Şrift:
Azərbaycanı dünya çempionatında 11 cüdoçu təmsil edəcək
14.05.2024 [12:43] - İdman
Cüdo üzrə Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışda ölkəni qadınlar və kişilər arasında 8 çəki dərəcəsi üzrə ümumilikdə 11 cüdoçu təmsil edəcək.

Qadınların yarışında Leyla Əliyeva (48 kiloqram), Açelya Toprak (57 kiloqram), kişilərin mübarizəsində isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kiloqram), Kamran Süleymanov, Yaşar Nəcəfov (hər ikisi 66 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) qüvvəsini sınayacaq.

Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kiloqram) zədəli olduqlarına görə yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatılmayacaqlar.

Mundialda cüdoçular böyüklərdən ibarət millinin baş məşqçisi Riçard Trautman və qadınlar yığmasının çalışdırıcısı Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.

Qeyd edək ki, dünya çempionatı mayın 19-23-də təşkil olunacaq. Turnirdə 100-dən çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparacaq.
Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed