Şrift:
“Keçmişdə yeddi çərşənbə qeyd olunurdu” – folklorşünas alim yalançı çərşənbələrdən danışır
20.02.2024 [10:44] - Mədəniyyət
Bu gün olduğu kimi, keçmiş zamanlarda da Novruz bayramına təmtəraqlı hazırlıq görülüb, ən əziz bayram kimi qarşılanıb. Hətta keçmişdə Novruz bayramına hazırlıq zamanı icra edilən bir çox mərasim və ayinlər günümüzə qədər gəlib çatmayıb, unudulub. Novruz bütün Türk dünyasının ortaq, qədim bayramı olmaqla yanaşı, həm də özündə türk xalqlarının ən yaxşı xüsusiyyətlərini, mərasim və ayinlərini daşıyan ən gözəl yaz bayramıdır. Günümüzdə Novruz bayramına qədər dörd çərşənbə axşamı xüsusi olaraq bayram kimi qeyd edilsə də, keçmişdə yeddi çərşənbə axşamı qeyd edilib.

Bunu müsahibəsində AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev söyləyib. O bildirib ki, bu çərşənbələrin üçü “yalançı (xəbərçi) çərşənbə”, bəzən “oğru üskü”, digər üçü isə “doğru çərşənbə” və ya “doğru üskü” adlandırılıb. “Üskü” sözü od mənasındadır. Sonuncu, yeddinci çərşənbəyə isə ilin axır çərşənbəsi deyilib. Folklordakı “De Novruza nə qaldı, düz əllicə gün qaldı” deyimi Novruz bayramına qədər olan yeddi həftəni - yeddi çərşənbəni bildirir. Əlli gün Yalançı çərşənbədən hesablanır və həmin vaxt Novruza düz yeddi həftə qalır. Novruz bayramından əvvəl, boz ayda qeyd edilən dörd çərşənbə su, od, yel və torpaq (ilaxır) çərşənbə kimi sıralanır. Bu çərşənbələrin içərisində ən təmtəraqlı qeyd ediləni ayinlərlə zəngin olan ilaxır çərşənbədir. Bəzi bölgələrdə ilaxır çərşənbə Novruz bayramından da təmtəraqlı qeyd edilir. Bütün çərşənbələrdə tonqal qalanır, məşəl (lopa) hazırlanır, şam yandırılır.

“Kiçik Çillə adətən çox soyuq, şaxtalı-boranlı olur. Çayların, bulaqların suyu donur, çoxlu qar yağır. Elə ona görə də Kiçik Çilləni “qışın oğlan çağı” adlandırırlar. Həmin dövrdə mal-heyvanın otu azalır, zirzəmilərdə ərzaqlar tükənməyə doğru gedir. Kiçik Çillənin ilk ongünlüyündə “Xıdır Nəbi”, “Xıdır” adlandırılan daha bir qış mərasimi, tarixi bayram da qeyd olunur. Xıdır Nəbi bayramında buğdanı sacda qovururlar. Qovurulmuş buğda “qovurğa” adlanır. Sonra onu kirkirədə (dəstərdə) üyüdüb “qovud” adlanan narın hissəsini və “yarma” adlanan digər iri hissəsini ayrı-ayrılıqda qablara tökərlər. Bir qaba şərbət, doşab və üyüdülmüş buğdanın narın hissəsi tökülərək qarışdırılır və qovud hazırlanır. Buğda ilə yanaşı, badam, küncüt, şabalıd, qoz, noxud, günəbaxan tumu qovrulur, onun içərisinə iydə, innab, kişmiş, mövüz qarışdırılaraq “Xıdır xonçası” hazırlanır. Aş (plov) süzülür, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Əslində qışın ən sərt, “oğlan çağında” qeyd edilən Xıdır Nəbi bayramı və üç çərşənbə insanların çətinlikdən, əziyyətdən, soyuqdan qorxmaması, onların bir yerə toplaşaraq müxtəlif mərasimlər keçirməsi isə şər qüvvələrlə birgə mübarizəsinin göstəricisidir”, - deyə folklorşünas alim əlavə edib.

Onun sözlərinə görə, keçmişdən fərqli olaraq günümüzdə Novruz bayramına hazırlıq Boz aydan başlayır: “Novruz bayramına qədər olan son bir ay - Boz ay dörd çərşənbəyə bölünür. Hər bir çərşənbə xüsusi qeyd edilir. Boz ay həm də bərəkət, bolluq ayıdır. Bu ayda kəndlilərin heyvanları bala verir, əkinə hazırlıq görülür, şum edilir, bağ-bağat təmizlənir. Evlərin divarlarındakı suvaqlar yenilənir, qapı-pəncərə yuyulur, yorğan-döşək, xalça, kilim, palazlar çırpılır, pal-paltar günə verilir, qab-qacaq yuyulur. Boz ayda hava da nisbətən mülayimləşir, şaxta azalır, yavaş-yavaş istilər düşür, suların buzu əriyir. Etiqada görə Novruzdan qabaqkı hər bir çərşənbədə təbiətdə yenilənmə, canlanma, oyanma, dirilmə prosesi gedir. Görkəmli folklorşünas Məmmədhüseyn Təhmasib çərşənbələrlə bağlı öz araşdırmalarında yazırdı ki, böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim azərbaycanlı əkinçi Böyük Çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi”.
Bu xəbər oxucular tərəfindən 5519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed