Şrift:
Fərəc Quliyev:Bu dəqiqə Ermənistana və onun ağalarına bölgədə idarə olunan xaos lazımdır
01.03.2024 [10:41] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “...Bölgədə böyük güclərin bu şəkildə siyasi şərləmə ilə məşğul olmaları gələcəkdə bölgənin, ümumiyyətlə bəşəriyyətin təhlükəsizliyi üçün problemlərə yol aça bilər”

“...Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi.

Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.

Bunu Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident dedi ki, Makron və Borrel Azərbaycanın Ermənistana hücum etməyə hazırlaşdığını deyir, amma bizim elə bir planımız yoxdur, onların dedikləri həqiqət deyil, bu, Makronun insinuasiyalarıdır.

İnsinuasiya nədir? Siyasət adamlarında, dövlət başçılarında insinuasiya halı xalqlar üçün, dünya üçün nə qədər təhlükəlidir?

Əvvəlcə internet resurslarında “insinuasiya nədir” sualına cavab axtardıq. “Azərbaycan dilinin izahlı lüğətində” insinuasiya sözünün mənası şərləmək, böhtan atmaq, başqasını ləkələmək üçün qəsdən yalan uydurmaq kimi göstərilir. “İnsinuasiya ittihamı” kimi ifadə də var. “Məktəblinin alınma sözlər lüğəti”ndə bu ifadə şərləmək, böhtan atmaq, başqasını ləkələmək üçün qəsdən yalan uydurmaq anlamı daşıyır... Deməli, Makron da, Borrel də insinuasiyaya tutulublar. Belə olmasaydı, durduqları yerdə Azərbayana qarşı əsassız iddialar irəli sürməzdilər. Tarixdə xəyal görən siyasətçilərin olduğunu deyən ekspertlər hesab edirlər ki, Makron kimi insinuasiyalara qapılıb əsası olmayan sözlər söyləyənlərin heç biri öz xalqına fayda verməyib, xalqı, dövləti uçuruma aparıb. İnsinuasiya ittihamı ilə məşğul olanların çoxunun sonunun faciəli olduğunu deyən ekspertlər hesab edir ki, Makron kimi siyasətçilərin də sonu işıqlı görsənmir. Belə görsənir ki, Makron da, Borrel də xəyallarında hansısa “hücum” səhnəsi qururlar, sonra da bunu gerçəklik kimi dünyaya təqdim edirlər. Belə yalan xəbərlərin dünyada yayılması saysız insanların həyatına, əhvalına mənfi təsir edir. Makron qəsdən yalan uydurur və erməniləri də məcbur edir ki, bu yalandan çıxış etsinlər.

Siyasət adamlarında, dövlət başçılarında insinuasiya halı xalqlar üçün, dünya üçün nə qədər təhlükəlidir?

“Ölkə başçısının xəbərdarlığı yerində olan xəbərdarlıqdır”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu çox təhlükəli məsələdir. “El dili ilə desək, bu, başqasının bədbəxliyi üstündə xoşbəxtlik qurmaq kimi bir məsələdir. Bəzi dövlətlər bundan istifadə edirlər və çalışırlar ki, öz mövqelərini möhkəmləndirsinlər. Əslində Ermənistanın da qara qaşına vurulmayıblar. Sadəcə bölgəyə daxil olmaq istəyirlər. Azərbaycan deyir ki, bizim Ermənistan ərazisinə hücum etmək planımız yoxdur. Əlbəttə, ölkəmizə qarşı təhdidlər olarsa biz adekvat cavab vermək məcvburiyyətindəyik. Hətta mütanasib olmayan cavab vermək məcburiyyətində qala bilərik. Bu da geniş müharibəyə gətirib çıxara bilər. Bu müharibənin də sonu Ermənistan üçün xoşagəlməz proseslərə gətirib çıxara bilər. Azərbaycan üçün o qədər də böyük təhlükə yaratmaz. Prezidentin həmin o termin altında işlətiyi söz ona aiddir ki, bölgədə böyük güclərin bu şəkildə siyasi şərləmə ilə məşğul olmaları gələcəkdə bölgənin, ümumiyyətlə bəşəriyyətin təhlükəsizliyi üçün problemlərə yol aça bilər. Çünki bizim də müttəfiqlərimiz məsələyə qarışa bilər. Ermənistanın mütəfiqləri də ki, zatən, bölgəyə girmək üçün əl-qollarını çırmayıblar. Belə gedərsə, hətta mən böyük bir savaşın çıxacağını da güman edirəm. O mənada ölkə başçısının xəbərdarlığı yerində olan xəbərdarlıqdır. Biz bütün variantlara əlbəttə hazır olmalıyıq. Bəzi siyasilərin “insinuasiya”sı həm bölgəmiz, həm də dünya üçün böyük təhlükələrə yol aça bilər. bizim bölgəmiz kilid bölgədir. Bu saat dünyada həssas olan bölgələrdən biri Qafqazlardır. Burda baş verən proseslər dünyada katalizator rolunu oynayıb böyük bir savaşa yol aça bilər” - deyə F.Quliyev qeyd etdi.

F.Quliyev daha sonra “Bu dəqiqə Ermənistana və onun ağalarına bölgədə idarə olunan xaos lazımdır. Çalışırlar ki, idarə olunan xaos da onların bölgəyə gəlməsi üçün səbəb olsun. Ermənistan üçün də hüquqi zəmin olsun ki, burada bir ”qarışıqlıq” var, “ərazilərimiz təhdid altındadır, biz də yeni müttəfiqlərimizi dəvət edirik” desinlər. İkinci bir tərəfdən də, Paşinyan daxil üçün yeni bir məsələ hazırlayıb ki, təhdidlər, təhlükələr, risqlər var, biz bəzi güzəştlərə getməsək Ermənistan dövləti təhlükə altında qalar. Ona görə də Fransa və Ermənistan bu məsələləri düşünülmüş şəkildə edirlər. Xatırlayırsızsa, uzun müddət idi hətta bəzi dairələr, ABŞ rəsmiləri belə, Azərbaycanın Zəngəzur ərazisinə hücum edəcəyi barədə danışırdı. Azərbaycan təkzib etdi, təbii ki, belə bir fikir yox idi. Bu onu göstərdi ki, müəyyən böyük güclər Ermənistana dəstək vermək üçün Azərbaycanı şirma kimi istifadə etmək istəyirlər. Yəni Azərbaycanı göstərmək ki, Azərbaycanın “təhdidi var”, Ermənistana silah-sursat verilsin, ordusunu yenidən toparlasınlar, sərhəd qoşunlarını hazırlasınlar, ən əsası isə Paşinyanın şəxsi təhlükəsizliyi və çevriliş cəhdinin qarşısını alsınlar. Onlar bunu deyə bilmirlər ki, belə cəhdlər, təhdidlər Rusiya tərəfindəndir. Rusiyanı qıcıqlandırmaq istəmədikləri üçün “Azərbaycandan təhdid var” deyib bu işləri görürlər. Təbii ki, bunlar hamısı feyk xəbərlərdir. Ölkə Prezidentinin, ölkənin Milli Məclisinin də bu məsələ ilə bağlı rəsmi mövqeyi olub. Ölkə ictimaiyyəti də, siz jurnalistlər də bu məsələləri tədqiq etmisiz. Hesab edirəm ki, bu basqılar hələ davam edəcək, sülh sazişinə qədər biz belə halları müşahidə edəcəyik. Xüsusən kiçik təxribatlar da gözləniləndir. Bunlara hazır olmaq lazımdır” - deyə bildirdi.

İradə SARIYEVA/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed