Şrift:
Türkdilli xalqların həyatı Azərbaycan KİV-lərində.
12.02.2013 [11:41] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan Mətbuat Şurasının və Zərdabi Mətbuat Mərkəzinin "Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycanın KİV-lərdə: mövcud durum və peşəkarlığın artırılması yolları" adlı birgə layihəsi çərçivəsində dəyirmi masa keçirilib. Təşkilat 2013-cü ilin əvvəlindən bu layihəyə start verib. Layihənin icrası üçün Zərdabi MM-in tərkibində Türkdilli ölkələrin və toplumların mediası ilə iş üzrə departament də yaradılıb.

Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə çıxışında bildirib ki, layihədən məqsəd Azərbaycan mediasının və ümumilikdə media ictimaiyyətinin türk dünyası ilə bağlı materiallara diqqətini artırmaqdan, mətbuat orqanlarının mövcud sahədəki peşəkarlıq səviyyəsinə dair konkret meylləri müəyyənləşdirməkdən, həmçinin jurnalistlərin sahəyə olan marağını stimullaşdırmaqla ibarətdir.
R.Hüseynzadə rəhbərlik etdiyi qurumun layihə çərçivəsində keçirdiyi monitorinqin yanvar ayı üçün nəticələrini açıqlayıb. O bildirib ki, monitorinqə cəlb olunmuş media vasitələrinin sayı 30 olub. Onlardan 23-ü qəzet, 7-i internet üzərindən yayımlanan informasiya agentliyi və xəbər portalıdır. Monitorinq müəyyənləşdirib ki, qəzetlərdə, informasiya agentliklərində və xəbər portallarında türk dünyası ilə bağlı yanvar ayında getmiş materialların ümumi sayı 338 olub. Bunlardan 172-si qəzetlərin, 166-sı isə internet üzərindən yayımlanmış media vasitələrinin payına düşür. Qəzetlərin 172 materialından 126-sı xəbər, 21-i analitik material, 15-i müsahibə, 9-u elmi material, 1-i isə reportajdır. İnformasiya agentliklərində və xəbər portallarındakı 166 materialın bölgüsünə gəldikdə, burada informasiyaların sayı qəzetlərə nisbətən çoxdur - 150. Müvafiq olaraq digər janrlara müraciət faizi aşağıdır. Yerdə qalan 16 materialın 6-sı müsahibə, 6-sı bilavasitə elmi faktlara əsasanmış material, 4-ü isə türkdilli ölkələrin və toplumların qlobal dünyadakı yerinin təhlilinə hesablanmış analitik səciyyəli yaradıcılıq nümunəsidir.
Monitorinqdə materialların hansı türkdilli bölgə ilə bağlılığına da diqqət yetirilib. Bu baxımdan üç bölgü müəyyənləşdirilib: 1) türkdilli ölkələr, 2) türkdilli muxtar birliklər və ərazi vahidləri, 3) türkdilli xalqların kompakt məskunlaşdıqları ölkələrdir.
Qəzetlərin barəsində ən çox material dərc etdiyi türkdilli ölkə Türkiyədir - 67 informasiya. İkinci yerdə 26 informasiya ilə Qazaxıstan dayanır. Üçüncülük barəsindəki 4 informasiya ilə Qırğızıstana məxsusdur. Monitorinq müddətində Özbəkistan və Türkmənistanın hər biri ilə bağlı 3 informasiya yayımlanıb. Monitorinq müddətində Azərbaycan mediasında türkdilli muxtar qurumlar və ərazi vahidləri barədə cəmi 1 informasiyaya rast gəlinib. Həmin informasiya Başqırdıstan barədə olub. Monitorinqi aparılan qəzetlərdə ötən ay Şimali Kipr Türk Cumhuriyyəti haqqında ümumilikdə 8 material yayımlanıb. Türkdilli xalqların kompakt məskunlaşdıqları bölgələrlə bağlı materiallar içərisində İrana, daha doğrusu Cənubi Azərbaycana dair materiallar üstünlük təşkil edir - 20. İkinci yerdə Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti ilə əlaqədar materiallardır - 19. İraq türkmənləri ilə bağlı 6 materiala rast gəlinir. Qəzetlərdə Bolqarıstanda yaşayan türklərlə bağlı 5 material gedib. Bundan başqa Avropanın müxtəlif ölkələrində türklərin yaşayış tərzi və fəaliyyətini əks etdirən 10 informasiyaya da rast gəlinir.
İnformasiya agentliklərində və portallarda gedən 166 materialın 72-si Türkiyə, 19-u Avropanın müxtəlif bölgələrində yaşayan türklərlə, 17-si Cənubi Azərbaycan türkləriylə, 17-si Qazaxıstanla, 13-ü Borçalı türkləriylə, 7-si Şimali Kipr Türk Cumhuriyyətilə, 6-ı İraq türkmanları ilə, 5-i Qırğızıstanla, 3-ü Özbəkistanla, 3-ü Türkmənistanla, 2-si Krımla, 2-si Çinin uyğurlar yaşayan bölgəsiylə bağlıdır.
Müasir dövrün informasiya əsri olduğunu deyən Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Sadettin Topukçu türkdilli ölkə və toplumların dünyaya inteqrasiyası baxımından medianı son dərəcə güclü vasitə kimi dəyərləndirib. O deyib ki, media Azərbaycanın, Şimali Kiprin, bütövlükdə türk dünyasının üzləşdiyi ədalətsizliyin də dünyaya çatdırılmasını təmin edən mühüm silahdır və ondan istifadənin məqsədyönlü xarakter daşıması strateji əhəmiyyət daşıyır.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN - Central Asian and Southern Caucasian Freedom of Expression Network) sədri Azər Həsrət rəhbərlik etdiyi qurumun iş istiqamətlərindən söz açıb. O bildirib ki, 2008-ci ildən fəaliyyət göstərən CASCFEN əsasən Orta Asiya regionu ilə sıx təmaslara malikdir. Qurum özünün "Yalquzaq" elektron qəzetini buraxır. "Ümumən türk dünyasının bir-birinə yaxınlaşması istiqamətində işlər görülür. Amma müəyyən ideyalar var ki, onların gerçəkləşdirilməsi üçün əsaslı dövlət dəstəyinə ehtiyac var".
"Dəyirmi masa"da "Xalq qəzeti"nin baş redaktor müavini, "Azərbaycan-Türkiyə: dostluq və qardaşlıq əlaqələri" kitabının müəllifi Afət Məmmədov Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrini mediada müntəzəm işıqlandırdığına və anadan olmasının 65 illik yubileyinə görə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunub.
Qeyd edək ki, “dəyirmi masa”da “Millətçilik” qəzetinin baş redaktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı Pərviz Elay, KIV rəhbərləri, ictimai-siyasi xadimlər, media ekspertləri, türkdilli ölkələrin Azərbaycandakı səfirliklərinin və diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Sevda Elay (Əsgərova)
P.S. Sonda onu da qeyd edək ki, Azərbaycan mətbuat aləmində türkdilli xalqların yaşam tərzindən, adət- ənənəsindən, digər cəmiyyətlərə inteqrasiyasından ən çox yazılar yazan “Türküstan” və “Millətçilik” qəzetlərinin adları nədənsə bu tədbirdə çəkilmədi və tərəfimizdən bildiririk ki, bu təəssüfdoğuran haldır.
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed