Şrift:
Fərəc Quliyev:İstənilən halda regionda baş verəcək bütün ssenarilərə hazır olmalıyıq
18.04.2024 [10:05] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Ancaq istənilən halda regionda baş verəcək bütün ssenarilərə hazır olmalıyıq

“Burada böyük maraqlar var və bir az da teatrlaşmış məsələlər baş verməkdədir”

Qərb İranın tam olaraq məhvində, dağılmasında maraqlı deyil. Çünki İran amili ciddi şəkildə hər kəsin işinə yarayır”

İsrail və İran bir-birini qarşılıqlı təhdid edirlər. İsrail İranın hücumuna genişmiqyaslı cavab verəcəyini, Tehran hökuməti isə bunu qarşılıqsız qoymayacağını, adekvat tədbirlər görəcəyini söyləyir. İran Prezidenti İbrahim Rəisi deyib ki, İrana hücum olarsa, İsrailə qarşı sərt tədbirlər görüləcək. Prezident vurğulayıb ki, onların İsrailə qarşı əməliyyatı məhdud xarakterli tədbir idi: "Bu, geniş əməliyyat olsaydı, İsraildən heç nə qalmayacağını görərdilər. Əgər İsrailin bizim torpaqlarımıza ən kiçik hücumu belə olarsa, onlarla şiddətli qarşıdurma yaşanacaq". İran prezidenti bölgə ölkələrinə müraciət edib və əlavə edib ki, regionda xarici qüvvələrə ehtiyac yoxdur. İran Hərbi Hava Qüvvələrinin baş komandanı Həmid Vahidi də bildirib ki, İsrail əməliyyatlara hərbi cavab versə, Su-24 bombardmançıları mümkün hücumda iştirak edəcək. Onun sözlərinə görə, hazırda Su-24 bombardmançılarının döyüş hazırlığı səviyyəsi həmişəkindən yüksəkdir: "Düşmən strateji səhv etmək istəsə, İran kompensasiyası mümkün olmayan zərbə vuracaq". İsrailli analitik Yaron Veys isə qeyd edib ki, İsrailə uğursuz hava hücumu İranın Yaxın Şərqdəki nüfuzunu xeyli aşağı saldı: "İsrailin İranın hücumuna qarşı özünümüdafiəsi uğurlu alındı. Pilotsuz təyyarələr və raketlərin 99 faizi zərərsizləşdirildi". Veys hücum zamanı müttəfiqlərinin İsrailə yardım etmələrinə də toxunub: "Müttəfiqlərlə əməkdaşlıq İsrailin gücünün tərkib hissələrindən biridir. Bunu başqalarına da göstərmək vacibdir. Amma İsrail özünü müdafiə etmək iqtidarındadır, inkişaf etmiş hərbi sənayeyə malikdir". Analitik uğursuz hücumunun İranın nüfuzunu yerlə bir etdiyini də vurğulayıb: “Hücum uğursuz alındı. Birincisi, kəşfiyyat hücumun vaxtını əvvəlcədən bilirdi və ictimaiyyəti hazırlaya bildi. Hücumun 99 faizi havada zərərsizləşdirildi. Fikrimcə, İranın hücumu onun regiondakı statusunu xeyli zəiflətdi, ABŞ, o cümlədən İsrail və İordaniyanın təsirini gücləndirdi”. ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib ki, İsrail İrana mümkün cavab zərbəsi ilə bağlı planlarını ABŞ ilə bölüşməyib: "Onlar məlumat verməyiblər". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, İran-İsrail qarşıdurmasına reaksiyalar Qərbin ikili standartlarını göstərdi. Ərdoğanın fikrincə, son olayda problemin kökü doğru göstərilmədi: "7 oktyabrdan bəri İsrail provokativ addımlar atmaqdadır. Əvvəlcə qınanılması lazım olan şəxs Netanyahunun özüdür. Qəzzada 34 mindən çox dinc insanı öldürən, kilsələri bombalayan, 193 gündür beynəlxalq ictimaiyyət qarşısında soyqırımı həyata keçirən, hər cür şıltaqlığı edən Netanyahudan başqası deyil. Türkiyə olaraq son 2 gündə Qəzzadakı qətliamların arxa plana keçməməsi üçün müzakirələri artırdıq”. Böyük Britaniya Baş naziri Rişi Sunak israilli həmkarı Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Sunak Böyük Britaniyanın İsrailin təhlükəsizliyinə və daha geniş regional sabitliyə davamlı dəstəyini təkrarlayıb. Qeyd edək ki, İran Azərbayanla qonşu ölkədir və İran əhalisinin yarısından çoxu etnik Azərbaycan türkləridir. Bu səbəbdən İranla bağlı baş verən bütün hadisələrə Azərbaycan ictimaiyyəti də həssaslıqla yanaşır. Hesab edilir ki, İran-İsrail hərbi münaqişəsinin böyüyərək daha geniş müstəviyə keçməsi Cənubi Qafqazda stabilliyin pozulmasına yol açacaq və regionun bütün ölkələrinə ciddi təsir göstərə biləcək. Bölgədə genişmiqyaslı hərbi əməliyyatlar neft-qaz ölkəsi olan Azərbaycan və İranın iqtisadiyyatına da ciddi əngəllər yaşada bilər. Bu xüsusda İsrail-İran qarşıdurması Azərbaycan üçün də arzuolunan deyil. Eyni zamanda İsrail Azərbaycanla müttəfiq ölkədir və hərbi-siyasi müstəvidə bizə dəstək göstərir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, istənilən halda regionda baş verəcək bütün ssenarilərə hazır olmalıyıq və hər ssenariyə uyğun alternativlərimiz olmalıdır. Lakin partiya rəhbəri İsrail-İran arasındakı ciddi qarşıdurma və genişmiqyaslı müharibə olacağını düşünmür:

"Bəzilərinin iddia etdiyi kimi üçüncü dünya savaşı olmayacaq. Burada böyük maraqlar var və bir az da teatrlaşmış məsələlər baş verməkdədir. İranın İsrailə zərbə vurduğu deyilir. Nə zərbə vurdu? 1500 km. məsafəyə saatda 180 km. gedən PUA-lar göndərdi. Bunlar nə qədər effektli ola bilərdi?! Heç çoxu İsrailə çatmadı. Ballistik raketlərdən istifadə etdiklərini deyirlər. Amma məlumatlar var ki, həmin raketlərdə döyüş başlığı olmayıb. Üstəlik, bir çox Qərb dairələri, həmçinin İran rəsmiləri dedilər ki, iki gün əvvəl bu hücumla bağlı məlumat veriblər. Zərbə vurmağa hazırlaşanda bu barədə əvvəlcədən məlumat verilməsi nə deməkdir? Adətən belə əməliyyatlardan iştirakçı əsgərlər belə xəbərsiz olurlar. İsrail də bəyan edirdi ki, "Dəmir qübbələri" hazır vəziyyətdədir. Sanki İran tərəfi "atıram, özünü qoru" deyərək hücuma başlamışdı. İsrail də buna hazırlıq görmüşdü. Nəticədə sadəcə bir uşaq yaralanmışdı. Xatırlayırsızsa, ABŞ-İran arasında vaxtı ilə yaranmış gərginlik zamanı, general Süleymaninin ölümündən sonra İran qisas əməliyyatından danışmağa başladı, bar-bar bağırdı. Suriyadakı ABŞ hərbi bazalarına hücumlar təşkil edildi. Ancaq amerikalı əsgərlər bunkerlərdə olduğu üçün bir nəfər belə yaralanmadı. Aydın oldu ki, həmin hücumlar daxili auditoriyaya hesablanmış gedişdir. Bunların hamısı teatrlaşmış oyunlar idi".

F.Quliyev diqqətə çatdırıb ki, Qərb İranın tam olaraq məhvində, dağılmasında maraqlı deyil. Çünki İran amili ciddi şəkildə hər kəsin işinə yarayır: "Əgər İran olmasa, müsəlman aləmində birlik yaranar, ərəb dünyası birləşər. İran burada pozucu ünsür rolunu oynayır. İslam aləmini bölə biləcək ən kəskin qılınc İrandır. Elə məqamlar oldu ki, ərəb dövlətlərinin İsraillə münasibətləri normallaşmağa başladı. Məhz ondan sonra İsrail-HƏMAS qarşıdurması baş verdi. Yəni hər kəsi bir həddə kimi saxlayırlar. İranı da, İsraili də gərginlik altında saxlayırlar. HƏMAS-ın hücumundan öncə İranın sanksiyalaşdırılmış valyutaları, hardasa 6 milyard dollar miqdarında vəsaitinin üzərindən həbs götürüldü. Ardınca HƏMAS tərəfindən İsrailə hücumlar başladı, turistlər olan bölgələr vuruldu. İsrail dərhal hərbi əməliyyatlara start verdi. Məncə, HƏMAS-ın proksi qüvvə kimi sıradan çıxarılması İran və ABŞ tərəfindən razılaşdırılmışdı. Sonrakı günlərdə HƏMAS-ın rəhbərliyi İrana irad tuturdu ki, niyə onları dəstəkləmədilər və s. Tehran hökuməti hay-küy salsa da, heç nə etmədi. Husilər Qırmızı dənizdə sadəcə İsrailin yox, digər ölkələrin də gəmilərinə hücum çəkdilər. Bu da İsrailin Qərb tərəfindən dəstəklənməsinə səbəb oldu. İsrail göstərdi ki, İranın proksi qüvvələri Qırmızı dənizə yolu bağlayıb. Maraqlıdır ki, İranın sonuncu hucumundan sonra da İsrail son 6 ayda itirdiyi dəstəyi yenidən qazandı. Məhz bu hücumun ardından Qərb dövlətləri birmənalı şəkildə İsrailin yanında olduqlarını açıqladılar. Bütün bunlar böyük bir oyunun tərkib hissələridir. İranın İsrailə hansısa böyük hücumu gözlənilmir. Tərəflər bir-birinin hərbi bazalarını vuracaqlar, proksi qüvvələrdən istifadə edəcəklər. Lokal şəkildə bəzi insidentlər yaşanacaq. Bu, böyük oyuncuların idarəolunan xaos yaratması və qüvvələr nisbətinin balansını saxlamasıdır. Gözlənilən böyük savaş olmayacaq".

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed