Şrift:
Milli Məclisin 2024-cü ilin yaz sessiyasında ilk plenar iclası keçirilib
02.02.2024 [10:02] - Xəbərlər, Gündəm, Siyasət
Fevralın 1-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2024-cü ilin yaz sessiyasında ilk plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Milli Məclisin sədri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşkilat ilə əməkdaşlığının və onun fəaliyyətində iştirakının dayandırılmasının qərara alındığını xatırladıb, qurumda ölkəmizə qarşı haqsızlıq və qeyri-obyektivliyin, qərəz və ikili standartların olduğunu bildirib.

O, sessiyalar arasındakı dövrdə Milli Məclisdə bir sıra mühüm görüşlərin keçirildiyini və danışıqların aparıldığını deyib.

Sahibə Qafarova bildirib ki, yaz sessiyasının sessiyanın qanunvericilik işləri planı hazırlanıb. O, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı üçün lazımi tədbirlərin görüləcəyini qeyd edib.

Sonra iclasın gündəliyi təsdiqlənib və cari məsələlərin müzakirəsinə başlanılıb.

Müzakirələrdə deputatlar Cavanşir Feyziyev, Sevil Mikayılova, Soltan Məmmədov, Şahin İsmayılov, Kamran Bayramov, Elşən Musayev, Anar İsgəndərov, Bəhruz Məhərrəmov, Aqil Abbas, Fəzail Ağamalı çıxış ediblər.

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova müzakirə ediləcək 10 məsələnin ilk 3-nün Milli Məclisin qərar layihələri olduğunu söyləyib.

Məsələ ilə əlaqədar müzakirələrdə çıxış edən parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlar Əli Məsimli, Əziz Ələkbərov, Fəzail Ağamalı yaz sessiyasının qanunvericilik işləri planı haqqında fikirlərini açıqlayıblar. Onlar sənədin məqsədəmüvafiq olduğunu bildirib, bəzi təkliflərini veriblər.

Çıxışlarda, həmçinin “Ali təhsil haqqında” qanun layihəsi, bununla bağlı ictimai dinləmələrin keçirilməsi barədə bəzi fikir və qeydlər də səsləndirilib. Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qaldırılan məsələlərə aydınlıq gətirib.

Sahibə Qafarova səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra parlamentin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İntizam komissiyasının və Hesablayıcı komissiyanın yaradılması haqqında Milli Məclisin qərar layihələri səsə qoyularaq qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında qanun layihəsini təqdim edib. O bildirib ki, "Zeytun yağı və süfrə zeytunlarına dair Beynəlxalq Saziş" 2015-ci il oktyabrın 9-da Cenevrədə keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Konfransında imzalanıb. Saziş 7 fəsil, 37 maddə və 3 əlavədən ibarətdir.

Komitə sədri qeyd edib ki, bu Sazişin müddəalarının tətbiqi məqsədilə Beynəlxalq Zeytun Şurası yaradılır. Sazişə qoşulmuş üzvlər zeytunçuluğun dayanıqlı inkişafına zəmanət vermək üçün üzərlərinə düşən zəruri tədbirləri həyata keçirmək öhdəliyi götürür. Bu Saziş 2026-cı il 31 dekabradək qüvvədədir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik etdiyi komitənin sənəd barədə rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova növbəti 4 məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O diqqətə çatdırıb ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş qanun layihəsində müvafiq icra hakimiyyəti orqanının ehtiyatında olan və toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayının Azərbaycan Prezidenti ilə razılaşdırmaqla həmin orqan tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Elnur Allahverdiyev, Sabir Rüstəmxanlı öz fikirlərini və bəzi təkliflərini səsləndiriblər.

Komitə sədri Ziyafət Əsgərov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O diqqətə çatdırıb ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometr uzunluqda olan hissəsi ödənişli yol kimi müəyyən edilib və Tarif Şurasının qərarı ilə gediş qiymətləri təsdiqlənib. Qeyd olunub ki, yığılan məbləğlərin istifadəsi ilə bağlı qaydalar Nazirlər Kabineti tərəfindən qəbul edilib və bununla bağlı qanunvericilikdə də əsas yaradılmalıdır. Bildirilib ki, müzakirəyə təqdim olunan layihə ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb.

Müzakirələrdə çıxış edən deputatlar Fəzail Ağamalı və Hikmət Məmmədov sənədin məqsədəmüvafiq olduğunu bildiriblər və bəzi qeydlərini də səsləndiriblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Tahir Rzayev “Qida təhlükəsizliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O qeyd edib ki, Qanun 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minib. Sənəd ölkəmizdə insanların həyat və sağlamlığın qorunması, yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, sahibkarlığın inkişafı və digər sahələrin inkişafında önəmli rol oynayır.

Deputatlar Vüqar Bayramov, Azay Quliyev, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı, Tahir Kərimli sənəd barədə bəzi qeydlərini bildiriblər.

Komitə sədri Tahir Rzayev səsləndirilən fikirlərə münasibət bildirib, ölkəmizdə fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, habelə müvafiq laboratoriyalarda görülən işlərdən bəhs edib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə uşaq hüquqlarının müdafiəsinin dövlət təminatı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qeyd olunub ki, Ailə Məcəlləsinə təqdim olunan dəyişikliklər valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına Prokurorluq orqanlarının da əlavə edilməsini özündə ehtiva edir.

Layihədə uzunmüddətli mühafizə orderinin verilməsinə dair xüsusi icraatı tənzimləyən normaların mövcudluğu zərurətini nəzərə alaraq, Mülki Prosessual Məcəllədə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Bununla yanaşı, "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın müvafiq bəndinə əsasən məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli məhkəmə müdafiəsinin əsasını təşkil edən maddi hüquq normalarının tətbiqi zəruri prosessual normaların mövcudluğunu tələb etdiyindən "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov məsələ ilə bağlı bu komitələrin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri gündəliyin son iki məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib. O, sənədlərin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.

Hicran Hüseynova “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, payız sessiyasının son plenar iclasında bu məsələ barədə məlumat verildiyini və qanun layihəsinin birinci oxunuşda qəbul edildiyini, sənədin ikinci oxunuşda komitədə geniş müzakirə olunduğunu söyləyib. Qanun layihəsi məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün əlaqələndirmə mexanizminin yaradılması məqsədilə hazırlanıb.

İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov bu komitənin sənəd barədə müsbət rəy verdiyini bildirib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan məsələ ilə bağlı bu komitənin müsbət rəyini diqqətə çatdırıb.

Sonra Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, dəyişikliklərdə dövlət hesabına hüquqi yardım alan şəxslərin dairəsinə məişət zorakılığından zərər çəkmiş şəxslərin də aid edilməsi, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyin pozulmasına dair sanksiyaların daha da sərtləşdirilməsi nəzərdə tutulur.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdikləri komitələrin bu məsələ ilə bağlı rəylərini diqqətə çatdırıblar.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Elşad Mirbəşir oğlu, Aydın Hüseynov, Etibar Əliyev, Aqil Abbas çıxış edərək öz fikirlərini, qeyd və təkliflərini bildiriblər.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin plenar iclası başa çatıb.
Bu xəbər oxucular tərəfindən 656 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed