Şrift:
Cenevrədə Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi təqdimatı keçirilib
27.03.2024 [10:23] - Gündəm
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti martın 23-25-də Parlamentlərarası İttifaqın 148-ci Assambleyasının keçirildiyi Cenevrədə işgüzar səfərdə olub.

Sahibə Qafarova Assambleyada çıxış edib, həmçinin tədbirdə iştirak edən bir sıra xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşlər keçirib.

Bundan əlavə, tədbir çərçivəsində Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi təqdimatı da nümayiş etdirilib. Təqdimatı Parlamentlərarası İttifaqın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Sevil Mikayılova nümayiş etdirib.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının sessiyası keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. COP (Conference of Parties) abbreviaturası "Tərəflərin Konfransı" mənasını verir. Tərəflərin Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsinə nəzarət edən ali qanunverici orqandır. Konvensiyanın tərəflərini 198 ölkə təmsil edir. Əgər tərəflərin başqa qərarı olmursa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutub və onun katibliyi Bonnda yerləşir.
Bu xəbər oxucular tərəfindən 181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed