Şrift:
Fərəc Quliyev:İranın heç zaman bu siyasəti dayanmayacaq, o bizə dost ölkə deyil
28.02.2024 [12:37] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
İran xüsusi xidmət orqanlarına casusluq edən şəbəkənin ifşası və saxlanması prosesi davam edir. Azərbaycanda İranın molla rejiminə xidmət edən, onları təbliğ edənlərin ifşası istiqamətində əməliyyat tədbirləri yenə gündəmdədir. “Yeni Müsavat” MOİZƏ saytına istinadla xəbər verir ki, bu əməliyyatlar zamanı xeyli sayda “İran aşiqi” saxlanılıb. Onlar - Bakı şəhər sakinləri Ceyhun Hacıyev, Cavanşir Cəfərli, Lənkəran şəhər sakini Hacı Sakit Məmmədov, Gəncə şəhər sakini Ceyhun Sayadov, Göyçay şəhər sakini Nəsrəddin Nəsirov, Biləsuvar sakini Rahil Ağayev, Astara sakini Bəxtiyar Məmmədov, MBH üzvü Amil Bilalov, Astara sakini Eyvaz Baxşıyev, Neftçala sakini Ramin Babayev, Göyçay sakini Ramiz Hüseynov və Hacı Elxan Zeynalovdur. Onlar İrana casusluqda şübhəli bilinirlər.

Mediada yayılan xəbərlərə görə, İranın Azərbaycandakı casus şəbəkəsinin ifşası ilə bağlı intensiv əməliyyat tədbirləri həyata keçirilib. Hazırda eyni ittihamla həbs edilən Azərbaycan vətəndaşlarının sayı onlarladır. Son həbslər İranla Azərbaycan arasında münasibətlərin normallaşması fonunda baş verir. Ehtimallara görə, həbslər hələ də İranın dini mərkəzlərinin təsiri altında olan dindarlara qarşı həyata keçirilir. Daha doğrusu, hakimiyyət mümkün risk qruplarını sıradan çıxarmağa çalışır.

Azərbaycan hüquq-mühafizə orqanları xarici ölkələrin dini təsiri və bu təsirin yaradacağı riskləri neytrallaşdırmaq üçün zaman-zaman bu cür “profilaktik” tədbirlər həyata keçirir. O da bildirilir ki, dindarların bəlli dini mərkəzlərlə dini-mənəvi bağları var və onları hansısa inzibati vasitələrlə qoparmaq mümkün deyil. İranla bağlı məsələdə bu özünü daha problematik göstərir. Çünki İran rəsmi olaraq İslam dövlətidir və dini təbliğatı dövlət siyasətinin tərkib hissəsi olaraq aparır. O zaman yeni həbslərin İranla münasibətə hansısa təsirlərinin olacağı istisna edilmir. Maraqlıdır, bəs İrana bağlı “yuvaları” niyə tam çökdürmək olmur? Bir müddət əvvəl də İrana bağlı qrupların ifşası həyata keçirilmişdi, lakin görünür ki, həbslər total şəkildə aparılsa belə yenə də Tehran rejiminə uzantılar var...

Fərəc Quliyev: “İranın heç zaman bu siyasəti dayanmayacaq, o bizə dost ölkə deyil”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, İranın Azərbaycana qarşı fəaliyyəti davam etdiyi üçün bu cür tədbirlər görülür. Partiya sədrinin fikrincə, İranın heç zaman bu siyasəti dayanmayacaq: “Onların prinsipi odur ki, Azərbaycanı zəiflətsinlər. Hətta dövlət kimi tanımaq istəmirlər. Bizi bəzi hallarda "Bakı respublikası" adlandırırlar. Ona görə İranın bizə münasibəti dəyişmir. Biz hər dəfə normal qonşuluq əlaqələri naminə yumşaq jest edəndə, guya onlar da adekvatdırlar deyə davranırlar, amma altdan iş görürlər. Ona görə də mən təklif edərdim ki, İranla münasibətlərdə ayrıca bir sistem qurmalıyıq".

F.Quliyevin fikrincə, biz bilməliyik ki, İran heç zaman dost kimi davranmayacaq: “Yəni hesab edirəm ki, bu nə sonuncu hadisədir, nə də İran casus şəbəkəsinin fəaliyyətinə son verəcək. Siz görürsünüz ki, hər dəfə bir fikir səsləndirirlər, Azərbaycana düşmən olanlarla dostluq edirlər. Biz İranı özümüzə dost olmayan dövlət kimi qəbul etməli və buna uyğun siyasət aparmalıyıq. Həmçinin dini maarifləndirmə işləri həyata keçirilməlidir. Təbii ki, kəşfiyyat və əks-kəşfiyyat orqanlarımız da mübarizəni davam etdirməlidir. Çünki İran öz mövqeyindən heç vaxt əl çəkməyəcək”.

Emil SALAMOĞLU/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed