Şrift:
Aslan İsmayılov: "Əkrəm Əylislinin əsərini bir neçə dəfə oxudum və bu qənaətə gəldim ki..."
07.02.2013 [11:44] - Xəbərlər, DAVAMın yazıları
Bu yazımı Əkrəm Əylislinin “Daş yuxular” əsəri haqqındakı fikirlərimin girişi hesab edə bilərsiniz. Həyatımda bəlkə də bu mövzu qədər çətin qələmə alınan yazım olmayıb. Söhbət heç də bu yazıya kimlərinsə aqressiv fikirlərinin, hakimiyyətə yarınmaq ittihamlarının olacağından getmir. Sadəcə birinci dəfədir ki, aramızda qarşılıqlı hörmət olan şəxsi tənqid edəcəm və ən əsası bu gün hakimiyyətin bütün gücü ilə üstünə getdiyi şəxsə qarşı çıxmalı olacam. Həmişə əzilənin yanında olan birisinin bircə dəfə də olsun əksini etməsini heç kimə arzulamazdım.

Sadəcə millətimə qarşı atılmış şüurlu böhtana cavab verməyə bilmərəm. Kimsə məni millətçilikdə, dözümsüzlükdə ittiham etməyə tələsməsin. Əvvəlcə mənim həyat yoluma, keçmişdəki mövqeyimə bir daha nəzər salın. Arzu edərdim ki, 1989-cu ildə Qarabağ hadisələrinin qızğın vaxtında Bakı şəhərində keçirilən Sumqayıt prosesində erməni qadını Emma Qriqoryana qarşı vəhşilik etmiş Eduard Qriqoryanla birlikdə azərbaycanlı Vaqif Hüseynova dövlət ittihamçısı kimi güllələnmə cəzası istəyəndə, mənə qarşı olan təhqirləri görəydilər. O zaman tək, müdafiəsiz olsam da, bir saniyə belə tutduğum mövqedən heyfsilənməmişdim, hərçənd ki, ətrafımda olanların, prokurorluqdakı rəislərimin əksəriyyəti səhv yolda olduğumu bildirmişdilər. Bu məqamda mənim üçün vacib olan milliyyətindən, dinindən asılı olmayaraq insana qarşı törədilmiş cinayətin cəzasız qalmaması idi. Youtube-da mənim 1995-ci ildə parlament seçkiləri zamanı çıxışıma (http://www.youtube.com/watch?v=2KyO2pSHcw0) baxanlar görərlər ki, çıxışımın Qarabağ probleminin həllinə yönəlik hissəsində deyirəm: “Qarabağ probleminin müharibə ilə həlli yolu yoxdur. Qarabağ problemini ancaq və ancaq hüquqi dövlət qurmaqla həll etmək olar. Bütün dünya, o cümlədən Qarabağda yaşayan ermənilər görməlidirlər ki, Azərbaycanda insan haqları qorunur, dövlət ayrı-ayrı dahi şəxslər tərəfindən deyil, qanunlarla idarə olunur”.
O vaxt da seçicilərin, mənə vəkillik edənlərin əksər hissəsi bu fikri bəyənmirdilər. Ancaq seçicilərlə keçirdiyim hər bir görüşdə bu fikri təkrarlayırdım. “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabı (www.sumgayit1988.com) ilə tanış olanlar da mənim millətçi mövqeyində olmadığımı, nəyin bahasına olursa olsun azərbaycanlılara bəraət qazandırmaq fikrindən uzaq olduğumu görməmiş olmazlar.

Bu məsələdə insan haqları, fikir, söz yaradıcılığı anlayışlarından sui-istifadə edib Əkrəm Əylislinin “Daş yuxularına” bəraət qazandıranlardan xahiş edərdim ki, səmimi olsunlar. Bu sahəni az-çox bilən birisi kimi deyə bilərəm ki, heç bir sahədə mütləq azadlıq yoxdur. Bir fərdin azadlıq dairəsi digərinin azadlıq dairəsinə qədər müstəqildir. Əgər bu cür olmasa küçədən keçən birisi hər gələni axırıncı söyüşlərə qonaq edib, bunu ifadə azadlığı ilə əsaslandıra, yaxud birisi lüt-əryan Fəvvarələr meydanında gəzib hamıdan onun azadlığını pozmamağı tələb edə bilər. Mənim bildirəcəyim münasibət sadəcə bir yazıçının fikrinə olan mövqeyimlə bağlı deyil. “Daş yuxular” əsərinə həddindən artıq ciddi yanaşmanın tərəfdarıyam. Məhz buna görə əsəri bir neçə dəfə oxudum (o cümlədən, Ə.Əylislinin bundan az əvvəl çap olunmuş, az nüsxədə yayılmış “Möhtəşəm tıxac” əsərini də oxumuşam) və oxuduqca əsərə peşələrimdən irəli gələrək bir prokuror, yaxud vəkil kimi deyil, həm də hakim gözü ilə yanaşmışam. Yazını yazmamışdan əvvəl Əkrəm Əylislini şəxsən tanıyan əslən Ordubad rayonunun Behrud, Tivi, Əylis kəndində yaşayanlarla, o cümlədən, Yuxarı Əylisdə onunla qonşu olanlarla, orta məktəbdə oxuyanlarla, onların tarix müəllimi olmuş rəhmətlik Əlibala müəllimin, sinif rəhbərləri olmuş rəhmətlik Məleykə müəllimənin fikirləri ilə tanış olmuşam. Əkrəm Əylislinin özünün rəhmətlik qardaşı, ədəbiyyat müəllimi olmuş Cavid Naibovun, Ordubadda uşaq həkimi olmuş hal-hazırda təqaüddə olan qardaşı Zahid Naibovun yaşadığı Yuxarı Əylisdə hörmət sahibi olduqlarını, kasıbçılıqla yaşadıqlarını, məktəbdə yaxşı oxuduqlarını öyrənmişəm. Bakıda Əkrəm Əylislini uzun müddət tanıyan, onunla dostluq edənlərlə, Sovet dövrü “KQB”də işləyən, yaradıcı insanlarla yaxın təmasda olan şəxslə söhbətləşmişəm. Onun qorxmaz, fikrini söyləyən, 1978-ci ildə Zağulbada yerləşən Yazıçılar Birliyinin istirahət evində Azərbaycan KP MK-nın birinci katibi olmuş rəhmətlik Heydər Əliyevə belə, cavab qaytarmaqdan çəkinməyən şəxs olduğunu öyrənmişəm. Bütün bu araşdırmalarda məqsədim onun haqqında bəziləri kimi kompromat axtarmaq deyil, bu əsəri yazmağa sövq edən motivi müəyyənləşdirmək olubdur.

Əminəm ki, nə qədər Azərbaycan dövlət, biz isə xalq olaraq mövcud olacağıq bu əsər bizi təqib edəcək. Yəqin çoxlarını mənim əminliyim maraqlandıracaq. Bəli, bu firki qətiyyətlə söyləməyim 1989-cu ildə Azərbaycana gəldiyim gündən çıxdığım ilk məhkəmə prosesi olan Sumqayıt hadisələrindən sonra istər-istəməz iki xalq arasında baş verənlərə xüsusi diqqət yetirdiyimdən irəli gəlir. Bu müddət ərzində bu sahəyə aid çoxlu sayda yazılarla tanış olmuşam və əminəm ki, bizlər ən azından son illər rus tarixçi-yazıçısı V.L.Veliçkonun 1904-cü ildə çap olunmuş “Qafqaz” əsərinə hansı diqqəti yetirmişiksə, qarşı tərəf də yüz illər boyu bu gün çap olunan Əkrəm Əylislinin “Daş yuxular”ına da həmin diqqəti yetirəcəklər. O əsərdən isə gördükləri o olacaq ki, azərbaycanlılar, türklər qədər geridə qalmış, dözümsüz, qaniçən, ermənilər kimi isə savadlı, mədəniyyətli, xeyirxah millət, İslam qədər ziyanlı din, Eçmiədzin qədər sevilən din məbədi ola bilməz. Əsəri diqqətlə oxuyanlar onun Əkrəm Əylisli dediyi kimi millətlər, dinlər arasında barışa yönəlik olduğunu deyil, bir millətin digər millətə, bir dinin digər dinə qarşı olduğunu görərlər. İnanmıram ki, bu əsəri diqqətlə oxuyanlar o əsərdə təsvir olunan obrazlardan, erməni millətinə mənsub olanları xarakterizə edənlərdən savayı özlərinə dost, qonşu seçmək istəsinlər. Çox şad olaram ki, bu gün insan haqlarından, fikir, yaradıcılıq azadlığından bolluca danışanlar məni bu fikrimdən daşındırsınlar. Əkrəm Əylislinin müdafiəsinə yönəlmiş, hakimiyyətin təşkil etdiyi kimi, piket keçirən gənc yazarlardan, ciddi cəhdlə onu müdafiə edən, ancaq əsər barədə susan Ziyalılar Forumunun hörmət bəslədiyim üzvlərindən xahiş

edərdim ki, öz adlarına uyğun olaraq, hakimiyyətə bəslədikləri münasibəti yox, bəlkə də mənim kimi yanılan minlərlə vətəndaşı yalnış yoldan çəkindirmək üçün əsəri diqqətlə oxuduqdan sonra ciddi təhlilli məqalələri təqdim etsinlər. Hakimiyyətdə olanlardan isə xahiş edirəm ki, öz şəxsi maraqları üçün insanların nifrət etdikləri şəxslərin, üzünü ekranda görəndə həqiqətən gözlər önündə Əkrəm Əylislinin yaratdığı "qəssab Məmmədağa" obrazını yada salan mədəniyyət xadimlərinin, deputatların, aktivistlərin “vətəndaşlıqdan çıxarılsın”, “mükafatlardan məhrum edilsin”, “sürgün edilsin” və s. kimi ziyanlı şüarlarını tirajlamağa deyil, insanları maarifləndirəcək, əsəri obyektiv təhlil edəcək ciddi müzakirələr aparmağa çalışsınlar. İqtidar nümayəndələrinin bu əsərdən ölkədə baş verən son hadisələrdən fikri yayındırmaq üçün istifadə cəhdinə isə sonrakı yazımda ətraflı nəzər salacam.

Ardı var...
Bu xəbər oxucular tərəfindən 1124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed