Şrift:
Fərəc Quliyev:Paşinyan bir neçə tərəfi razı salmalıdır
13.02.2024 [10:34] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Ərazilərlə bağlı güzəşt ola bilməz

Ermənistanın təqdim etdiyi xəritələri qətiyyən qəbul edə bilmərik

Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bir sıra açıqlamalar verib. Baş nazir bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var. Paşinyan güman edir ki, Azərbaycanda keçirilmiş Prezident seçkilərindən sonra buna nail olmaq mümkün olacaq: “Deyə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var”. Baş nazir sərhədlərin müəyyənləşməsi məsələsindən də danışıb və yenə sovet dövrünün xəritələri üzərində dayanıb: "Əgər biz sovet ittifaqına daxil olan zaman ərazilərdən danışırıqsa, bu kontekstdə ittifaqdan əvvəlki dövrdən danışmaq heç də düzgün deyil. Niyə? Çünki üçtərəfli və dördtərəfli formatda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmada Almatı Bəyannaməsi əsasında iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıyacağı yazılı şəkildə qeyd olunub”. Paşinyan bildirib ki, Azərbaycan tərəfinin verdiyi açıqlamalara görə təhlillər aparılır və Azərbaycanın əldə olunmuş razılaşmalardan geri addım atdığına dair analizlər var: “Lakin Azərbaycan, xüsusən, Soçi və Praqada qəbul edilmiş bəyanatlardan öz imzasını geri götürdüyünü bəyan edənə qədər tamamilə aydındır ki, Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu məntiqin əksi qanunsuzdur”. Baş nazir vurğulayıb ki, o, Ermənistanın inkişafına və davamlılığının artırılmasına yönəlmiş islahatlar yolunu davam etdirir: "Regional sabitliyin pozulmasına və bu istiqamətdə atılan addımlara gəlincə, bu, təbii ki, hər bir sağlam düşüncəli insanda narahatlıq yaradır". Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin dövlətlərarası xarakter daşıması çox vacibdir: “Diplomatik münasibətlərimiz olmasa da, imzaladığımız sənədlərə istinad etmək məcburiyyətindəyəm. Mən artıq dedim ki, biz Azərbaycanla gücdən istifadə etməmək və güc tətbiq etməklə hədələməmək haqda sənəd imzalamışıq. Əgər Azərbaycan imzaladığı sənədlərə hörmət etmirsə və ya hörmət etməməlidirsə, o zaman Azərbaycan istənilən ölkəyə hücum edə bilər, niyə təkcə Ermənistan? Azərbaycanın ətrafına baxın: əgər o, beynəlxalq öhdəliklərini yerinə yetirməsə, o zaman hər hansı qonşu dövlətə hücum edə bilər, əgər belədirsə”.

Ermənistan baş nazirinin bəyanlarını "Sherg.az"a təhlil edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev deyib ki, Paşinyan elə vəziyyətdədir ki, həm Azərbaycana, həm Rusiyaya, həm Qərbə, həm də daxili auditoriyaya yönəlik danışmaq məcburiyyətindədir. Partiya rəhbəri bildirib ki, Paşinyan bir neçə tərəfi razı salmalıdır:

"İrəvan hökumətinin gücü yoxdur. Revanşist qüvvələr hər an Paşinyanı devirmək üçün hazır dayanıblar. Baş nazir təhdidlərlə üz-üzə qaldığı üçün sülh müqaviləsini imzalamağa tərəddüd edir. Yeni ağaları da baş nazirə verdikləri sözü tam tutmayıblar. Ukraynada baş verən son hadisələrdən sonra Rusiyadan da ehtiyatlanır. Ona görə də qeyri-müəyyən, ziddiyyətli danışmaqla vaxt qazanmağa çalışır. Əgər konkret mövqe ortaya qoysa, qısa zamanda anlaşma mümkündür. Paşinyanın sovet xəritələri üzərində danışması ona əsas verir ki, İrəvan bir neçə məsələdən ehtiyat edir. Gündəmdə Zəngəzur dəhlizi məsələsi var və Çin, Rusiya da daxil olmaqla böyük dövlətlər bunda maraqlıdırlar. Sadəcə, hələlik qısa zaman üçün maraqların toqquşması yaşanır. Məsələn, Qərb istəyir ki, Moskvanın nəzarətində olmayan bir dəhliz açılsın. Kreml isə bunun əksinə çalışır. Amma ümumilikdə dəhlizin açılmasına qarşı çıxan tərəf yoxdur. Ermənistan tərəfi yaxşı bilir ki, Zəngəzur 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub və Bakı bundan istifadə edərək həmin bölgəni götürə bilər. Ona görə də qabaqlayıcı tədbir kimi daim səsləndirirlər ki, guya, Azərbaycan Ermənistan ərazisinə hücum etmək istəyir və s. Bu iddialarla əsasən Qərb çıxış edir ki, bölgəyə öz qüvvələrini daha çox cəmləsinlər. Məqsəd odur ki, Paşinyanın ətrafında qoruyucu sədd çəksinlər. Çünki daxili qüvvələrə güvənmirlər. Digər yandan Paşinyan üçün "sərhəd ordusu" düzəldirlər. Son günlər Ermənistan sərhədlərini qoruyan rus sərhədçilərlə bağlı narazılıqlar gündəmə gətirilir".

F.Quliyev vurğulayıb ki, 1972-ci ilədək Azərbaycanın müxtəlif əraziləri Ermənistana verilmişdi. O səbəbdən Paşinyan və onun komandası sərhədlərin müəyyənləşməsi məsələsində tez-tez 1975-ci ildən bu yana mövcud olan xəritələrin əsas götürülməsini istəyirlər: "Zəngəzur Ermənistana tam olaraq verilməmişdi. Daha doğrusu, 1929-cu ildə Zəngəzurun Ermənistana verilməsi 1969-cu ildə təsdiq olunmuşdu. Ona görə də ermənilər 1975-78-ci illəri əks etdirən xəritələrə istinad edirlər. Çünki elə olarsa, 8 kəndimiz də Ermənistan sərhədləri daxilində qalacaq. Qazaxın kəndləri və Naxçıvanın Kərki kəndi anklav vəziyyətinə ona görə düşüb ki, ətrafındakı əkin sahələrini ermənilərə veriblər. İrəvan əvvəlki xəritələrə istinad etsə, bu əraziləri qeyd-şərtsiz qaytarmalıdır. Paşinyan "ərazi itirməyə" görə yox, hakimiyyətini itirməyə görə qorxur. Bilir ki, bu məsələlər reallaşarsa, revanşist qüvvələr onu devirmək üçün əllərindən gələni edəcəklər. Kilsə də Paşinyana qarşıdır. Rusiyayönlü qüvvələr də bir tərəfdən təzyiq göstərirlər. Amma bütün bunlara rəğmən, Paşinyan sülh müqaviləsində maraqlıdır. Sadəcə, Azərbaycanla ikitərəfli danışıqlarda "arxa qapı" diplomatiyasını tətbiq etməyə, bəzi məsələləri təxirə salmağa, mümkün olanları isə indi çözməyə çalışır".

Partiya sədrinin qənaətincə, Bakı Moskva-İrəvan gərginliyindən istifadə etməli və 1920-ci ilin xəritələrin müzakirəsini dövriyyəyə buraxmalıdır: "Putinin belə bir fikri var idi. Deyirdi ki, "hansı dövlət SSRİ hansı ərazilərlə daxil olubsa, həmin ərazilərlə çıxmalıdır". Düzdür, Putin bunu Krıma görə demişdi. Amma biz bu ifadələri Azərbaycan üçün tətbiq etməliyik. SSRİ-yə zorla hansı ərazilərlə daxil edilmişiksə, həmin ərazilər üzərindən sərhədlər müəyyən olunmalıdır. Ermənistanın təqdim etdiyi xəritələri qətiyyən qəbul edə bilmərik. Ərazilərlə bağlı güzəşt ola bilməz. Almatı Bəyannaməsi də sürüşkən məsələdir. Bəyannamənin müzakirəsi gedərkən erməni parlamentində Azərbaycan ərazisi olan Qarabağın Ermənistana "birləşməsi" haqqında qərar qəbul edilmişdi. Bu məqam İrəvanın xeyrinə olduğu üçün Almatı Bəyannaməsini əsas götürür".

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 580 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed