Şrift:
Səfir Morqentaudan yazıçı Əkrəm Əylisliyədək
14.02.2013 [11:57] - DAVAMın yazıları
Nəsiman YAQUBLU

Səfir Morqentau kimdir?

ABŞ-ın 1915-1916-cı illərdə Osmanlı Türkiyəsində səfiri işləmiş Morqentaunu öz təsirlərinə salan ermənilər 1919-cu ildə ona bir kitab yazdırmağa müvəffəq oldular: “Səfir Morqentaunun xatirələri”. Bu kitabın bütün maliyyə xərclərini çəkən ermənilər onun çoxlu sayda tirajını (kitab ingiliscə yazılmışdı) dünyanın əksər ölkələrinin kitabxanalarına, arxivlərinə, elm ocaqlarına yayıb böyük bir layihəni həyata keçirdilər. Bu kitabda 1915-ci il hadisələri təhrif olunur, türklərin guya “günahsız” erməniləri qətlə yetirmələri təsvir edilirdi. Kitabın inandırıcılıq gücü onda idi ki, onu yazan erməni deyildi, amerikalı idi, özü də “hadisələrin içində olmuş” bir diplomat idi.

Bu kitab türk dünyasına böyük zərbələr vurdu və uzun müddət elmi kitabların, mətbuatın, tədqiqat işlərinin istinad mənbəyinə çevrildi. Erməni lobbisi həmin kitabdan bu gün də ciddi şəkildə yararlanır və iki il əvvəl Rusiyada rus dilində böyük tirajla yenidən çap etdirib ruslar arasında yayıblar.

Hər bir daşnak ermənidir, hər bir erməni də daşnakdır

1735-ci ildə ilk siyasi qurumlarını Sisyanda formalaşdıran, ilk mətbu orqanlarını 1797-ci ildə Kəşmirdə nəşr edən, ilk siyasi partiyalarını 1885-ci ildə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hnçak”, 1890-cı ildə “Daşnaksütun”u yaradan ermənilərlə mübarizə aparmaq Azərbaycan türkləri üçün asan deyildi. Uzun müddət Türkiyədə fəaliyyət göstərən (istər siyasi, istər hərbi planda) ermənilər özlərinin “Böyük Ermənistan” ideyalarının burada baş tutmayacağına tam əmin olduqdan sonra çar Rusiyasının işğalında qalan Qafqaz Azərbaycanında bu istiqamətdə “çalışmalara” başladılar. Çar Rusiyasına isə belə “həmkar” mütləq lazım idi və kifayət qədər siyasiləşib hərbiləşən bir dövlət kimi bu qüvvədən bəhrələnməyə başladı.

1812-ci ildə Gülüstan sülh müqaviləsi zamanı Arazın o taylı – bu taylı ərazisi 410 min kv km-lik bir ərazi idi. Həmin ərazinin 280 mini o tayda - İranın təsirində, 130 mini isə bu tayda - Qafqazda Rusiyanın tərkibində qaldı. 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda Azərbaycanın ərazisi 114 min kv km idi. Artıq 16 min kv km-lik ərazi itirilmişdi. Ermənilər isə Azərbaycan ərazilərində çar Rusiyasının dəstəyi ilə yerləşdirilir, burada məskunlaşır, yerli əhalini isə qovub uzaqlaşdırırdılar.

Yalnız 1918-ci ildə ermənilər 170-dən artıq azərbaycanlılar yaşayan kəndləri yandırmış, dağıtmış, yerli əhalini doğma yurdlarından qovmuşdular. 1905-ci il hadisələrində, 1918-ci ilin mart soyqırımında, Quba, Şamaxı və digər bölgələrdə aparılan qırğınlarda ermənilər 50 mindən çox insanımızı soyqırıma məruz qoydular.

Təəssüflər ki, çar Rusiyası dövründə yürüdülən bu siyasət Sovet İttifaqı dövründə də davam etdirildi. Ermənilərin ilk addımı 1920-ci ilin sentyabrın 8-də Bakı qətliamının – 31 Mart faciəsinin birbaşa səbəbkarı olan (başda S. Şaumyan olmaqla) 26 Baki komissarlarını Ağcaqum çöllərindən gətirib Bakının birbaşa mərkəzində dəfn etmək oldu. Bir qədər sonra isə ermənilər Rusiyadakı himayədarlarının dəstəyi ilə “Daşnaksütun”un hələ neçə il əvvəlki proqramını reallaşdırmağa başladılar: 1 dekabr 1920-ci il – Zəngəzur mahalının böyük bir qismi ermənilərə verildi; 7 iyul 1923-cü il – Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı; 18 sentyabr 1923-cü il – Xankəndi Stepanakert adlandırıldı; 18 fevral 1929-cu il – Naxçıvanın 657 kv km-lik ərazisi (Ordubad, Almalı və s.), Zəngilanın Nüvədi kəndi, Qazaxın 4400 kv km ərazisi “Ormanlıq” adı ilə ermənilərə verildi; 1930-cu ildə Naxçıvanın Əldərə, Leyfaz, Astazur kəndləri ermənilərə verildi; Mehri rayonu təşkil edilir; 1938-ci ildə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verildi.

1945-ci ilin 28 noyabrında ermənilərin o zamankı lideri Arutunyan Dağlıq Qarabağın ermənilərə verilməsi ilə bağlı Stalinə müraciət edir. 1947-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistandan deportasiya edilir. 1969-cu ildə Laçının Qaragöl ərazisi, Qubadlının Çayzəmi, Qazağın Kəmərli, Kəlbəcərin Zod qızıl yataqları Ermənistana verilir. 1982-ci ildə Qazaxın İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı ərazilərinin bir qismi Ermənistana verilir. 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq ərazisi ermənilərə verilir. 15 iyun 1988-ci il – Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərar çıxarır. 1988-ci ildə bir milyona yaxın soydaşımız ermənilər tərəfindən zorla və güclə doğma yurdlarından – qədim türk torpaqlarından qovulur. 1992-ci ildən başlayaraq Dağlıq Qarabağdan, bir qədər sonra isə buraya yaxın olan rayonlardan (Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl) yerli sakinlər didərgin salınır, ermənilər bu bölgələri işğal edirlər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Xocalıya hücum edib 600-dən çox insanı qətlə yetirir, insanları əsir götürür, soyqırım törədirlər. Beləliklə, Azərbaycanın 17 min 400 kv km-lik ərazisi erməni işğalına məruz qalır və bu işğal bu günədək davam etməkdədir.

Bu faktları sadalamaqda məqsədim yaddaşlara bir qədər işıq salmaq idi.

Əkrəm Əylislisayağı “Nərimanovlar”

Yuxarıda qeyd etdim ki, ermənilər bir millət olaraq çox məkrli və siyasiləşmiş toplumdur. Onlardan fərqli olaraq biz ilk təşkilatımızı 1873-cü ildə (teatr cəmiyyəti kimi), siyasi təfəkkürü formalaşdıran qəzeti (“Əkinçi” qəzeti) 1875-ci ildə, ilk milli partiyanı isə 1911-ci ildə qurmuşuq. Yəni XX əsrin əvvəllərində çox güclü bir qüvvətlə üzbəüz qalmışıq və bu “qüvvət”ə Rusiyanın daima dəstək verdiyini (həm hərbi, həm də diplomatik) nəzərə alsaq, bir xalq kimi böyük faciələr yaşamışıq.

Ermənilərə qarşı ilk ciddi müqavimət göstərən Azərbaycanın milli ruhlu ziyalıları olub: Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və b. Məhz bu görkəmli şəxsiyyətlərimizin fəaliyyətləri ermənilərin çox məkrli planının qarşısını alıb. Ermənilərin Azərbaycan xalqından zorla (Rusiyanın dolayısı yolla əli ilə) torpaq “alışı” məhz sovet hakimiyyətinin zamanında baş verdi. Başda N. Nərimanov, Ə. Qarayev, H. Sultanov kimi bolşeviklər olmaqla Azərbaycan Kommunist Partiyasına başçılıq edənlər ermənilərin yürütdüyü ərazi iddialarına “dostluq, qardaşlıq” ideyaları ilə cavab verməyə başladılar və nəticədə doğma yurdlarımız əlimizdən alındı.

“Kür-Araz-Ararat, gözəldir bu həyat”

İkinci Dünya müharibəsindən sonra Kommunist Partiyasının rəhbərliyinin, xüsusən Stalinin tapşırığı ilə sovet xalqları arasında dostluğu, qardaşlığı tərənnüm etmək üçün (süni olsa da) əsərlər yazmağa başlanıldı. Gürcü bəstəkarı Muradeli “Böyük dostluq” operasını yazdı və mükafatlar aldı. Deyilənə görə, Mircəfər Bağırov Üzeyir Hacıbəyliyə də bu mövzuda əsər yazmağı tapşırıbmış. Lakin Üzeyir bəy 1948-ci ilin noyabrın 23-də vəfat etdi və bu, baş tutmadı. Lakin bu mövzuda çoxlu şeirlər yazıldı, mahnılar bəstələndi, erməni-azərbaycanlı “qardaşlığı” tərənnüm edildi. Erməni bizə - biz erməniyə “qardaş” dedik, bağrımıza basdıq, dostluğumuzu davam etdirdik, hər şeyi unutduq. Lakin bu untqanlıq dövrümüzdə sovet vətəndaşı olan erməni “daşnak” proqramını həyata keçirirdi – yəni torpaqlarımızı mənimsəyirdi.

1920-ci illərdə isə ermənilər Moskvada, bolşeviklər hökumətinin yuxarı rəhbərliyində belə fikir formalaşdırırdılar: “azərbaycanlılardan kommunist çıxmaz, əsl kommunist bizik”. Bu, ona görə edilirdi ki, Moskvanın daha çox rəğbətini qazanıb Azərbaycanda öz bildiklərini etsinlər. Bəlkə elə buna görə idi ki, 1932-1933-cü ilə qədər Azərbaycan KP MK-ya azərbaycanlılar yox, ruslar (Kirov), ermənilər (Mirzoyan) rəhbərlik edirdi. Və nəticədə “Böyük Ermənistan” ideyası gerçəkləşirdi, biz torpaq itirirdik. Faktlar göstərir ki, 1920-ci ildə Azərbaycanı işğal edən XI ordunun siyasi şöbəsində, o dövrün xüsusi “cəza aparatında” 32-dən çox “qisasçı” – “daşnak” – proqramlı erməni vardı və həmin ilin mayında qisas almağa gələnlərin biri də Anastas Mikoyan idi. Onun bir neçə il əvvəl Moskvada çap edilən “Tak bılo” (“Belə olmuşdu”) əsərində çox məlumatlar var. Və həmin bu xəyanətkar ermənilərin “vasitəçiliyi” ilə bir il ərzində (1920-ci ilin aprelindən – 1920-ci ilin avqustuna qədər) 47 minə yaxın Azərbaycan insanı həyatını itirdi. Bizim yaddaşsız azərbaycanlı bolşeviklər isə erməni siyasətçilərinin məkrli planlarının qurbanına çevrilirdilər.

“Atan kazaklardı”

Yuxarıda qeyd etdiyimiz kimi, Sovet İttifaqı dövründə də “erməni-azərbaycanlı” dostluğundan əsərlər yazılırdı. Lakin ən çətin və gərgin məqamlarda belə, hətta bir sovet şairi, bir sovet yazıçısı əsərində xalqı aşağılamaq cəhdində olmurdu. O dövrdə bu mövzuda yazanlardan biri böyük yazıçımız Cəfər Cabbarlı idi. O, “1905-ci ildə” əsərində müsəlman İmamverdi, erməni Allahverdini üz-üzə qoyan qüvvətin adını da çəkmişdi: “atan kazaklardı”. Əkrəm Əylislinin əsərində isə heç olmasa həqiqət və obyektivlik naminə (bədii əsərin bu dəyərə əsaslanması vacib şərtdir) Rusiyaya bir işarə belə yoxdur. Ən azı yaxın keçmişimizdə ermənilər Xocalı soyqırımını törədəndə 366-cı rus alayı onlara dəstək vermişdi.

Yaddaş işığında

İstər bədii əsər yaz, istər tarixi əsər yaz, istərsə də xatirələr yaz, kiminsə tarixi faktları təhrif etməyə haqqı yoxdur. 1918-ci il hadisələrində, ermənilərin qətliamından Azərbaycan xalqını xilas edən və bizim müstəqil Azərbaycan dövləti qurmağımızı reallaşdıran qüvvət qardaş Türkiyə idi – başda Nuru Paşa olmaqla Qafqaz İslam Ordusu idi. Bu ordu xalqımız üçün xilaskar və qurtuluş ordusu idi. Həmin Əkrəm Əylislinin Naxçıvanını da, Gəncədən Bakıya qədər olan torpaqlarımızı da (Gəncə, Göyçay, Şamaxı, Ağsu, Bakı və s.) azad edib, milli varlığımızı xilas edən türk qardaşlarımız idi. Əkrəm Əylislinin qaranlıq yaddaşına Üzeyir Hacıbəylinin “Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət” məqaləsindən (Bax: “Azərbaycan qəzeti, 1918-ci il noyabr, N37) bir işıq salmaq istəyirəm: “Yox! Fəna təsirləri unudulur, fəqət o təsirləri buraxan qara günlər unudulmaz: onları unutmaq üçün ya filosof olmalıdır, ya da laübalı!..”

“...Rəsulzadə nitqinə davam edərək, - siyasi üfüqlərdə qara buludlar görünən kimidir, lakin bu qara buludlara qarşı Nurularımızın zülmət qovan Nuru var, - dedikdə bütün Məclis əhli ayağa qalxıb Paşa həzrətlərini xüsusi bir təzimlə alqışlamağa başladı...

Əhməd bəyin (Əhməd Ağaoğlunun) nitqində bəzilərinin gözlədiyi atəş yox idi, amma həqiqi bir səmimiyyət vardı: “Mən Bakını İstanbulda və İstanbulu Bakıda görüb, özümü o qədər bəxtiyar görürəm ki, daha ölsəm o qədər də qəmim yoxdur, dünyadan kam almış kimiyəm” – kimi sözləri o, səmimi bir hisslə söyləyirdi...”

Azərbaycanı Əkrəm Əylisinin müdafiə etdiyi ermənilərdən azad edərkən canlarını şəhid verən türk əsgərləri haqqında isə böyük milli və istiqlal şairi Əhməd Cavad yazırdı:

Sənin qovduqların yabançı, xanlar,

Qurtardı ölkəmi tökdüyün qanlar!

Bax nasıl öpməkdə tozlar, dumanlar,

Qərib məzarını mən də bərabər!

(“Seçilmiş əsərləri. I cild, Bakı, 1992)

Böyük şairimiz Məhəmməd Hadi də Əkrəm Əylislidən tamam fərqli mövqedən yanaşırdı türk əsgərlərinə:

Sizi unutmayacaq şanlı millətim əsla,

Əmin olun buna, ey zinəti-cahani-vəfa,

Sizinlə buldu bu millət şərəfli istiqlal...”

(“Azərbaycan” qəzeti, 1919-cu il, 31 mart)

Yenə böyük şairimiz Abdulla Şaiq Əkrəm Əylislinin az qala qatil adlandırdığı türk qardaşlarımıza müraciətlə deyirdi:

Sən gəlməsən dolumsanmış ürəklər heç şad olmaz,

Sən gəlməsən, xarabaya dönən qəlb abad olmaz.

Sən gəlməsən günəş doğmaz, ümid gülüm açılmaz,

Dodaqların gülməz, sönük baxtıma nur saçılmaz,

Başqasını istəməm də, ey Türk, çapuq sən gəl, sən...

(“Bakının Qurtuluşu”, 2010-cu il, səh. 66)

Söz azadlığı. O, hara qədərdir?

Əkrəm Əylisli özünün milləti təhqir mövqeyindən yazdığı əsərə “söz azadlığı” meyarından yanaşır, haqq qazandırır və dövlətin mövcud Konstitusiyasının 51-ci maddəsinə istinad etdiyini bildirir. Ə. Əylislinin diqqətinə çatdırıram ki, heç bir qanun, heç bir maddə, heç bir söz azadlığı milləti təhqir etməyə, tarixi faktları saxtalaşdırıb birtərəfli təqdim etməyə imkan vermir (bu Avropada da belədir, bizdə də). Hətta insan azadlığını, söz, fikir azadlığını sistemli şəkildə formalaşdıran Fransa burjua inqilabının (789-cu ildəki) şərtlərində də bu əksini tapıb.

ABŞ-da isə yazıçılar da, şairlər də Konstitusiyaya Birinci düzəlişin onlara hər bir azadlığı verdiyini, heç bir qadağanın olmadığını qeyd edirlər. Lakin çox məsələlərdə vicdan hökmünə əsaslandıqlarını bildirirlər (hətta yazırlar ki, zəncinin zənci olduğunu da yazıb, istədiyimiz fikri bildirərik, lakin biz bunu vicdanımızla etmirik). Yəni vicdan qanundan yüksək bir normaya çevrilib. Xüsusən milli məsələlərdə Əkrəm bəy vicdan məsələsinə (mən hələ etika məsələsini demirəm) diqqətli olmağı bacarmalıdır.

Millilik, bəşərilik. Görkəmli mütəfəkkür Ziya Göyalp yazırdı: “Milli kültür mərhələsini yaşamayan xalqlar, ümumbəşəri mədəniyyətə sahib ola bilməzlər” (Bax: Türkçülüyün əsasları).

M. Ə. Rəsulzadə isə “Milliyyət və bəşəriyyət” məqaləsində bu fikri belə əsaslandırırdı: “Milli icad və yaradışın ən yüksək göstəricisi olan dahi həmişə millidir. Fəqət onun icad etdiyi şeylər yalnız öz millətinə məxsus olmayıb, bütün bəşəriyyətindir də. Dostoyevski ilə Tolstoy olduqca millidirlər. Fəqət eyni zamanda onlar şəksiz Servantes, Höte qədər bəşəridirlər...Öz millətini sevən həqiqi bir millətpərəst başqa millətlərin hüquq və hissiyatına da hörmət edər” (Bax: Seçilmiş əsərləri, Bakı, 1012-ci il, səh. 202-203).

Həqiqətən millilik də, bəşərilik də bir-birini tamamlayan dəyərlərdir. Birini inkar, digərini təsdiqləyəndə ümumi müvazinət pozulur.

Bəşəri duyğular yazıçıda necə yaranır?

Bəzi ziyalılarımızın yazıçı Əkrəm Əylislinin bəşəri duyğulara sahib olduğundan belə əsər yazdığını söyləyirlər. Bəziləri isə: “Danışan Əkrəm deyil, personajlarıdır, azad fikirlidir” kimi mövqe bildirirlər. Maraqlıdır ki, bu fikri bildirənlərin əksəriyyəti məcburi köçgün rayonlarından – yəni ermənilərin onların doğulduğu bölgəni işğal etdiyi yerdən olanlardır (professor Rafiq Əliyev – Ağdam; yazıçı Seyran Səxavət – Füzuli; professor Qulu Məhərrəmli – Zəngilan, Şərif Ağayar – Laçın; Günel Mövlud – Cəbrayıl). Bu istedadlı insanların hər birinə ciddi hörmətim və yaxşı da münasibətim var. Lakin elə bir dost kimi soruşmaq istəyirəm: axı bizim, eləcə də Sizin torpaqları işğalda saxlayan, hələ bir kəndimizi, bir qarış torpağımızı azad etməyən erməniyə - yəni işğalçıya mən necə bəşəri duyğular bəsləyim, onu necə bağrıma basım və “qardaşım, dostum” deyim? Baltikyanı ölkələrin xalqları SSRİ hökumətinə bu hissləri bəsləyə bilirdimi? (1940-cı ildə sovetlər oranı işğal etmişdilər). Polyaklar almanlara, vyetnamlılar amerikalılara, yəhudilər almanlara bu duyğuları nə zaman bəslədilər? O zaman ki, onların torpaqları işğaldan azad edildi, onlara qarşılıqlı addımlar atıldı, almanlar yəhudilərə 5 milyard dollar təzminat ödədilər, ana yasalarına faşizmi qadağan edən maddə saldılar. Süni duyğular yaratmaq mümkün deyil axı! Bu işğalın müddəti 20 ildən çox çəkdi və hələ də davam etməkdədir.

Hovuzda boğulan erməni, yoxsa Xocalıda qətlə yetirilənlərin iniltisi?

Əkrəm Əylislini kor olmuş yaddaşını işə salmağa, bir az da vicdanlı və vətənpərvər olmağa çağırırım və bu acı insan taleləri ilə üz-üzə qoyuram:

Xocalı qırğınında ermənilərin qətlə yetirdiyi insanlar:

1. Həsənova Fitat - əl-qolunu bağlayıb, gözlərini çıxarıblar.

2. Aslanov İqbal Bahadır oğlu – gözlərini çıxarıblar, sonra cinsiyyət üzvünü kəsib, yandırıblar.

3. Rəcəbov Cəbrayıl Mehdi oğlu - əl-ayağını məftillə bağlayıb, sonra üstünə benzin töküb yandırıblar.

4. Məmmədova Tamara Səlim qızı – döşlərini kəsib, sonra gözlərini çıxarıb öldürüblər.

Digər 600-dən çox Xocalı sakinini də ermənilər ağır işgəncələrlə qətlə yetiriblər.

Əkrəm Əylisli! Bax, yazmalı faciə budur! Düşünürəm ki, sən bu xalqdan günahlarını etiraf edib üzr istəməyi bacaracaqsan.

Son fikir

İlk Demokratik Cümhuriyyətimizin banisi M. Ə. Rəsulzadə yazırdı: “Tarixi bilmək qədər yüksək təməddün (inkişaf) təsəvvür oluna bilməz”. Böyük Atatürk isə bildirirdi: “Tarixi yapan da böyükdür, onu düzgün yazan da”.
Bu xəbər oxucular tərəfindən 1031 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed