Şrift:
Fars Rejimi həbs etdiyi azərbaycanlı fəallara qarşı yalan və qondarma ittihamlar irəli sürür
16.02.2013 [11:23] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Yaşar Əsədi: Güney Azərbaycanda ən ibtidai haqlarını tələb edən milli fəallar həbslərə və ağır basqılara məruz qalır


Son iki ay ərzində İranda 26 nəfər soydaşımız həbs olunub. Onlardan bir neçəsi girov müqabilində azadlığa buraxılıb. Hazırda fevral ayında da Güney Azərbaycanda milli fəalların həbsi davam edir. Belə ki, fevralın 6-da daha bir tanınmış fəal, Yeni GAMOH təşkilatının sədri Lətif Həsəni həbs olunub. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») Kərəc şöbəsinin əməkdaşları onu yerli vaxtla saat 12:00-da yaşadığı mənzilindən aparıblar. Azərbaycanlı fəalın mənzilində axtarış aparılaraq, ona məxsus kompüter, CD-lər, Azərbaycan dilindəki kitablar, əlyazmalar və bir sıra şəxsi əşyalar müsadirə edilib. Eyni gündə daha bir tanınmış fəal Şəhram Radmehr (Savalan) da həbs olunub. «Ettelaat» əməkdaşları onu yerli vaxtla saat 10:30-da tutublar. Qeyd edək ki, azərbaycanlı fəal hazırda Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvüdür. Fevralın 9-da isə başqa bir tanınmış fəal və jurnalist Heydər (Yaşar) Kərimi həbs edilib. Xoy İnqilab Məhkəməsi asayişi pozmaqda və hökumət əleyhinə fəaliyyətdə təqsirləndirilən azərbaycanlı jurnalisti 6 ay həbs cəzasına məhkum edib. Qərarın icrası üçün Yaşar Kərimi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») əməkdaşları tərəfindən Xoy şəhərindəki evində həbs edilib. Eləcə də həbsdə olan digər milli fəalllar Mehdi Kuxiyan və Abbas (Oxtay) Vəlizadənin də durumu yaxşı deyil. 2012-ci il dekabrın 31-də Marağada həbs olunmuş soydaşlarımız əvvəlcə «Ettelaat»ın Məlikkəndi (Məlikan) şəhərindəki şöbəsinə aparılıb, orada sorğu-suala tutulduqdan sonra zindana köçürülüblər. Mehdi Kuxiyan və Abbas Əlizadə bir həftə Marağa zindanının karantin bəndində saxlanılıblar. Qeyd edək ki, Mehdi Kuxiyan ağır xəstəlikdən də əziyyət çəkir. Həbsxanada tibbi imkanların olmaması səbəbindən soydaşımız müalicə oluna bilmir. Bundan əlavə, Güney Azərbaycan Milli Hərəkatının fəalı Bəhmən Xaliqi iki gün əvvəl «Ettelaat»ın təcridxanasından Təbrizin mərkəzi zindanına köçürülüb. Soydaşımız 2013-cü il yanvarın 13-də 2012-ci il dekabrın 27-də Marağa şəhərində «Müsəlla» meydanında İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrini inkişaf etdirməsinə etiraz olaraq keçirilmiş aksiyadan sonra öz şəxsi evində həbs edilib. Bəhmən Xaliqi tutulduğu gündən bəri yalnız iki dəfə öz ailəsilə telefon əlaqəsi saxlamağa nail olub. Qeyd edək ki, azərbaycanlı fəal Marağada keçirilmiş etiraz aksiyasından sonra «Ettelaat»ın Binab şöbəsinin əməkdaşlarının təqibinə məruz qalıb. Ekspertlər İranda azərbaycanlı fəallara qarşı təzyiqlərin artırılmasını prezident seçkilərinin yaxınlaşması və Güney Azərbaycanda milli hərəkatın güclənməsilə izah edirlər. Əhəmiyyətini nəzərə alıb bu dəfə milli fəalların həbsi və siyasi məhbusların hazırkı durumuyla bağlı yazmaq istədik. Həmsöhbətimiz əslən Xiyav (fars şovinistləri Meşkinşəhr olaraq dəyişdiriblər) şəhərindən olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Yaşar Əsədidir. Gənclik illərlərindən milli mübarizəyə qoşulan soydaşımızla daha yaxından tanış olaq.
- Mən Xiyavda doğulmuşam. İxtisasca müəlliməm. Lakin siyasi fəaliyyətimə görə İranı tərk etmək məcburiyyətində qaldım. Hazırda Türkiyənin İstanbul şəhərində yaşayıram.
- Hazırda Güney Azərbaycanda siyasi məhbusların vəziyyəti necədir?
- Siyasi məhbusların həbsxanalarda vəziyyəti əvvəlki illərlə müqayisədə daha da ağırlaşıb. Düşünürəm ki, onların durumları bu gedişlə daha da pisləşəcək. Onu da qeyd etmək lazımdır ki, həbsə olan milli fəallarımızın çoxu ailəlidir. Onların zindanda olması ailələrinin sosial vəziyyətini də ağırlaşdırır.
- Milli fəalları nə üçün həbs edirlər?
- Bildiyiniz kimi, Güney Azərbaycanda yaşayan 35 milyondan çox soydaşımızın uzun illərdir İran adlanan ölkədə panfarsizm hakimiyyəti tərəfindən hüquqları pozulur. Millətimiz ən ibtidai insan haqlarınan məhrum edilib. Güney Azərbaycanın hüquqlarını tələb edən və millətimizin müdafiəsinə qalxan milli fəallar rejimin ağır basqısıyla qarşılaşırlar. Onlar ədalətsiz məhkəmə qərarlarıyla həbs edilir, işgəncəyə məruz qalır və başqa təzyiqlərlə üzləşirlər. Biz ana dilimizdə təhsil almaq, iqtisadiyyat və başqa sahələrdə hüquqlarımızın təmin olunmasını, milli kimliyindən asılı olmayaraq hər kəsə bərabər haqların verilməsini istəyirik. Bunlar əslində ən bəsit insan haqlarına aid məsələlərdir. İranda isə bu hüquqlarımızı tələb edən və bunun üçün sivil yollarla mübarizə aparan soydaşlarımız ağır təzyiqlərə məruz qalır.
- Həbs edilən milli fəallara qarşı adətən hansı ittihamlar irəli sürülür?
- Milli fəalların haqsız yerə həbsi və onlara qarşı irəli sürülən ittihamlar da hüquq pozuntusudur. Rejim demokratik yolla haqqını tələb edənlərə müxtəlif ağır ittihamlar irəli sürür. Hesab edirəm ki, həmin ittihamlar milli fəalların fəaliyyətini əks etdirmir, mahiyyətcə yalan və qondarma məzmunlu olur. Məsələn, bir milli fəal ana dilində təhsil almaq istəyir və bunun üçün mübarizə aparır. Lakin rejim onu həbs edərək Azərbaycan Respublikasına, Türkiyəyə və ya ABŞ-a casusluq etməkdə günahlandırır. Halbuki bu ittihamın azərbaycanlı fəalın tələbilə heç bir bağlantısı yoxdur. Göründüyü kimi, fars hakimiyyəti milli hərəkata qarşı nə qədər amansız və qəddardır.
- Milli fəalların həbsi milli hərəkata necə təsir göstərir?
- Məncə, həbslər milli hərəkata mənfi təsir göstərmir, tam əksinə həbslər artdıqca İran rejiminin hakimiyyətdə qalması daha çox sual altına düşür. Bu, həmçinin Güney Azərbaycanda milli hərəkatın daha da güclənməsinə təsir göstərir.
- Hazırda həbsdə olan milli fəallardan kimlərin adını çəkə bilərsinz?
- 8 il haqsız yerə və ədalətsiz məhkəmə qərarıyla azadlıqdan məhrum edilən Səid Mətinpurun, höccətülislam Əbdüləziz Əzimi Qədimin, Mahmud Fəzlinin, Yürüş Mehrəlibəylinin, Davud Əzimzadənin, Məhəmməd Xətibinin, Mehdi Kuxiyanın, Mehdi Həmidi Şəfiqin, Həsən Ərkin, Əziz Purvəlinin, Fərdin Muradpurun və bir çox başqa fəalların adlarını sadalamaq olar.
- Bir çox fəala qarşı irəli sürülən ittihamlardan biri rejim əleyhinə təbliğatdır. Bu haqda nə deyərdiniz?
- Elədir. Həbs edilən milli fəalların əksəriyyəti bu ittihama məruz qalır. Ancaq bu ittihamlar İran rejiminə etiraz edən hər kəsə qarşı irəli sürülür. Etiraz edənin tələbindən və etirazın səbəbindən asılı olmayaraq.
- Qeyd etdiniz ki, Güney Azərbaycandakı milli hərəkat sivil yolla mübarizə aparır. Bəs nə vaxtsa milli hərəkatda silahla mübarizə gözlənilirmi?
- Yox. Biz demokratik üsullarla mübarizə yolunu seçmişik. Bütün tələblərimiz və mübarizəmiz sivil yollarla həyata keçirilir. Güney Azərbaycandakı milli hərəkat demokratik və mədəni hərəkatdır, eləcə də insan haqlarına bağlıdır.
- Bu günlərdə Ağ Evin saytında Güney Azərbaycanla bağlı yerləşdirilmiş səsvermə uğurla tamamlandı. Sizcə, bu mövzunun ABŞ Konqresində müzakirə edilməsinin hansı faydaları ola bilər?
- Doğrudur. Səsvermə bitmə tarixindən hətta bir neçə gün öncə başa çatdı. Tələb olunan 25 min imza toplandı. Qaydalara görə, tələb olunan imza toplandığı halda məsələ ABŞ Konqresində müzakirəyə çıxarılır. Məncə, belə bir müzakirənin edilməsi dolayı yolla Güney Azərbaycandakı milli hərəkatın güclənməsinə təsir göstərəcək. Həmçinin Güney Azərbaycanda yaşayan 35 milyondan çox millətimizin İran rejimi tərəfindən hüquqlarının tapdalanması rəsmi şəkildə tanınacaq. Bu isə o deməkdir ki, məsələnin ABŞ Konqresində müzakirəsi Güney Azərbaycan üçün böyük bir uğur ola bilər.
- Sizcə, Güney Azərbaycan Milli Hərəkatı artıq dünyada tanınmağa başlayıbmı?
- Fikrimcə, bəli. Məncə, bu hərəkat dünyada artıq tanınıb. Bunun da bir sıra səbəbləri var. Hesab edirəm ki, tanınmağımızda 2005-ci ildən fəaliyyətə başlayan Güney Azərbaycan televiziyasının (Günaz TV) də rolu var.

Turqut
Bu xəbər oxucular tərəfindən 1453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed