinin (SOGEMAB) direktoru Qotye Bodivi ilə görüşüb və Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyəti və mətbəxinə dair fransız dilində kitablarını ona hədiyyə edib.

Azərbaycan təmsilçisi Bahar Ağamalovanın mal dili və quyruğundan hazırladığı nəfis yemək dadı, göz oxşayan təqdimatı ilə diqqəti cəlb edib. Yeməyin hazırlanmasında mal dili və quyruqdan əlavə, tərəvəzlərdən də istifadə olunub. Çempionatın finalında təamların hazırlanması üçün iştirakçılara iki saat vaxt verilib.

Qotye Bodivi azərbaycanlı tələbə Bahar Ağamalovanın çempionatda iştirakını, eləcə də Azərbaycan mədəniyyəti və mətbəxinin tanıdılmasında motivasiyasını yüksək qiymətləndirərək, gələcəkdə keçiriləcək çempionatlarda yeni azərbaycanlı tələbələrin iştirakına ümid bəslədiyini bildirib.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 5414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed