Şrift:
Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək
08.12.2023 [10:22] - Gündəm, Siyasət
Hazırda ölkədə Prezident İlham Əliyevlə seçkilərdə ciddi rəqabət apara biləcək siyasi xadim yoxdur. Azərbaycan 30 illik işğaldan sonra torpaqlarını azad edib. Təbii ki, seçkilərdə bir neçə namizəd olacaq, lakin onların qalib gəlmək şansları xeyli azdır.

Bu barədə Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, seçkilərin qəfil və gözlənilmədən elan edilməsi 2020-ci il parlament seçkilərini xatırladır. 2019-cu ilin dekabrında Prezident İlham Əliyev gözlənilmədən növbədənkənar parlament seçkilərinin 2020-ci ilin fevralında, yəni nəzərdə tutulduğundan 9 ay tez keçiriləcəyini elan etdi.

"Sözügedən növbədənkənar Prezident seçkilərinin regional proseslərlə əlaqəsinin olub-olmadığını indi dəqiq proqnozlaşdırmaq çətindir. Qarşıdan gələn illərin regionda və bütün dünyada daha stresli və çətin olacağını qeyd edə bilərik. Nəzərə alaq ki, gələn il həm də ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Böyük ehtimalla, gələn ilin payızında parlament seçkiləri də elan olunacaq.

Qeyd edək ki, Azərbaycanda 2016-cı ildə keçirilmiş referendumun nəticələrinə görə, prezident seçkiləri 7 ildən bir keçirilir. Bu dəyişiklikdən sonra hazırkı Prezident İlham Əliyev 2018-ci ilin aprelində Prezident seçilib. Azərbaycan Konstitusiyasında prezident seçkilərində iştirakla bağlı heç bir məhdudiyyət yoxdur, ona görə də Prezident İlham Əliyev yenidən respublika Prezidenti postuna namizədliyini irəli sürə bilər.

Qarşıda bizi 2024-cü il fevralın 7-də keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri gözləyir. Artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problemin həlli üçün əlindən gələni etdi. Ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verildikdən qısa zaman sonra ölkəmizin, xalqımızın bütün potensialı vahid məqsəd uğrunda səfərbər edildi və "Qarabağ Azərbaycandır!" şüarı dillər əzbəri oldu.

2018-ci ildə Prezident seçildikdən cəmi iki il sonra ölkəmizin müasir tarixinin ən şanlı səhifəsi yazılmağa başladı. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. 2023-cü il sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri isə ərazi bütövlüyümüzün, Konstitusion quruluşumuzun və suverenliyimizin tam bərpası prosesini tamamladı.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı, əməkdaşlıq üçün daha münbit şərait formalaşdırdı. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi kimi yadda qalacaq", - deyə İ.Hüseynov bildirib.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed