Şrift:
Macarıstan AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qətnaməsinə etiraz etdi
27.02.2024 [10:48] - Gündəm, Siyasət
Fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanlayıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda deyilir ki, Reykyavik Sammitində yenidən sadiqliyimizi bəyan etdiyimiz Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, biz hamılıqla paylaşdığımız idealları, prinsipləri qorumaq və həyata keçirmək məqsədilə üzv dövlətlər arasında daha böyük birliyə nail olmağa çalışmalıyıq. Bu birlik və onun gələcək perspektivləri üzv dövlətlərlə, onlar arasında həyata keçirilən dialoq vasitəsilə güclənir. Təəssüf ki, bu gün nümayəndə heyətlərinin qurumdan xaric edilməsi, həmçinin onlarla dialoqun dayandırılması halları bizim birgə səylərimizə zərbə vurduğundan Macarıstan nümayəndə heyəti adıçəkilən qətnamənin qəbulunda iştirak etməmək qərarına gəlmişdir. Fikrimizcə, bu üsula yalnız bütün mövcud vasitələr tükəndikdə və heç bir nəticə əldə olunmadıqda, son çarə kimi müraciət edilməlidir.

Qeyd olunur ki, bu qərarın qəbul olunması ilə son bir neçə ildə təşkilatla Nazirlər Komitəsi arasında yaradılmış konstruktiv qurumlararası dialoq və ümumi maraq doğuran mövzularda davamlı məsləhətləşmələrin aparılması təcrübəsi də sarsılmış, qurumun iki orqanı arasında inamsızlığın yaranmasına gətirib çıxarmışdır. Bu mənada, biz hesab edirik ki, Azərbaycan nümayəndə heyətinin qurumda iştirakı məsələsi təcili qaydada həll olunmalıdır. Biz əminik ki, aparılan son müzakirələr və Nazirlər Komitəsinin müvafiq qərarı da bu zərurəti əks etdirməkdədir.

Macarıstan nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA sədrini siyasi qruplarla birgə qətiyyətli addımlar atmağa və Azərbaycan parlament nümayəndə heyətinin təcili surətdə Parlament Assambleyasının işinə geri qayıtmasına icazə verməyə çağırıb. Bunun artıq qurumun aprel ayında keçiriləcək sessiyasında baş verməsi arzuolunan hesab edilib. Nemet əminliyini bildirib ki, belə bir addımın atılması Azərbaycana Avropa Şurasının məruzəçilərini ölkəyə dəvətə və onların səfərinin təşkilinə şərait yaratmaqla yanaşı, Parlament Assambleyasına ölkədə keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərməyə də imkan verəcək.

“Qeyd olunanların fonunda qış sessiyasında qəbul olunmuş 2527 (2024) saylı qətnaməyə bir daha etirazımızı bildirir, Azərbaycan nümayəndə heyətinin Parlament Assambleyasına geri qaytarılması istiqamətində davamlı səylər göstərmək məqsədilə şəxsən özümün və həmkarlarımın dəstəyini təklif edirəm”, - deyə o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed