Şrift:
Beynəlxalq sərgi sənayesinin peşəkarları Bakıya toplaşıb
17.01.2024 [10:52] - Gündəm
Yanvarın 16-da Bakıda Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının (ASTA) təşkilatçılığı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Beynəlxalq Sərgi və Konfrans Təşkilatçılarının İllik Toplantısı öz işinə başlayıb.

Beynəlxalq sərgi və konfrans təşkilatçılarının görüşü Bakıda ilk dəfədir ki, keçirilir. Tədbirin məqsədi beynəlxalq sərgi və konfransların təşkilinin əhəmiyyəti və səmərəliliyinin vurğulanması, bu qəbildən olan tədbirlərdə iştirak qaydaları haqqında ətraflı məlumat vermək, sərgi və konfransların keçirilməsində dövlət dəstəyi və əməkdaşlıq perspektivləri, o cümlədən bu sahəyə aid bir sıra digər aktual məsələləri müzakirə etməkdir. Toplantı çərçivəsində “Bakı KOB evi”ndə “Kiçik və orta sahibkarlığın inkişafında beynəlxalq sərgilərin rolu: dövlət dəstəyi və əməkdaşlıq perspektivləri” adlı tədbir təşkil olunub. Tədbirdə beynəlxalq sərgi və konfrans təşkilatçısı olan “ICA Group” şirkətinin Çin, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa və Azərbaycan filiallarının, eləcə də “ICA Eurasia”, “Caspian Event Managment”, “Kongress servis”, “Vista”, “Lentewenc”, “ITE E&C”, “Iteca Uzbekistan”, “Iteca Kazakhstan”, “ICA Turkiye” və “Iteca Caspian” şirkətlərinin nümayəndələri, sərgi tərəfdaşları iştirak ediblər. Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, ASTA-nın İdarə Heyətinin sədri Fərid Məmmədov, sərgi sənayesi eksperti Stiven Mörte çıxış edərək, Beynəlxalq Sərgi və Konfrans Təşkilatçılarının İllik Toplantısına, eləcə də sərgilərin KOB-ların inkişafında, satış imkanlarının genişləndirilməsində, məhsul və xidmətlərinin tanıdılmasında roluna, sərgilərin təşkili sahəsində dövlət-özəl əməkdaşlığına dair fikirlərini bölüşüblər. Tədbir çərçivəsində KOBİA-ya 2023-cü il ərzində sərgilərin təşkilinə göstərdiyi dəstəyə görə sertifikat təqdim edilib. Sonra Beynəlxalq Sərgi və Konfrans Təşkilatçılarının İllik Toplantısının iştirakçıları “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olublar. Beynəlxalq Sərgi və Konfrans Təşkilatçılarının İllik Toplantısı 17-18 yanvar tarixlərində “ICA EVENTS” şirkətinin satış və marketinq komandasının illik toplantısı ilə öz işini “Hyatt Regency” mehmanxanasında davam etdirəcəkdir. Qeyd edək ki, son dövrlərdə Azərbaycan regionun beynəlxalq tədbirlər məkanına çevrilib. Ölkəmizdə təşkil edilən çoxsaylı beynəlxalq sərgi və işgüzar tədbirlər bunun əyani göstəricisidir. Bu tədbirlər müxtəlif sənaye sahələrinin nümayəndələrini bir araya gətirərək, regionun müxtəlif ölkələrindən olan şirkətlər üçün təcrübə mübadiləsi, işgüzar əlaqələrin qurulması və yeni imkanlar yaradan platforma rolunu oynayır. Ümumilikdə isə, sərgilər biznesin inkişafına müsbət təsir edən və regionda iqtisadi fəallığı artıran multiplikator effekti yaradır. Mehmanxanalar, restoranlar, nəqliyyat şirkətləri və digər müəssisələr artan ziyarətçi axını sayəsində əlavə gəlir qazanmaq imkanı əldə edirlər. Bundan başqa, sərgilərin təşkili şəhər infrastrukturunun, həmçinin turizm və mehmanxana sənayesinin inkişafına təkan verir, Azərbaycanda investisiya mühitini yaxşılaşdırır.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed