Şrift:
Fərəc Quliyev seçkilərdə hazırkı Prezident İlham Əliyevi dəstəkləyəcəyini bildirib
11.01.2024 [10:59] - Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Məlum olduğu kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə öz namizədilə iştirak edən siyasi təşkilatlarla yanaşı, namizəd irəli sürməyən partiyalar da var.

Artıq Prezident seçkilərində namizəd irəli sürməyən bir sıra partiyalar bu seçkilərdə hazırkı Prezident İlham Əliyevi dəstəkləyəcəklərini elan ediblər. Ana Vətən, Vətəndaş Həmrəyliyi, Vəhdət, Ağ, Yeni Zaman, Azad Vətən və Ümid partiyaları seçkilərdə İlham Əliyevi dəstəkləyəcəklərini artıq bəyan ediblər.

Görəsən, namizədlə iştirak etməyən digər partiyalar seçkilərdə kimi dəstəkləyəcəklər?

Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev seçkilərdə hazırkı Prezident İlham Əliyevi dəstəkləyəcəyini bildirib:

“Hesab edirəm ki, bu dönəm İlham Əliyevin Prezidentliyini davam etdirməsi vacib şərtlərdən biridir. Qlobal şərtlər var. Böyük dövlətlərdə seçkilər gözlənilir. Azərbaycanla bağlı yarımqalmış danışıqlar var. Hətta Ermənistanla Azərbaycan arasında danışıqlar var. Belə vəziyyətdə həm böyük güclər, həm də danışıq aparan tərəflər sabit komanda ilə görülən işləri bitirmək istəyirlər.

Azərbaycanın geopolitik maraqları təmin olunmalıdır. Bu durumda partiyalar partiya maraqlarını dövlət maraqlarına qurban verməlidirlər. İlham Əliyevin liderliyilə Qarabağın azad edilməsi Azərbaycan tarixində fövqəladə hadisədir. Ona görə də bu dəfəki seçkilərdə iştirak edib, hakimiyyətini davam etdirmək İlham Əliyevin haqqıdır.

Mövcud durumda bütün müxalif qüvvələr birləşsə belə, İlham Əliyevlə yarışmaq imkanları yoxdur. Özüm şəxsən İlham Əliyevə səs verəcəm. Amma partiyada bu barədə qərar yoxdur. Üzvlərimiz səs verməkdə sərbəstdirlər. Şəxsən özümüzün qalib gəlmək imkanım olsaydı belə, bu gün İlham Əliyevin xeyrinə geri çəkilərdim. Çünki başlanmış işləri sona çatdırmaq onun haqqıdır”.

Rüfət Sultan/ Bizim.Media
Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed