Şrift:
Gürcüstandakı Azərbaycan türkləri ilə bağlı tələblər.
13.02.2013 [13:37] - Gündəm, Borçalı
Türk adları bərpa olunsun, mülkiyyət hüquqları tanınsın, Azərbaycan türk tarixi tədris edilsin...

“Borçalı” Cəmiyyəti Gürcüstanda yaşayan soydaşlarımızla bağlı 12 fevralda keçirilən tədbirin sonunda mühüm sənəd qəbul olunub.

Sənəddə bildirilir ki, Azərbaycan və Gürcüstanın qarşılıqlı münasibətlərində Borçalı türk faktoru hər zaman əsaslı rol oynayıb.

Mətbuata təqdim olunan sənəddə daha sonra deyilir:

“Borçalı probleminin ümummilli xarakter daşıdığını, Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olmalarını, regional və beynəlxalq layihələrdə birgə iştiraklarını, tarixi dostluq əlaqələrinin mövcudluğunu, Gürcüstanın Azərbaycan üçün Avropaya çıxış qapısı olmasını, Borçalı türklərinin aborigen etnik Azərbaycan türkü olmalarını, bütovlükdə Qafqaz regionu üçün təhlükələrin mövcudluğunu və problemlərin həll olunmamasının əlavə risklər yaratma ehtimalının yüksək olmasını və s. faktorları nəzərə alaraq, biz- siyasi partiya və ictimai qurum rəhbərləri və ziyalılar “Borçalı” İctimai Cəmiyyətinin təqdim etdiyi bu kommunikeni imzalayır və aşağıda göstərilən məsələlərin həllini vacib hesab edir:

1. Gürcüstanda ədalətsiz olaraq, SSRİ vaxtı və ondan sonra dəyişdirilmiş dağ, çay, qala, göl adları, xüsusilə 1991-92-ci illərdə əsasssız olaraq Bolnisi rayonunda dəyişdirilmiş Borçalı türklərinin əsrlərdir məskunlaşdığı 31 kəndin tarixi adları bərpa olunsun, Gürcüstan siyasi hakimiyyəti sağlam siyasi iradə nümunəsi göstərsin, beləliklə, tarixi ədalət bərpa edilsin;

2. Borçalı türklərinin torpaq üzərində mülkiyyət hüququnu məhdudlaşdıran hallar aradan qaldırılsın, soydaşlarımızın pozulmuş hüquqları təmin olunsun;

3. Borçalı türk mənşəli tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, reyestri öz müsbət həllini tapsın.

4. Gürcüstanda Milli Azərbaycan türk məktəblərinin statusunun toxunulmazlığı təmin olunsun, Azərbaycan türk tarixi tədris edilsin;

5. Dövlət dili olan gürcü dilinin daha effektiv öyrədilməsi üçün əlavə dərs saatları artırılsın, yeni tədris kursları təşkil edilsin, ortaq-azərbaycan və gürcü dillərində nəşr olunan mətbu orqanların dövriliyi artırılsın, “ Gürcü dilini birgə öyrənək” TV proqramı işlənilsin, bölgədə Azərbaycan dili və mədəniyyətinin inkişafı üçün gərəkənlər edilsin;

6. Şida Kartli bölgəsində Borçalı türklərinin gürcü dilində təhsil aldıqlarını nəzərə alaraq, həmin məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənləri tədris olunsun;

7. İslam dəyərlərinin inkişafı üçün Gürcüstan cəmiyyəti imkanlarından istifadə etsin, ibadət ocaqlarının qeydiyyat problemini həll etsin, yeni məscidlərin inşasına maneələr yaradılmasın;

Biz - bu sənədi imzalayan siyasi partiya və ictimai qurum təmsilçiləri Gürcüstanda aparılan demokratik islahatları təqdir edir, Gürcüstanın Avroatlantik məkana inteqrasiya cəhdini dəstəkləyir, etnik separatçılığı lənətləyir və Gürcüstanın ərazi bütövlüyünün təmini prosesinə hərtərəfli dəstək verir, Azərbaycan və Gürcüstanın strateji müttəfiqliyinə tərəfdar olduğumuzu bir daha bəyan edir, bu təşəbbüsün Gürcü elitası tərəfindən dəstəklənəcəyinə inamımızı bildiririk.

Yaşasın Azərbaycan və Gürcüstanın sarsılmaz dostluğu!”

Nicat Cəmilzadə
Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed