Şrift:
“İvanişvili hakimiyyətə gələr-gəlməz erməniləri qabağa çəkdi” - Gürcüstanlı deputat
09.02.2013 [12:56] - Xəbərlər, Borçalı
“O, söz vermişdi ki, sizi nazir müavini qoyacam”

“İvanişvili hakimiyyətə gəlsə də, biz Saakaşvilini dəstəkləyəcəyik. Onu heç vaxt tək qoymayacağıq”.
Bu barədə Gürcüstan parlamentinin azərbaycanlı üzvü, prezident Mixail Saakaşvilinin tərəfdarı deputat Azər Süleymanov qonşu ölkədə baş verən son prosesləri şərh edərkən bildirib. Millət vəkili parlamentdə prezident Saakaşvilinin çıxışına icazə vermədikləri üçün deputat həmkarlarını qınayıb.

“Parlament çoxluğu Saakaşvilini dinləməyə hazır deyil. Bunu əsas gətirən deputatlar Saakaşvilinin parlamentdə çıxışına icazə vermədilər. Prezident bu gün Milli kitabxanada çıxış edəcək. Biz hamımız bu iclasda iştirak edəcəyik. Saakaşvili ona qarşı atılan sərt addımlara baxmayaraq, geriyə çəkilməyəcək. Onun səlahiyyət müddəti bu ilin oktyabr ayında tamam olacaq. Saakaşviliyə qarşı aparılan iyrənc kampaniya o demək deyil ki, bütün Gürcüstan ona qarşıdır. Saakaşvilinin çoxlu sayda tərəfdarları var”,- deyə A.Süleymanov bildirib.

Yeni baş nazir Bidzina İvanişvilinin prezidentə qarşı nümayiş etdirdiyi sərt mövqeyin yalnış olduğunu deyən A.Süleymanov yeni hakimiyyəti Rusiyaya işləməkdə ittiham edib:

“Soydaşlarımız təqiblərə, hücumlara məruz qaldı”

“Biz istəyirik ki, Gürcüstan Rusiyaya yox, Avropaya doğru irəliləsin. İvanişvilinin gəlişindən sonra Gürcüstan daha çox Rusiya yolunu tutdu. Gələn gündən də bilirdik ki, İvanişvili Rusiyaya meyllidir. İvanişvili gələndən sonra Gürcüstanda yaşayan azərbaycanlıların da vəziyyətində müsbət dəyişiklik olmadı. Əksinə, soydaşlarımız təqiblərə, hücumlara məruz qaldı. İndiki kimi yadımdadır, Bidzina İvanişvili seçiqabağı bizə deyir ki, sizləri ən azı nazir müavini qoyacağıq, azərbaycanlılara vəzifə verəcəyik. Bu vədlər yerinə də yetirilmədi. Əksinə, hakimiyyətə gələr-gəlməz erməniləri qabağa çəkdi”.

Anar RÜSTƏMOV
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed