Şrift:
Səhiyyə Nazirliyi qızılca ilə bağlı əhaliyə müraciə etdi
05.12.2023 [12:55] - Gündəm, Sağlıq
Azərbaycanda 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyasına dair Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

"2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur.

Bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.

Ətraflı
Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.
Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.
Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur".
Bu xəbər oxucular tərəfindən 2497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed