Şrift:
Şagirdlərin mobil telefondan istifadəsinin acı tərəfləri
13.02.2013 [11:10] - Gündəm, Sosial
Əjdər Ağayev: “Dərsə daxil olan müəllim öncə öz telefonunu söndürməlidir”

Zəminə Əliqızı: “Məktəblərdə uşaqların mobil telefondan istifadə etmələri qəti qadağandır”

Dəyanət Rzayev: “Elə sadə telefon olmalıdır ki, yalnız danışıq üçün istifadə olunsun”


Mobil telefonlar həyatımızın vazkeçilməz bir parçasına çevrilib. Həyatımızı mobil telefonsuz təsəvvür edə bilmirik. Yeniliklərə həssas bir xalq olaraq cib telefonundakı texnoloji inkişafları çox yaxından izləyir, GSM operatorlarının təsirli kampaniyaları sayəsində kimimiz «iPhone», kimimiz «BlackBerry» arxasınca qaçır, kimimiz də ən pis halda «Nokia»nın son modelləri ilə kifayətlənməli oluruq. Həyatımıza gətirdiyi rahatlıqları kiçik hesab edilməyəcək qədər çox olan cib telefonları şüursuzca və ya fasiləsiz istifadə edildikdə həm sağlamlığımıza, həm də büdcəmizə ciddi zərər verə bilir. Bəs görəsən övladlarımızın xüsusən də, şagirdlərin mobil telefondan istifadə etməsi hansı bəlalara səbəb ola bilər? Ümumiyyətlə, məktəblilərin məktəbdə mobil tedefondan istifadəsi qadağası sərtləşdirirlməlidirmi?
Təhsil üzrə ekspert Əjdər Ağayev açıqlamasında şagirdlərin mobil telefondan istifadə etməsini neqativ hal kimi qiymətləndirdi: ”Valideynlərə bu barədə məlumat verildikdə onlar dərs bitdikdən sonra övladının arxasınca gəlməsi və ya gecikmə halı olarsa, onu bilmək üçün onların mobil telefondan istifadə etməsinə icazə verdiklərini deyirlər. Bu cəhət işin xeyrinə olsa da dərs zamanı mobil telefondan istifadə qəti qadağan olunmalıdır. Çünki mobil telefon şagirdi dərsdən yayındırır. Mobil telefondakı funksiyalar isə günü-gündən artır, təkminləşir və şagirdlərin diqqətini cəlb edir. Şagird dərsdə saatlarla mobil telefon vasitəsi ilə oyunlar oynaya, video izləyə və ya başqa sahələrlə məşğul ola bilərlər. Beləliklə müəllimin 45 dəqiqə ərzində dediklərini eşitməyib, dərsdən yayına bilərlər. Bu da təhsilə olduqca mənfi təsir göstərən faktordur. Dərsə daxil olan müəllim öncə öz telefonunu söndürməlidir. Sonra isə nəzarət etməlidir ki, şagirdlərin telefonu sönülü vəziyyətdə olsun. Mən mobil telefonların şagirdlərdə olmasının qəti əleyhinəyəm”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə bildirdi ki, məktəblərdə uşaqların mobil telefondan istifadə etmələri qəti qadağandır: “Buna məktəb rəhbərliyi cavabdehdir. Tədris zamanı isə müəllim cavabdehdir”. Qeyd edək ki, Avropa ölkələrinin əksəriyyətində, həmçinin qardaş Türkiyədə mobil telefonla dərsə girmək və istifadə etmək qadağan olunub”.
Bu məsələ ilə bağlı psixoloq rəyinə ehtiyac olduğunu nəzərə alıb Dəyanət Rzayevin fikirlərini öyrəndik. Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, müəyyən limit qoyulmalıdır: "İnternet mütləq bağlı olmalıdır. Elə sadə telefon olmalıdır ki, yalnız danışıq üçün istifadə olunsun. Sonradan valideyin qadağa qoyanda balansına pul yükləməyəndə uşaq digər şeylərə əl ata bilər. Təhsil işçiləri şagirdlərin mobil telefondan istifadəsini tədris prosesinə zərərli saysa da, qarşısını almaqda çətinlik çəkir”.

Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed