17.01.2024 [10:58] - Hüquq
Son dövrlər ərzində Azərbaycanda digər sahələrdə olduğu kimi, vəkillik institutu da inkişaf yolunu tutub, bu sahədə ardıcıl, eyni zamanda, əsaslı tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsi kimi, Azərbaycanda vəkillik institutunun sürətli inkişafı, vəkil korpusunun güclənməsi, ölkəmizdə vəkillərin və vəkil qurumlarının sayının artması, respublikamızda vəkillik peşəsinin nüfuzunun yüksəlməsində mühüm rol oynayıb.
2023-cü ildə də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (ARVK) bir sıra beynəlxalq, yerli mühüm tədbirlər, təlimlər həyata keçirilib, vəkillərin sayı artıb, o cümlədən “Heydər Əliyev İli” ilə bağlı bir çox tədbirlər baş tutub və hüquqi maarifləndirmə işləri aparılıb.
ARVK-da son bir il ərzində görülən işlər, aparılan ardıcıl və sistemli islahatlara dair hesabatı təqdim edirik:
“HEYDƏR ƏLİYEV İLİ” İLƏ BAĞLI KEÇİRİLƏN TƏDBİRLƏR
2023-cü il fevralın 2-də VK Rəyasət Heyətinin iclasında Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Kollegiyada görüləcək işlər üzrə Tədbirlər Planının təsdiq olunub. Tədbirlər Planına əsasən, mart ayından etibarən ölkəmizin bütün bölgələrində, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında (MR) pulsuz hüquqi yardım aksiyaları, konfranslar, intellektual oyunlar, idman yarışları və digər tədbirlərin keçirilməsinə başlanılıb.
“Heydər Əliyev İli” çərçivəsində ölkə üzrə 61 pulsuz hüquqi yardım aksiyası keçirilib. Həmin aksiyalarda ümumilikdə 960 vətəndaşın yararlanması təmin edilib. Beləliklə, hər ayın 10-da Bakıda, regionlarda, o cümlədən Naxçıvan MR-da vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.
“Heydər Əliyev İli” ilə bağlı Naxçıvan şəhərində keçirilən aksiyalarda 14 Vəkil Bürosunun (VB) vəkili (“Yusif Allahverdiyev və Partnyorları” VB - 10 vəkil, 20 saylı VB - 6 vəkil, 38 saylı VB - 3 vəkil, “ Pro Bono” VB -5 vəkil, 4 saylı VB - 2 vəkil, “Mirzəyev və Partnyorları” VB - 2 vəkil, “Yusifbəyli və Partnyorları” VB - 2 vəkil, “Kredo” VB - 10 vəkil, 12 saylı VB - 3 vəkil, 36 saylı VB - 4 vəkil, “Arbitrum” VB - 3 vəkil) və Qadın Vəkillər Alyansı (10 vəkil), ümumilikdə isə ezam olunmuş 60 vəkil iştirak edərək 198 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərib. Eyni zamanda, digər vəkil qurumları tərəfindən təşkil edilən aksiyalarda isə 762 vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
Belə ki, “Heydər Əliyev İli” ilə bağlı keçirilən tədbirlər planı çərçivəsində 9-10 mart tarixlərində ARVK-nın rəhbərliyi Naxçıvan MR-da səfərdə olub. Səfər iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra ARVK-nın rəhbərliyi Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb, vəkilliyin inkişafı, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıb. Eyni zamanda, ARVK-nın sədri Anar Bağırov Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında (NMRVK) vəkillərlə, Naxçıvan Dövlət Universitetində (NDU) professor-müəllim heyəti və tələbələrlə görüşüb. Həmçinin, ARVK və Naxçıvan MR Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib, Anar Bağırov çıxış edib. Daha sonra "Heydər Əliyev İli” ilə əlaqədar ARVK tədbirlər planı çərçivəsində "Yusif Allahverdiyev və Partnyorları" VB-nin vəkilləri Naxçıvan MR-da pulsuz hüquqi yardım aksiyası keçirib. Aksiyada vətəndaşlara hüquqi məsləhətlər verilib, o cümlədən müvafiq yazılı ərizələr tərtib olunub və digər hüquqi yardımlar göstərilib. Bundan başqa, ARVK rəhbərliyi Naxçıvan Dövlət Universitetində rektor, professor-müəllim heyəti və tələbələrlə görüşüb, müzakirələr aparıblar. Sonra Kollegiyanın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb. Daha sonra əməkdaşlıq haqqında memorandum imzalanıb.
“Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq, VK tərəfindən 6-7 may tarixlərində “III Vəkil Şahmat” yarışı təşkil edilib. Respublika üzrə 35 vəkilin qatıldığı yarışda vəkil Elşən Səfərov birinci, vəkil Samir Hüseynzadə ikinci, vəkil Camal Əliyev isə üçüncü yeri tutublar. ARVK Rəyasət Heyətinin qərarına əsasən, ilk 3 yerin qaliblərinə “Libraff” kitab mağazasından hədiyyə kartları, müvafiq diplomlar və medallar Kollegiyanın sədr müavini, “İdmançı Vəkillər” fondunun idarə heyətinin sədri Pərviz Ələkbərov tərəfindən təqdim olunub.
Bundan başqa, mayın 12-də ARVK tərəfindən NMRVK ilə birgə “Azərbaycanda gender bərabərliyinin təminatçısı Ulu Öndər Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Liderin siyasi fəaliyyəti, eləcə də gender bərabərliyinin təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş etdirilib. Həmçinin, ARVK-nın sədri Anar Bağırov konfransa onlayn qoşularaq iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Tədbirdə Kollegiyanın Rəyasət heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, Qadın Vəkillər Alyansının üzvü Leyla Məmmədova, Bakı şəhər 2 saylı VB-nin müdiri Rəna Məmmədova, Vəkillərin İntizam Komissiyasının üzvü, Mərkəz VB-nin müdiri, Alyansın üzvü Gülşən Salmanova çıxış ediblər.
Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Vəkil olmaq istəyirəm” adlı II yay məktəbi təşkil edilib. 26-30 iyul tarixlərində Şəki şəhərində keçirilən yay məktəbində iştirak edən 55 hüquqşünas tələbəyə peşəkar biliklərin artırılması məqsədi ilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, nitq qabiliyyəti və digər sahələr üzrə təlimlər keçilib. Qeyd edək ki, gənclərin xüsusi marağına səbəb olan və II dəfə təşkil edilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinə ümumilikdə 15 yerli və beynəlxalq universitetdən 353 hüquqşünas tələbə müraciət edib, onlardan bilik və bacarığı, ictimai fəallığı ilə seçilən 55 gənc düşərgədə iştirak haqqı qazanıb.
Həmçinin, 13 may - 15 iyul tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, ARVK-nın və AFFA-nın birgə təşkilatçılığı ilə vəkillər arasında 4-cü Vəkil Futbol Liqası keçirilib. 9 komandanın, ümumilikdə 90-dan artıq vəkilin iştirak etdiyi, bir dövrədən ibarət olan turnirdə “Şuşa” komandası çempion olub, ikinci yeri “Barrister”, üçüncü yeri isə "LawyersUnited" komandaları tutub.
Eyni zamanda, hesabat ilində ARVK-nın Vəkil Klubu tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətənim Azərbaycan!” adlı III Vəkil bədii yaradıcılıq müsabiqəsi keçirilib. Sayca III müsabiqəyə bir-birindən maraqlı əsərlərini təqdim edən iştirakçılardan üç nəfər qalib adını qazanıb. Müsabiqəyə qatılanlardan "Kəngərli və Partnyorları" VB-nin vəkili Aslan Heydarov I, hüquqşünas Şəhriyar Həbilov II, Nüşabə Əhməd isə III yerin sahibi olub. Sentyabrın 13-də ARVK Rəyasət Heyətinin iclasında Kollegiyanın sədri Anar Bağırov tərəfindən onlara mükafatlar təqdim edilib.
Dekabrın 9-da isə ARVK-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqə başlayıb. Üç mərhələdən ibarət müsabiqədə Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qrupları, Bakı Dövlət Universiteti (BDU), Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və NDU-nun Hüquq fakültələrinin tələbələrinin komandası yarışıb. Üç mərhələdən ibarət olan müsabiqənin qalibi DİN-in Polis Akademiyası olub.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Xüsusilə qürurverici haldır ki, “Vəkil Günü” xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən və müstəqil vəkillik institutunun əsasını qoyan 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla bağlıdır. Əziz xatirəsi daim yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edilən Ulu Öndər Heydər Əliyevin cari ildə 100 illik yubileyinin qeyd olunması bu peşə bayramını vəkil korpusu üçün hər zamankından daha əlamətdar edir.
Məhz bu səbəbdən peşə bayramı ərəfəsində dekabrın 27-də “Fairmont” mehmanxanasında müstəqil Azərbaycan vəkilliyinin banisi, dahi lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Vəkillər Kollegiyasının təntənəli mərasimi keçirilib. Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baş prokurorun müavini Heydər Məmmədov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Polis Akademiyasının rəisi Canpolad Daanov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov da daxil olmaqla, bir sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak edib.
Təntənəli formada keçirilən mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi baş tutub, habelə bir sıra müsabiqələr üzrə I yerin sahiblərinin və müxtəlif nominasiyalar üzrə qaliblərin təltif edilməsi həyata keçirilib. Əlavə olaraq, VK-nın hesabat ilindən beynəlxalq qeydiyyatlara alınan və yeni formatda buraxılan “Azərbaycan vəkili” jurnalının təqdimatı keçirilib. Sonra VK-nın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.
VƏKİLLİYƏ QƏBUL VƏ VƏKİL QURUMLARI
Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci il aralığında (14 il ərzində) 5 yazılı test imtahanı, son 6 il içində isə 12 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfəyədək artıb.
2023-cü ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 33 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı keçirilib. 25.05.2023 və 05.11.2023-cü il tarixlərdə keçirilən ixtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 601 namizəd iştirak edib və 206 nəfər müvəffəqiyyət qazanıb. Eyni zamanda, hesabat ili ərzində 338 nəfər şifahi müsahibədə iştirak edib, 271 nəfər növbəti mərhələyə keçib. Hesabat ili ərzində 252 nəfər isə vəkil andı içib. Yekunda, vəkillərin sayı artaraq 2431-ə çatıb.
05.11.2023-cü il tarixdə keçirilən imtahanda müvəffəqiyyət qazanmış 68 namizədlə isə hazırda şifahi müsahibə davam edir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən 2431 vəkildən 1995 nəfəri kişi, 436 nəfəri qadındır. Həmin şəxslərdən 1976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir.
Ən yaşlı vəkil – Səttarova Türrə Əhəd qızı – 13.07.1936 – 87 yaş
Ən gənc vəkil – Məmmədova Nuranə Asif qızı – 22.08.1999 – 24 yaş
Eyni zamanda, ötən 6 ildə ölkəmizdə VB-lərin sayı da təxminən 4 dəfə artaraq 135-ə çatıb.
2023-cü ildə “Fortiori” VB, Gəncə şəhər 2 saylı VB, “Medleks” VB, “Yasa” VB, “Rifaq Həsənov və Partnyorları” VB və NMRVK-nın Şərur rayon VB-nin yeni ofisləri açılıb və vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin yüksək standartlara cavab verilməsi məqsədilə həmin bürolar maddi-texniki baza ilə tam təchiz olunub. Həmçinin, hazırda Gəncə şəhərində ayrılmış binanın təmiri, Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə hazırlıq işləri davam etdirilir.
Yanvarın 7-də Vəkillərin İxtisas Komissiyasının ilk iclası keçirilib və yeni tərkibi formalaşıb. Belə ki, Komissiya üzvlərinin qərarı ilə hüquq elmləri doktoru (h.e.d.), vəkil Turqay Hüseynov sədr, h.e.d., vəkil Ayxan Rüstəmzadə isə sədr müavini seçilib.
Məlumat üçün bildirək ki, Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanununda nəzərdə tutulan tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün yaradılıb. Onun tərkibinə beş vəkil, üç hakim və üç hüquqşünas alim daxildir. Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının, vəkilliyə layiqli olmasının müəyyən edilməsi məqsədi ilə VK Rəyasət Heyəti ilə əlaqəli şəkildə test imtahanının keçirilməsini təşkil edir və onlarla müsahibə aparır. Belə ki, Ali Məhkəmə Plenumunun qərarına əsasən, Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayilov, Ali Məhkəmənin hakimləri - Zaur Əliyev və Ələsgər Novruzov, o cümlədən Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə Ədliyyə Akademiyasının Ədliyyə sahəsində idarəetmə kafedrasının baş müəllimi, h.e.ü.f.d. Səyyad Məcidov, BDU-nun Hüquq fakültəsinin dekanı, h.e.ü.f.d. Zaur Əliyev, BDU-nun Cinayət prosesi kafedrasının dosenti, h.e.ü.f.d. Könül Hüseynova Vəkillərin İxtisas Komissiyasına üzv təyin ediliblər. Komissiyanın digər üzvləri h.e.ü.f.d., vəkil Şaiq Mirzəyev, vəkil Fərid Həsənov, vəkil Oktay Məhərrəmov və həmçinin, katibi isə VK Rəyasət Heyətinin Aparatının İnsan resursları şöbəsinin müdiri Orxan Babayevdir.
Bundan başqa, martın 1-də Vəkillərin İxtisas Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib, Kollegiyanın sədri Anar Bağırov onlara fəaliyyətlərində uğurlar arzulayıb.
İyulun 10-da isə ARVK-nın sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti NMRVK-nın seçki-hesabat konfransında iştirak etmək üçün MR-də səfərdə olub və çıxış edib. Səsverməyə əsasən, Vüsal Həsənov NMRVK-nın sədri seçilib. Ələlxüsus, bir neçə illik aradan sonra, ilk dəfə NMR-da vəkilliyə qəbul imtahanı həyata keçirilib.
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
İlk olaraq qeyd edək ki, 2023-cü ildə də ARVK üçün beynəlxalq arenada əlamətdar il olub, görülən işlərin davamı kimi, daha 2 yeni beynəlxalq nüfuzlu təşkilata (Avropa Gənc Vəkillər Assosiasiyasına (EYBA) və Avropa Vəkillər Kollegiyaları Federasiyasına (FBE)) üzv qəbul edilib.
Məlum olduğu kimi, son 6 il ərzində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Beynəlxalq Vəkillər Assosiasiyası (UIA), Avropa Vəkillər Assosiasiyasına (AEA-EAL) üzv qəbul olunub və 2023-cü ildə də həmin təşkilatlarla və BMT-nin ixtisaslaşmış qurumları, Avropa Şurası, Dünya Bankı ilə əməkdaşlıq münasibətləri davam etdirilərək daha da möhkəmləndirilib.
Bundan başqa, ARVK rəhbərliyi və üzvləri Avstriya, Serbiya, Türkiyə, Hindistan, Belçika, Portuqaliya, İngiltərə, Qazaxıstan, Türkmənistan, Gürcüstan və Yunanıstanda keçirilən tədbirlərə birbaşa qatılıb, Azərbaycan vəkilliyini təmsil və çıxışlar edib, təcrübə mübadiləsi həyata keçirilib.
Digər tərəfdən isə ARVK tərəfindən Bakıda təşkil olunan beynəlxalq tədbirlərdə, o cümlədən xarici qonaqların, vəkillərin ölkəmizə səfəri çərçivəsində qarşılıqlı olaraq, bu sahədə əməkdaşlıq gücləndirilib. Bildirmək istərdik ki, hesabat ili ərzində ARVK Rəyasət Heyətinə beynəlxalq təşkilatlardan 166 sənəd daxil olub, bir çox beynəlxalq səfərlər, görüşlər keçirilib, VK üzvləri təlim və seminarlarda iştirak edib.
Beləliklə, xronoloji olaraq qeyd edək ki, yanvarın əvvəllərində Pakistan İslam Respublikasının Ali Məhkəməsinin vəkili, "Jawad Zafar və Partnyorları" şirkətinin idarəedici partnyoru Muhammad Jawad Zafarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib, ARVK Rəyasət Heyətində olublar. Onlar səfər çərçivəsində VK-nın sədr müavini Aydın Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib, Bakı şəhəri 38 saylı VB-ni ziyarət ediblər. Habelə, VB-nin təşəbbüsü ilə qonaqlar tarixi və mədəni abidələrimizlə tanış olub, yaxın bölgələrdə qısa tanış turunda iştirak ediblər.
06 fevral tarixində isə ARVK-nın sədri Anar Bağırovla Türkiyə VK-nın sədri Erinç Sağkan arasında telefon danışığı olub. Anar Bağırov türkiyəli həmkarına qardaş ölkədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, türk xalqına Azərbaycan vəkilləri adından başsağlığı diləklərini çatdırıb.
Fevralın 8-də isə ARVK Rəyasət Heyətinin növbədənkənar onlayn iclası keçirilib. İclasda Rəyasət Heyətinin qərarı ilə Türkiyədə zəlzələdən zərərçəkənlərə 1 milyon türk lirəsi məbləğində yardım ayırıb.
Həmçinin, 15-17 fevral tarixlərində ARVK-nın sədri Anar Bağırov Avstriya VK-nın dəvəti ilə Vyana şəhərində Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin 51-ci konfransında iştirak edib, gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Fevralın 22-də isə ARVK-nın rəhbərliyi Türkiyənin Azərbaycandakı Səfirliyini ziyarət edib. Əvvəlcə səfirlik önünə əklil qoyulub, zəlzələ qurbanlarının xatirəsi yad olunub. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı (keçmiş səfir) ilə görüş keçirilib.
Eyni zamanda, 24-26 fevral tarixlərində ARVK-nın sədri Anar Bağırov və Baş katibi (ştatın əvvəlki adı: Aparat rəhbəri) Bayram Orucov Serbiya VK-nın dəvəti ilə Belqrad şəhərində “Vəkil günü”nə həsr olunan təntənəli tədbirlərdə iştirak ediblər. ARVK-nın nümayəndə heyəti səfərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin Belqrad şəhərində yerləşən büstünü ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər.
Bundan başqa, 13-14 mart tarixlərində ARVK-nın sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Barolar Birliyinin (TBB) dəvəti ilə Türkiyədə rəsmi səfərdə olub. Səfər çərçivəsində Ankarada Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi, o cümlədən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarı – Anıtqəbir Movzeley Kompleksi ziyarət olunub. Daha sonra nümayəndə heyəti Türkiyənin Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan, Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca, TBB-nin başqanı Erinç Sağkan, o cümlədən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin ədliyyə nazirinin müavini Zekeriya Birkan və “Azaflı Hukuk ve Danışmanlık Bürosu”nun müdiri, Ankara VK-nın üzvü, Azərbaycan əsilli Arzuman Azaflı ilə görüşlər keçirib, hər iki ölkənin məhkəmə-hüquq və vəkillik sahəsindəki təcrübəsi, aparılan islahatlar müzakirə olunub.
Martın 30-da isə Azərbaycana səfərə gəlmiş Amerika Hüquq Məktəbinin (SAL proqramı) təsisçiləri Ketevan Jeladze və Maia Meskhi ARVK-da olublar. Qonaqlar Kollegiyanın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və Amerika Hüquq Məktəbi ilə VK arasında anlaşma memorandumu imzalanıb.
Həmçinin, martın 31-də Avropa Şurasının ölkəmizdə səfərdə olmuş nümayəndə heyəti – Marek Novitski və Ceremi Mk Brayd ARVK-da olublar. Kollegiyanın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə qonaqlar arasında görüş keçirilib.
14-17 aprel tarixlərində isə ARVK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Hindistan Vəkillər Kollegiyasının (HVK) dəvəti ilə Hindistana rəsmi səfər edib. Tədbir iştirakçıları üçün əvvəlcə HVK-nın prezidenti Prashant Kumarın paytaxt Nyu Dehlidə yerləşən iqamətgahında rəsmi ziyafət təşkil olunub, sonra “2023-cü il Nyu Dehli - "Qanunun aliliyinə dair Beynəlxalq Konvensiya”ya həsr olunmuş konfrans keçirilib. Tədbirin plenar iclasında məruzəçilərdən Anar Bağırov və Kollegiyanın üzvü Yunis Nəsibov çıxış edib.
Eyni zamanda, aprelin 18-də Avropa Şurasının ölkəmizə səfərə gələn nümayəndə heyəti – Robert Qolobinek və Nino Bakakuri ARVK-da olublar. Qonaqlarla Kollegiyanın sədr müavini Şahmar Məmmədov, VK-nın Baş katibi Bayram Orucov, sədrin müşaviri Fərhad Nəcəfov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova arasında görüş keçirilib.
22-29 aprel tarixlərində isə Estoniya Vəkillər Birliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Qonaqlarla Vəkillər Kollegiyasının nümayəndələri arasında görüş keçirilib, eyni zamanda, onlar Ali Məhkəməni və “Kamandar Nəsibov və Partnyorları” VB-ni ziyarət ediblər.
Sevindirici haldır ki, aprelin 29-da ARVK EYBA-ya rəsmi olaraq üzv qəbul olunub. Bu isə Kollegiyanın beynəlxalq arenada daha bir uğurudur.
Mayın 2-də isə ARVK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ofisinin rəhbəri və nümayəndələri arasında VK-da görüş olub, tərəflər arasında mövcud əməkdaşlıq münasibətlərininin yüksək qiymətləndirdiyi və gələcəkdə birgə layihələrin keçirilməsi üçün bu cür mütəmadi görüşlərin vacibliyi vurğulanıb.
Həmçinin, mayın 12-də “The Ritz-Carlton” mehmanxanasında beynəlxalq ekspertlərin iştirakı ilə “Beynəlxalq Kommersiya və İnvestisiya Arbitrajları” mövzusunda konfrans keçirilib, Kollegiyanın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib.
Bundan əlavə, 15 may tarixində Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Zix ARVK-da olub, Kollegiyanın sədri Anar Bağırov çıxış edib.
Eyni zamanda, mayın 17-də VK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə ABŞ-nin nüfuzlu universitetlərindən olan Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin “Beynəlxalq Hüquq Araşdırmaları Proqramı”nın rəhbəri (ILSP), professor Padideh Ala’i və universitetin “Xarici və Beynəlxalq Proqramlar”ının rəhbəri, professor Melanija Radnovic arasında Kollegiyada görüş keçirilib.
Mayın 18-də isə ARVK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə ABŞ Kommersiya Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) nümayəndəsi Skip Mark və ABŞ-nin ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Yusif Abasov arasında VK-da görüş olub, təlim və s. istiqamətində müzakirələr aparılıb.
Həmçinin, iyunun 1-də türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Qırğızıstan Respublikası Vəkillər Şurasının sədri Bilim Rayımkulov və Qırğızıstan (Şuranın) Respublikası Vəkillər Şurasının üzvü, vəkil Saipjan Murzakmatov VK-da olublar və hər iki qurum arasında memorandum imzalanıb.
İyunun 2-də isə Bakıda ARVK-nın və Özbəkistan Respublikasının Vəkillər Palatasının birgə təşəbbüsü ilə türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilib, VK-nın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib. Sonra Sürəyya Ağaoğlunun həyat və yaradıcılığına həsr olunan film nümayiş olunub. On ölkənin nümayəndə heyətinin, ümumilikdə isə 200-dən çox yerli və xarici qonaqların iştirak etdiyi tədbirdə Konfrans iştirakçıları tərəfindən “Gender bərabərliyinin təmin edilməsi üzrə” Birgə Bəyanat qəbul edilib: -
“Gender bərabərliyi beynəlxalq insan hüquqları hüququnun bir hissəsi kimi”
Gender bərabərliyini beynəlxalq insan hüquqları hüququnun tərkib hissəsi kimi qəbul edərək,
Konfransda iştirak edən ölkələrdə və bütün dünyada gender siyasətinin həyata keçirilməsinin nəticələrinin qiymətləndirilməsinin vacibliyini vurğulayaraq,
Qadın və uşaqların hüquqlarının həyata keçirilməsi təcrübəsini nəzərə almaqla, gender bərabərliyinin təmin edilməsinə yönəlmiş tədbirlərin hazırlanmasında kompleks yanaşmanı formalaşdırmaqla,
Qadınların idarəçilikdə səlahiyyətlərinin artırılmasına nail olmaq öhdəliyini dəstəkləməklə,
Gender bərabərliyi ilə bağlı problemlərinin həlli yollarının və vasitələrinin işlənib hazırlanması ehtiyacını dərk edərək,
Hüquqları pozulmuş şəxslərə keyfiyyətli hüquqi yardımın göstərilməsində, ayrı-seçkiliyin qarşısının alınmasında, o cümlədən şəxslərə qarşı zorakılığın aradan qaldırılmasında hüquqşünasların, xüsusilə də vəkillərin rolunun vacibliyini vurğulayaraq,
Konfrans iştirakçıları bəyan edirlər:
1. Peşəkar bacarıqlarının mahiyyəti etibarı ilə insan hüquqları uğrunda mübarizə aparan hüquqşünasları və hüquq peşəsinin digər nümayəndələrini gender bərabərliyinin təmin edilməsi ilə bağlı müxtəlif qurumlarda qadınların maraqlarının müdafiəsi üçün səy göstərməyə çağırmaq;
2. Təqib, ayrı-seçkilik və zorakılığın qurbanı olan qadınlara səmərəli hüquqi dəstək və ödənişsiz hüquqi xidmətlər (pro bono) göstərmək öhdəliyini bir daha təsdiqləyərək möhkəm iradəni ifadə etmək;
3. Qızlar üçün ödənişsiz təhsilin təmin olunması, eləcə də qızların cəmiyyətdə rolunun artırılaraq bərabər təhsil imkanları üçün şəraitin yaradılması ilə bağlı onların maraqlarının müdafiəsi üçün səy göstərməyə çağırmaq;
4. Bütün vəkilləri gender məsələlərinə həssas yanaşmağa və qadın və kişilərin bərabər hüquqlarını məhdudlaşdıran maneələri aradan qaldırmaq üçün öz səylərini, bilik və bacarıqlarını tətbiq etməyə çağırmaq;
5. Bütün maraqlı tərəflərin gender bərabərliyinin təmin olunmasına və qadınların idarəçilikdəki rolunun artırılmasına cəlb olunmasını tövsiyə edərək bu istiqamətdə öz səylərini gücləndirməyə çağırmaq;
6. Cəmiyyətdə gender balansına nail olunmasının təşviqinə yönəlmiş müxtəlif tədbirlərin (seminarlar, treninqlər, dəyirmi masalar, konfranslar) keçirilməsini dəstəkləmək.
İyunun 6-da isə ARVK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreyngerin və Liz Kristofersen arasında VK-da görüş keçirilib və sədr çıxış edib.
Eyni zamanda, 15-16 iyun tarixlərində Polşanın paytaxtı Varşava şəhərində Varşava VK-nın təşkilatçılığı ilə "Müasir Vəkillər Kollegiyası: Yeni "LegalTech" Çağırışları - Avropada "LegalTech" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda ARVK-nı "Biznes hüququ" və "Elektron Vəkillik" Komitələrinin üzvü İlham Hüseynov təmsil edib.
15-17 iyun tarixlərində isə Niderland Krallığının paytaxtı Amsterdam şəhərində keçirilən FBE-nin ümumi qurultayında ARVK həmin təşkilata tamhüquqlu üzv olaraq qəbul olunub. Konqresdə Kollegiyanın sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü Elçin Usub, Baş katib Bayram Orucov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasovadan ibarət nümayəndə heyəti iştirak edərək təqdimatla çıxış ediblər.
Həmçinin, 19-20 iyun tarixlərində ARVK sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Belçika Krallığının paytaxtı Brüssel şəhərində rəsmi səfərdə olub. Səfər çərçivəsində Brüssel Vəkillər Kollegiyasının Niderland dilli bölməsinin prezidenti Bernard Derveaux ilə görüş keçirilib, habelə nümayəndə heyəti AEA-EAL-in illik ümumi yığıncağında iştirak edib və CCBE-nin baş ofisini ziyarət edib. Daha sonra, ən nüfuzlu ali təhsil ocaqlarından olan Löven Katolik Universiteti (KU Leuven) hüquq fakültəsinin rəhbərliyi ilə ARVK nümayəndə heyəti arasında hüquq təhsili və təcrübəsinin sıx inteqrasiyasının təmin edilməsi, vəkillərin peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə qarşıdakı dönəm üçün əməkdaşlıq perspektivlərinin müzakirəsi aparılmışdır. Bundan başqa, Avropa Parlamentində görüş keçirilmişdir. Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir. Eyni zamanda, Avropa İttifaqı Avropa Xarici Fəaliyyət Xidmətinin İnsan Hüquqları üzrə işçi qrupunun sədri, Drahoslav Stefanek ilə görüş keçirilmiş, gələcəkdə birgə layihələrin keçirilməsi ilə bağlı fəaliyyətin təşkili üçün korrespondensiyanın başlanması razılaşdırılmışdır. Daha sonra, nümayəndə heyəti “Pravolex” VB-nin rəhbərləri, Brüssel Vəkillər Kollegiyasının üzvləri, Anna Sussarova və Anna Kolesnikova ilə görüşüblər. Görüşdə vəkillik fəaliyyətinə dair məsələlər müzakirə olunub.
23-24 iyun tarixlərində isə ARVK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub, Tbilisi şəhərində Gürcüstan Vəkillər Assosiyasiyasının (GVA) yeni inzibati binası – “Vəkillər Evi”nin rəsmi açılış mərasimində iştirak edib.
Bundan əlavə, iyulun 4-də Bakıda Azərbaycanın Konstitusiya Məhkəməsinin 25 illik yubileyi ilə əlaqədar “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib və Kollegiyanın sədri Anar Bağırov təbrik nitqi ilə çıxış edib.
Eyni zamanda, 28 sentyabr - 1 oktyabr tarixlərində EYBA, İngiltərə və Uels Gənc Vəkillər Kollegiyasının (İUGVK), Gənc Vəkillər Bölməsinin və London Gənc Vəkillər Qrupunun birgə təşkilatçılığı ilə London şəhərində EYBA-nın beynəlxalq tədbiri keçirilib. ARVK-nın EYBA-da səlahiyyətli nümayəndəsi Yunis Nəsibov sözügedən tədbirə qatılıb və Kollegiyanın nəzdində yeni təsis edilmiş “Gənc Vəkillər” Komitəsini EYBA üzvlərinə təqdim edib.
21-23 sentyabr tarixlərində isə ARVK sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri - Lalə Nağıyeva ilə Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova FBE ilə Portuqaliya VK-nın birgə dəvəti ilə “2023-cü il Lissabon Sammiti”ndə iştirak etmək üçün Lissabon şəhərində rəsmi səfərdə olub və nümayəndə heyətimiz çıxış edib.
Həmçinin, 1-2 oktyabr tarixlərində ARVK sədri Anar Bağırov və Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub İngiltərə və Uels Hüquq Cəmiyyəti (İUHC) ilə İngiltərə və Uels Vəkillər Kollegiyasının (İUVK) birgə dəvəti ilə “Hüquq İli”nin açılış mərasimində iştirak etmək üçün London şəhərində rəsmi səfərdə olub. Gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə ARVK sədri ilə Ukrayna Milli Vəkillər Kollegiyasının vitse-prezidenti Valentin Qvozdiy, o cümlədən beynəlxalq təşkilatların və bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi, habelə İUHC və İUVK çərçivəsində gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
5-7 oktyabr tarixlərində isə ARVK-nın sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü Vüqar Babayev və Vəkillərin İntizam Komissiyasının sədr müavini Elxan Quliyev Qazaxıstan Milli Vəkillər Kollegiyasının dəvəti ilə "Qanunun aliliyinə əsaslanan güclü vəkillik peşəsi" adlı VII Qazaxıstan Beynəlxalq Vəkillər Forumunda iştirak etmək üçün Astana şəhərində rəsmi səfərdə olub, sədr geniş təqdimatla çıxış edib.
Eyni zamanda, 5-7 oktyabr tarixlərində Polşanın Qdansk şəhərində FBE-nin Konqresi və iclasları keçirilib, ARVK-nı Rəyasət Heyətinin üzvü Elçin Usub təmsil edib.
Həmçinin, 12-13 oktyabr tarixlərində ARVK-nın sədri Anar Bağırov və Kollegiyanın Baş katibi Bayram Orucov Avropa Şurasının dəvəti ilə “Türkmənistanda ədalət mühakiməsinə çatımlılığın təşviqi: Beynəlxalq və Avropa hüququ və təcrübəsində vəkilin rolu” adlı beynəlxalq konfransda iştirak etmək üçün Aşqabad şəhərində rəsmi səfərdə olub və orada yeni təsis ediləcək vahid Vəkillər Kollegiyasında Azərbaycan təcrübəsi nəzərə alınıb.
Oktyabr ayının 25-də isə İtaliyanın paytaxtı Roma şəhərində Vəkillərin Beynəlxalq Assosiasiyasının (UIA) Baş Assambleya iclası keçirilib. Sözügedən tədbirə ARVK-nın UIA yanında rəsmi nümayəndəsi, “Elektron Vəkillik” Komitəsinin üzvü İlham Hüseynov qatılıb.
Bundan əlavə, 9-11 noyabr tarixlərində Kollegiyanın sədri Anar Bağırov və ARVK-nın AEA-EAL-dəki təmsilçisi Şərəf Məmmədova və Aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova AEA-EAL ilə GVA-nın birgə dəvəti ilə “Vəkillər üçün Biznes və İnsan Hüquqları” mövzusuna həsr olunmuş beynəlxalq konfransda və Gürcüstanda Vəkil Günü münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün Tbilisi şəhərində rəsmi səfərdə olub və nümayəndə heyəti müxtəlif sessiyalarda çıxış edib.
Noyabrın 17-də isə Avropa Şurasının Azərbaycandakı Ofisinin və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr olunmuş “Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib, Kollegiyanın sədr müavini Şahmar Məmmədov çıxış edib.
Eyni zamanda, 21-24 noyabr tarixlərində ARVK-nın üzvü Famil Məmmədov Paris Vəkillər Kollegiyasının (PVK) dəvəti ilə “Hüquq İli”nin açılış mərasiminə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərində rəsmi səfərdə olub.
23-24 noyabr tarixlərində isə ARVK sədri Anar Bağırov və Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub Yunanıstanın Afina Vəkillər Kollegiyasının dəvəti ilə CCBE-nin plenar iclasında iştirak etmək üçün Afina şəhərinə rəsmi səfərə gedib. Plenar iclasda CCBE-yə yeni prezident heyəti seçilib.
Bundan başqa, 24-27 noyabr tarixlərində ARVK-nın LAWASIA-dakı səlahiyyətli nümayəndəsi, Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova və Komitənin üzvü Gülnar Qurbanova HVK-nın dəvəti ilə LAWASIA-nın 36-cı konfransında iştirak etmək üçün Hindistanın Benqaluru şəhərində rəsmi səfərdə olub. Konfransda Hindistanın Ali Vəkili Shyam Divan LAWASIA-nın yeni prezidenti seçilib.
Noyabrın 27-28 tarixlərində isə ARVK-nın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova və Vəkillərin İntizam Komissiyasının üzvü, “Kəngərli və Partnyorları” VB-nin rəhbəri İsmayıl Kəngərli Hindistan Milli Hüquqi Xidmətlər İdarəsi (NALSA), Beynəlxalq Hüquq Fondu (ILF), BMT-nin İnkişaf Proqramı (UNDP) ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Hindistan Ali Məhkəməsində (HAM) hüquqi yardıma çatımlılıq üzrə 1-ci regional Konfrans: “Qlobal Cənubda ədalət mühakiməsinə çatımlılığın genişləndirilməsi” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak ediblər. Konfransda Hindistanın Prezidenti Droupadi Murmu, Hindistanın Vitse-prezidenti Jagdeep Dhankhar və digər rəhbər şəxslər qatılıb.
Eyni zamanda, noyabrın 30-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), BMT-nin Azərbaycan Nümayəndəliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib və Kollegiyanın sədri Anar Bağırov giriş sözü ilə çıxış edib.
Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dekabrın 7-də “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə ARVK Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva, Vəkillərin İntizam Komissiyasının üzvü Esmira Hüseynova, Kollegiyanın üzvləri - Leyla Məmmədova, Sevda Məhərrəmova, Şəfa Camalzadə, Sevinc Əliyeva, Aygül Rəfiyeva, Ayşə Abdel Qadir, Aynur Hüseynova iştirak edib.
Həmçinin, dekabrın 1-də ARVK-da Misir Ərəb Respublikasının Dövlət Şurasının (Ali İnzibati Məhkəməsi) nümayəndə heyəti ilə görüş keçirilib və Kollegiyanın sədr müavini Şahmar Məmmədovla VK-nın Baş katibi Bayram Orucov çıxış ediblər.
Beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən təlimlər və seminarlar
Məlum olduğu kimi, VK-nın Hüquqi Yardım və Tədris Mərkəzində (HYTM) 2022-ci ilin 4-5, 10-11, 16-17, 21-22, 23-25 və 28-29 noyabr tarixlərində UNİCEF-in Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində "Uşaqyönümlü hüquqi yardım - uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti" mövzusunda təlimlər baş tutmuşdu. Yüz üç vəkilin iştirak etdiyi təlim ümumilikdə 6 qrup olmaqla təşkil edilmişdi. Təlimçi qismində VK-nın üzvü, uşaq hüquqları üzrə ekspert Rafiq Alışov iştirak etmişdi. 2023-cü il yanvarın 12-də sözügedən təlimin bağlanış mərasimi keçirilib və iştirakçılara sertifikatlar təqdim olunub.
Fevralın 6-da isə Avropa İttifaqı və Avropa Şurasının təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi üzrə ARVK üzvləri üçün “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusunda seminar təşkil olunub və Kollegiyanın sədr müavini Aydın Axundov çıxış edib.
Eyni zamanda, mayın 3-də Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək layihəsi çərçivəsində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3,5 və 6-cı maddələrinə dair təlimçilər üçün təlim təşkil edilib. Üçgünlük təlimlər VK, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi (Mərkəz), Hüquq və İnsan haqları İnstitutu və Avropa Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Bundan başqa, 11 iyul tarixində ELSA Azərbaycanın (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) təşkilatçılığı, ARVK və Ali Məhkəməsinin dəstəyi ilə Bakı şəhərində “Biznes hüququ” mövzusunda VII beynəlxalq yay hüquq məktəbinin açılış mərasimi baş tutub. İyirmidəm çox ölkədən ümumilikdə 70 tələbənin iştirak etdiyi yay hüquq məktəbi iyul ayının 16-na qədər davam edib.
12-14 iyul tarixlərində isə “Fairmont Baku” mehmanxanasında ABŞ-nin Kommersiya Departamentinin “Kommersiya hüququnun inkişafı proqramı” ilə (CLDP) ARVK-nın əməkdaşlığı çərçivəsində Kollegiya və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri üçün beynəlxalq arbitraj hüququna dair üçgünlük praktiki təlim keçirilib, VK-nın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib.
Eyni zamanda, Kollegiyanın üzvü Nurəngiz Qarayeva İnsan Hüquqları üzrə Avropa Məhkəməsində təcrübə keçib. Təcrübə proqramı 11-21 iyul tarixlərini əhatə edib.
ARVK ilə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə əməkdaşlığı çərçivəsində sentyabr ayının 12-də Şirvan şəhərində yerləşən Olimpiya İdman Kompleksində və sentyabrın 14-də isə Lənkəran şəhəri ərazisindəki “Luxe Hotel”də Kollegiyanın üzvləri, prokurorluq, ədliyyə qurumlarının əməkdaşları və hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə təlimlər keçirilib.
Sentyabrın 29-da isə hüquq peşəkarları üçün İnsan Hüquqları sahəsində Təhsil Proqramının (HELP) “Hakimlər, Prokurorlar və Vəkillər üçün Etik Qaydalar” adlı təlim kursunun açılış mərasimi keçirilib. Hibrid formatda keçirilən açılış mərasimində ARVK-nın sədr müavini – HYTM-nin direktoru Şahmar Məmmədov çıxış edib.
Bundan başqa, sentyabrın 27-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, VK ilə əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün “BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq”, oktyabrın 12-də “Yetkinlik yaşına çatmayanlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi. Beynəlxalq standartlar”, oktyabrın 20-də “BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq” və habelə noyabr ayının 16-17-si tarixlərində isə “BMT-nin qadın hüquqlarının müdafiəsi sahəsində mexanizmləri” mövzuları üzrə təlimlər keçirilib.Təlimlərdə Kollegiyanın üzvləri də iştirak edib.
Bundan əlavə, 15 noyabr tarixində ARVK HYTM-də Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmlər doktoru, professor Lətif Hüseynovla hüquq ictimaiyyətinin nümayəndələri arasında görüş keçirilib, hüquq ictimaiyyəti ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bu xəbər oxucular tərəfindən 7004 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |