Şrift:
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaydı
29.03.2024 [10:16] - Gündəm, Siyasət
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

"Tarix boyu soydaşlarımız Ermənistan tərəfindən dəfələrlə məqsədyönlü şəkildə etnik təmizləməyə, soyqırımına və deportasiyalara məruz qalıblar.

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilmiş və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

Soyqırımı hadisələrində Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi yandırılaraq talan edilib, əhalisi amansızlıqla qətlə yetirilib. Bu kəndlərdən 35-i yer üzündən silinib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı öldürülüb.

Təkcə Quba qəzasında 16 min nəfərə yaxın insan öldürülüb. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıqdakı insan qalıqlarında onların fiziki zorakılığa məruz qalmaları ilə bağlı çoxsaylı faktların olması ermənilər tərəfindən 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımı faktını və qeyri-insani əməlləri əyani şəkildə təsdiqləyir.

Qeyd etmək lazımdır ki, 31 Mart soyqırımı da daxil olmaqla, tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri zaman keçdikcə faktlarla sübuta yetirilir. Bir müddət əvvəl Xocavənd rayonunun Edilli kəndində, Ağdam və Şuşa şəhərlərində, həmçinin, Xocalıda və işğaldan azad olunmuş digər torpaqlarımızda kütləvi məzarlıqlarda müxtəlif formada işgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqlarının aşkarlanması da buna nümunə olaraq göstərilə bilər.

Soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət siyasəti və əsassız ərazi iddiaları dayanırdı. Bu iddialar ötən əsrin sonlarında daha da kəskinləşib, nəticədə, yüz minlərlə soydaşlarımız indiki Ermənistan ərazilərindən deportasiyaya məruz qalıb, həmçinin, beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının iyirmi faizi bu ölkə tərəfindən işğal olunub.

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ermənistanın otuz ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqları azad olunaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, tarixi ədalət bərqərar olub.

Ötən əsrin əvvəllərində erməni millətçilərin azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımı hadisələri barədə həqiqətlərin dünyaya çatdırılması və bu məsələyə siyasi-hüquqi qiymətin verilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına, həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verilib.

Təəssüflər olsun ki, tarix boyu etnik zəmində soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməyib.

Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımalı, gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması məqsədilə tarix boyu soydaşlarımıza qarşı həyata keçirilmiş cinayətlərə biganə qalmamalıdır".
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed