Şrift:
“Erməni mətbuatını daim izləyirik, necə yalanlar yazırlar...”
18.02.2013 [12:20] - Xəbərlər, Müsahibə
Həmsöhbətimiz “KarabakhİNFO.com” elektron jurnalının baş redaktoru Zaur Qəriboğludur. Onunla baş redaktoru olduğu elektron jurnalın yaranma tarixi, fəaliyyət dairəsi, həmçinin oxucu auditoriyasına olan təsir gücü ətrafında söhbətləşdik.

Müsahibimiz hazırda dünyada informasiya cəmiyyətinin formalaşdığına diqqət çəkdi: “Bir çox ölkələr öz ideologiyalarını, müxtəlif hadisələrlə bağlı mövqelərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün müasir informasiya texnologiyalarından geniş şəkildə istifadə edirlər. Bu informasiya texnologiyaları arasında internetin xüsusi çəkisi son illər artmaqdadır. İnternetin verdiyi imkanlardan böyük dövlətlər, müəyyən qruplar, təşkilatlar ideoloji silah kimi istifadə edərək insanların fikirlərinə güclü təsir göstərir və öz istədikləri kimi hansısa bir məsələ haqqında rəy formalaşdıra bilirlər.
Əlbəttə, internetin mənfi xüsusiyyətləri ilə yanaşı onun müsbət cəhətləri də həddindən artıqdır. Məsələn, internet məkanı insanlara öz fikirlərini bildirmək, dünyada baş verən hadisələr haqqında daha çox informasiya almaq üçün böyük imkanlar açır. İnternet bununla yanaşı hökumətlər və xalqlar arasında münasibətlərin tənzimlənməsinə də böyük təsir göstərir. Beləliklə, sadaladığımız və sadalamadığımız xüsusiyyətləri ilə birlikdə dünyada vahid internet məkanı formalaşır. Buna görə də hər hansı dövlətlərarası münaqişələrdə tam üstünlük əldə etmək üçün ilk növbədə bu üstünlüyü informasiya məkanında qazanmaq lazımdır. Təəssüf ki, Ermənistan tərəfi bu işə bizdən çox əvvəl başlayıb. Lakin bu o demək deyil ki, Azərbaycan informasiya müharibəsində Ermənistana uduzub. Bu gün dövlətimizin sahib olduğu imkanlar Ermənistanla yüksək səviyyədə informasiya müharibəsi aparmağa imkan verir.

Lakin hər şeyi dövlətin boynuna qoymaq olmaz. Bu işdə hər bir vətəndaş, qeyri-hökumət təşkilatları da fəaliyyət göstərməlidirlər. “KarabakhİNFO.com” elektron jurnalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının layihəsidir.

AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun birbaşa təşəbbüsü və rəhbərliyi ilə yaradılıb, fəaliyyət göstərir. Jurnalın direktoru Vəli Əlibəyovdur. Əsas məqsəd isə dünyanın bir neçə dilində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Bizim bir devizimiz var: “HƏDƏFİMİZ QARABAĞDIR!”

Hədəfimizə doğru da düşmən tərəfdən fərqli olaraq, beş dildə - Azərbaycan, ingilis, rus, erməni və alman dillərində təhrifsiz, əsaslandırılmış faktlarla dünya ictimaiyyətinə informasiyalar yayırıq. Yaxın zamanlarda fransız və türk dillərində də informasiya yaymaq üçün texniki işlər görülür. Perspektivdə dillərin sayını artırmaq məsələsi də var”.

Zaur Qəriboğlu e-jurnalın bölmələrinin müxtəlifliyindən də söz açdı. Onun sözlərinə görə, e-jurnalda “Araşdırma”, “Danışır şahidlər”, “Faktlar”, “Müsahibə”, “Polemika”, “Mədəniyyət”, “Müəllif” və digər bölmələr fəaliyyət göstərir: “Bölmələrdə daha çox erməni əsirliyində olub, qurtarılan şəxslərin orada məruz qaldıqları işgəncələr barədə müsahibələr, müxtəlif tarixi məsələlərlə bağlı Azərbaycan ziyalılarından, siyasətçilərdən, eyni zamanda bir sıra digər xarici siyasətçilərdən götürülən müsahibələr yer alır. Həmçinin elm adamlarının əsaslandırılmış faktlarla araşdırma məqalələri dərc olunur. Amma belə götürəndə tək Qarabağla yox, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi və erməni terror təşkilatları, onların bütün dünyada müxtəlif terror aktları haqqında yeni araşdırma yazıları da dərc edirik. Bunun üçün də elektron jurnalda çalışan peşəkar insanların sayı 15 nəfərdən çoxdur və onlar da bu işin yetərincə öhdəsindən gələ bilirlər”.

Zaur Qəriboğlu e-jurnal üçün erməni dilinə məqalələr tərcümə edən, erməni mətbuatını izləyən bölmə redaktorunun fəaliyyətindən də söz açdı: “Erməni dilinə əsasən Azərbaycan bölməsində dərc olunan yazılar tərcümə edilir. Bu işə erməni bölməsinin redaktoru, ermənişünas alimimiz Qafar Çaxmaqlı məsuldur. Daimi olaraq erməni mətbuatı izlənir, hər bir şey haqqında vaxtında məlumatlanırıq. Qafar Çaxmaqlı Azərbaycanda, eyni zamanda xaricdə erməni dili üzrə tanınmış mütəxəssisdir. Redaksiya üzvlərindən erməni hakerlərin virtual məkanda daha çox hücumuna məruz qalan da Qafar Çaxmaqlıdır. Onun imzası Ermənistanda da bir çox dairələrə məlumdur. Həmsöhbətimiz həmçinin erməni mətbuatında yazılan, eyni zamanda Azərbaycan mətbuatına da çıxarılan, müzakirə edilən yalan-yanlış yazılar barədə də öz fikirlərini bildirdi: “Təəssüf hissi ilə qeyd edim ki, buna bəzi informasiya vasitələrinin dəqiqləşdirilməmiş, fərziyyəyə əsaslanan xəbərləri də səbəb olur. Bəzi informasiya vasitələri daha çox oxucu sayı toplamaq, “eksklüziv” xəbərlər vermək naminə dövlətin milli maraqlarına zərbə vura biləcək, dövlətimiz haqqında xaricdə mənfi rəy formalaşdırmağa səbəb olan məlumatlar verirlər. Belə informasiyalar aidiyyatı dövlət orqanları dəqiqləşdirilməli, əldə tutarlı əsaslar olmalıdır. Bir də harada işləməsindən, statusundan asılı olmayaraq hər bir soydaşımız hər zaman ümummilli maraqlardan çıxış etməlidir”.

Müsahibimiz digər e-jurnal və saytlarda olduğu kimi, “KarabakhİNFO.com” e-jurnalına da xaker hücumlarının olduğunu vurğuladı: “Bir dəfə belə bir hal baş vermişdi. Problem bizim texniki heyət tərəfindən vaxtında və dərhal aradan qaldırıldı”.

Zaur Qəriboğlu oxucu auditoriyasından da danışdı: “ Sözün düzü, biz şou-bizneslə məşğul olmadığımız üçün yazılarımızın demək olar ki, hamısı elmi məzmun daşıyır. Bu səbəbdən də elektron jurnalın oxucu auditoriyası əsasən bu işə maraqlı olan insanlardı. Hələlik sayta ziyarətçi sarıdan şikayətimiz yoxdu. Kifayət qədər oxucu auditoriyamız var. Təbii ki, bütün bunlarla yanaşı hər bir işdə nöqsanlar, çatışmayan cəhətlər var. İrad bildirilməyən işdə inkişaf ola bilməz. Bu işdə təcrübəli mütəxəssislərin fikirlərindən, təkliflərindən yararlanırıq. Hələlik ilkin rəy yaxşıdır”.

Həmsöhbətimiz sonda “KarabakhİNFO.com” e-jurnalının gələcək planları və perspektivləri barədə danışdı: “Aidiyyəti mövzularda dünyanın bir neçə dilində kitablar nəşr etdirmək, xaricdəki Azərbaycan diasporaları ilə əlaqə yaradıb, bu kitabları xaricdə yaymaq haqqında düşünürük. Artıq bu istiqamətdə əlaqələrin qurulması yönündə işlərə başlamışıq. Bu günlərdə AVCİYA Avrasiya Araşdırmalar İnstitutu İctimai Birliyi ilə birgə “Azərbaycan həqiqətləri” adlı, ermənilərin xalqımızın başına gətirdiyi soyqırımları haqda materialları özündə cəmləyən görüntülü toplu dərc etdirib. Bu toplunun Bakıda təqdimatı oldu. İndi isə Gürcüstanda, Türkiyədə və digər xarici ölkələrdə də bu toplunun təqdimatı keçiriləcək.

Bunlardan Gürcüstanda və Türkiyədə təşkil olunan bir neçə tədbirdə AVCİYA-nı mən təmsil edəcəyəm. Bu səfərlər zamanı da “KarabakhİNFO.com” elektron jurnalı haqqında məlumat əks olunan bukletlər həmin tədbir iştirakçılarına paylanılacaq, əlavə məlumat veriləcək.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, millət vəkili Elxan Süleymanov bu elektron jurnala çox həssas yanaşır, daim diqqət və qayğı göstərir, jurnalın daha da inkişaf etməsi üçün əlindən gələni əsirgəmir. Ermənistanda antiazərbaycan və Qarabağla bağlı elektron resursların sayı kifayət qədər çoxdu. Hamısı da yalan və böhtan dolu... Bizdə isə bu kimi resursların sayı çox azdır. Hər gün yenilənən “KarabakhİNFO.com”un nüfuzu günü-gündən artır”.

Könül SƏİD
Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed