Şrift:
Azərbaycan BMT-nin Baş katibinə işğal olunmuş ərazilərimizdə Suriya ermənilərinin məskunlaşdırılmasından narahatlığını ifadə edib
16.02.2013 [14:15] - Gündəm, Siyasət
Daimi nümayəndəlikdən bildiriblər ki, məktubda səfir deyib ki, o, Azərbaycan Respublikası hökumətinin tapşırığı ilə ölkəsi üçün son dərəcə böyük əhəmiyyət daşıyan məsələyə toxunmaq şərəfinə layiq görülüb.

"Yaxşı məlumdur ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin və yeddi digər inzibati rayonun Ermənistan Respublikası tərəfindən hərbi yolla işğalı nəticəsində həmin ərazilərdə yaşayan 750.000 Azərbaycan vətəndaşı öz evindən-eşiyindən didərgin salınmışdır. İşğal edilmiş ərazilərdə, eləcə də 1980-ci illərin sonlarında 250.000 azərbaycanlının tərk etmək məcburiyyətində qaldığı Ermənistanda hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Başqa sözlə desək, həm Ermənistan ərazisində, həm də Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlı əhali etnik təmizlənməyə məruz qalmışdır", - deyə Aqşin Mehdiyev bildirib.

Məktubda daha sonra vurğulanır:

"Azərbaycanın işğal edilmiş ərazilərindən bütün azərbaycanlıların qovulub çıxarılması dəqiq faktdır. Təhlükəsizlik Şurası Azərbaycana qarşı qanunsuz güc tətbiq edilməsi və ərazilərinin işğal edilməsi ilə əlaqədar 1993-cü ildə qəbul olunmuş müvafiq qətnamələrdə "çoxlu sayda mülki vətəndaşın yerini dəyişməsi" ilə bağlı ciddi narahatlıq keçirdiyini bildirmişdir. Baş Məclis 1993-cü il 20 dekabr tarixli 48/114 nömrəli qətnaməsində narahatlıq hissi ilə qeyd edir ki, "Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sayı bu yaxınlarda 1 milyon nəfəri ötüb keçmişdir". Baş katibin ölkə daxilindəki köçkünlərin hüquqları üzrə nümayəndəsi 2008-ci il 15 aprel tarixli (A/HRC/8/6/Add.2) məruzəsində bildirmişdir ki, "dünyanın proporsional baxımdan ən böyük köçkün əhalisi qrupu" Azərbaycandadır. Qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə beynəlxalq-hüquq zəminində həllinə dair cari siyasi prosesin gedişatını istiqamətləndirən zəruri şərtlərdən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam çıxarılmasından, qaçqınların və məcburi köçkünlərin qayıtmaq hüququnun həyata keçirilməsindən ibarətdir.

Bununla belə, Ermənistanın siyasəti və təcrübəsi açıq-aydın göstərir ki, o, Azərbaycanın işğal edilmiş ərazilərinin demoqrafik strukturunda dəyişikliklər edilməsi yolu ilə azərbaycanlıların yurd-yuvalarına qayıtmasına mane olmaq niyyətindədir. Belə ki, münaqişə başlayan vaxtdan keçən dövr ərzində həmin ərazilərdə xeyli sayda erməni məskunlaşdırılmışdır".

Səfirin sözlərinə görə, dəqiq müəyyən edilib ki, Ermənistan beynəlxalq humanitar hüququn normalarını və insan hüquqları sahəsində beynəlxalq normaları və standartları bu baxımdan pozur.

"2005-ci və 2010-cu illərdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycanın təşəbbüsü ilə Azərbaycanın işğal edilmiş ərazilərinə faktların müəyyən edilməsi üzrə missiya və səhra qiymətləndirmə missiyası göndərmişdir. ATƏT-in Minsk qrupu həmsədrlərinin başçılıq etdikləri sonuncu missiyaya Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarı İdarəsinin vəzifəli şəxsləri də qoşulmuşdur. Missiyalar tərəfindən müəyyən edilmişdir ki, çıxıb getmək məcburiyyətində qalmış 750.000 azərbaycanlının yerinə təxminən 14.000 erməni köçürülmüşdür. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal edilmiş ərazilərinin bundan sonra da hər hansı yolla məskunlaşdırılmasından çəkindirmiş və tərəfləri təkidlə həmin ərazilərdə münaqişədən (məsələn, qanunsuz məskunlaşdırmanın, infrastrukturun inkişaf etdirilməsinin, iqtisadi istismarın, mədəni dəyişikliklərin və s. davam etdirilməsindən) ziyan çəkmiş rayonların demoqrafik, sosial tərkibinin və mədəni xarakterinin dəyişməsinə gətirib çıxara bilən və dinc yolla nizamasalmanı qeyri-mümkün edən hər hansı hərəkətin qarşısını almağa çağırmışlar.

Amma beynəlxalq birliyin Azərbaycanın işğal edilmiş ərazilərinin məskunlaşdırılması praktikasını pisləmək və ona müqavimət göstərmək səylərinə və regionun demoqrafik strukturunda dəyişiklikləri qadağan etmək çağırışlarına baxmayaraq bu praktika davam etdirilir. Azərbaycanın Dağlıq Qarabağ regionuna və işğal edilmiş digər ərazilərinə Suriya ermənilərinin köçürülməsi haqqında son məlumatlar Ermənistanın Azərbaycan torpaqlarını qəsdən məskunlaşdırmaq siyasəti yürütdüyünün daha bir əyani sübutudur", - deyə səfir məktubda vurğulayıb.

Aqşin Mehdiyev məktubunda qeyd edir: "Ermənistan Prezidenti Serj Sarkisyan 2013-cü il yanvarın 15-də Ermənistan Müdafiə Nazirliyində çıxışında təsdiq etmişdir ki, "Ermənistan Respublikası hökuməti Suriya erməniləri qarşısında duran problemləri diqqət mərkəzində saxlayır " və "təqribən 6000 Suriya ermənisi Ermənistanda sığınacaq tapmışdır". O, etiraf etmişdir ki, Ermənistan hökuməti Suriyadan qaçmış ermənilərin ehtiyaclarının təmin edilməsi istiqamətində tədbirlər görür (Ermənistan Prezidentinin veb-saytına bax www.president.am/en/press-release/item/2013/01/15/President-Serzh-Sargsyan-participated-at-the-meeting-Ministry-of-Defense/)".

Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu şərtlərlə Ermənistana gəlmiş Suriya əsilli 30 erməni ailəsi Azərbaycanın işğal edilmiş ərazilərinə getmiş və əsas etibarilə Azərbaycanın Dağlıq Qarabağ regionu və Ermənistan arasında yerləşən, işğal edilmiş Laçın rayonunda məskunlaşmışdır. Suriya ermənilərini işğal edilmiş ərazilərdə məskunlaşmağa təşviq etmək üçün onlara müxtəlif güzəştlər, o cümlədən pulsuz mənzil, sosial infrastruktur, ucuz, yaxud pulsuz kommunal xidmətlər, vergilərdən azad edilmə, torpaq sahələri, sərfəli kredit, pul və mal-qara təklif edilir.

Başqa sözlə desək, beynəlxalq birliyin diqqətinin Suriya böhranından çıxış yollarının axtarışına yönəldiyi bir vaxtda bu ölkənin xalqının payına düşmüş məşəqqətlərdən digər regionda vəziyyəti və sülhə nail olmaq səylərini bundan sonra da mürəkkəbləşdirmək üçün istifadə olunur. Belə bir fakt heç bir şübhə doğurmur ki, Suriya ermənilərinin tələbatının doğma ev-eşiyinə qayıtmaq arzusu ilə yaşayan yüz minlərlə azərbaycanlının maraqlarının ziddinə olaraq təmin edilməsi cəhdləri istənilən halda qanunsuzdur, yolverilməzdir və qəbuledilməzdir.

Ermənistan beynəlxalq hüquqa görə, tətbiq edilən hüquq normalarını Azərbaycan ərazilərinin işğalı kontekstində pozduğu dərəcədə məsuliyyət daşıyır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, işğalçı ölkə Ermənistan təkcə öz silahlı qüvvələrinin və Ermənistan hökumətinin digər orqanlarının və agentlərinin hərəkətlərinə görə deyil, həm də nəzarətində olan, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz yaradılmış separatçı rejimin hərəkətlərinə görə məsuliyyət daşıyır.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin məktubunda deyilir:

"Yuxarıda qeyd etdiklərimi nəzərə almaqla, ölkəmin hökuməti adından mənə Ermənistan Respublikasının yürütdüyü Azərbaycan ərazilərinin məskunlaşdırılması və zəbt edilməsi siyasətinə qəti etiraz bildirmək və bunun əsla yolverilməz olduğunu bəyan etmək tapşırılmışdır. Belə məsuliyyətsiz və fitnəkar siyasətin uğur qazanmaq üçün heç bir şansı yoxdur. Beynəlxalq səviyyədə təsdiq edilmişdir ki, həmin ərazilər Azərbaycanın tərkib hissəsidir və Ermənistan öz silahlı qüvvələrini oradan tamamilə çıxarmaq və öz qanunsuz fəaliyyətinin bütün nəticələrini, o cümlədən məskənlərin yaradılmasını ləğv etmək məcburiyyətində qalacaqdır.

Aydın məsələdir ki, Azərbaycanın işğal edilmiş ərazilərində məskənlərin yaradılması və digər qanunsuz hərəkətlər regionda sülhə, təhlükəsizliyə və sabitliyə bilavasitə təhlükədir və öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış yüz minlərlə insanın hüquq və azadlığını pozur. Bununla əlaqədar olaraq, Azərbaycan hökumətinin Azərbaycanın işğal edilmiş ərazilərində cari məskunlaşma fəaliyyətini əsaslı şəkildə araşdırmaq, həmin ərazilərin bundan sonra da hər hansı şəkildə məskunlaşdırılmasına qarşı müqavimət göstərmək məqsədi ilə bütün zəruri tədbirləri görmək və orada məskunlaşan şəxslərin dərhal və qeyd-şərtsiz köçürülməsini təmin etmək xahişini bütün üzv dövlətlərə, Birləşmiş Millətlər Təşkilatının Katibliyinə və müvafiq idarələrə çatdırmağı özümə şərəf bilirəm".
Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed