12.02.2013 [14:40] - DAVAMın yazıları
Seymur Verdizadə
Temir kişi İkinci Dünya Müharibəsində cəmi 6 ay iştirak etmişdi. 1942-ci ilin yanvar ayında cəbhəyə yola düşsə də, başından yaralandığı üçün iyul ayında ordudan tərxis olunmuşdu. Amma Temir kişi 6 aylıq müharibə xatirələrini düz 60 il danışdı...
Biz uşaq olanda məktəbimizdə tez-tez müharibə veteranları ilə görüş keçirilirdi. Hamı səbirsizliklə Temir kişinin çıxışını gözləyirdi. Temir kişinin keçmiş sovet rəhbəri Stalin yoldaşla çörək kəsdiyini ilk dəfə 3-cü sinifdə oxuyanda eşitmişdim. Biz erməni işğalı nəticəsində doğma kəndimizdən didərgin düşdüyümüz günə kimi Temir kişi bu hadisəni nəql etməkdən yorulmadı. Eşitdiyimə görə, o, Bakının Hövsan qəsəbəsində müvəqqəti məskunlaşdığı bağçanın yan-yörəsindəki həyət evlərində yaşayan insanlara da hər gün bu barədə danışırmış.
Bizim kənddə Temir kişinin döyüş yolunu hamı əzbər bilirdi. Dediyinə görə, Stalinlə 1942-ci ilin fevral ayında tanış olub. Temir kişinin xidmət etdiyi tabor alman qoşunlarının hücumunu dəf etmək üçün həmin gün çox əziyyət çəkib. Sinəsini yaş torpağa dayayan Temir kişi düşmənin qarşısını saxlamaq üçün düz bir saat faşistləri “güllə yağışı”na tutub. Mənfur düşmənin burnu ovulandan sonra Temir kişi uzandığı yerdən qalxmaq istəyib. Amma başının üstündə “millət atası” Stalin yoldaşı görəndə, özünü itirib. Dediyinə görə, rəhbər əlini onun çiyninə qoyaraq, Azərbaycan dilində təşəkkür edib: “Sağ ol, qarabala!” Amma Stalin yoldaş bununla da kifayətlənməyib. O, cibindən çıxardığı bir qutu sünbüllü peçenyeni Temir kişiyə uzadıb. Söhbətin bu yerinə çatanda, rəhmətlik həmişə belə deyirdi: “Qutunu açıb, bir dənə peçenye çıxardım. Yarısını özüm yedim, yarısını da Stalin yoldaşa uzatdım. Sağ olsun, əlimi geri qaytarmadı. Bizim taborda Stalinlə çörək kəsmək bircə mənə qismət oldu”.
Temir kişi ömrünün sonuna kimi Stalinə sadiq qaldı. Xruşşov hakimiyyətə gələndən sonra Stalinin kolxoz idarəsinin qarşısındakı büstünü uçurmuşdular. Bu xəbəri eşidən Temir kişi rəhbərin büstünü zibillikdən götürüb, evə aparır. Arvadı etiraz edəndə isə rəhmətliyin cavabı belə olur: “Bu kişi ilə çörək kəsmişəm. Mən, duz-çörəyi tapdalayan adam deyiləm”.
Böyüklər Temir kişinin müharibə ilə bağlı söhbətlərinə bir o qədər əhəmiyyət verməsələr də, biz uşaqlar onu dinləməkdən yorulmurduq. Hətta qonşu kəndin uşaqlarının yanında tez-tez Temir kişidən söhbət salıb, əməlli-başlı qürrələnirdik. Zarafat deyil, Stalinlə çörək kəsmək axı hər adama nəsib olmayıb.
1993-cü ildə kəndimiz işğal olunanda Temir kişi evdən ancaq Stalinin büstünü götürdü. Övladlarının dediyinə görə, o, ömrünün sonuna kimi Stalinin büstünü yaşadığı bağçada əziz bir xatirə kimi qoruyub-saxlayırmış...

Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |