Şrift:
GÜNEY XƏBƏRLƏRİ
03.11.2011 [10:46] - Gündəm
Şovinist İranın Azərbaycan türklərinə etdiyi haqsızlıqlar davam etməkdədir

Güney Azərbaycan Milli Hərəkatının 13 milli-mədəni və siyasi fəalı 2010-cu ildə İran rejimi tərəfindən Azərbaycan Respublikasına casusluq ittihamıyla günahlandırılmışdırlar. Lakin Təbriz İnqilab Məhkəməsində bu ittihamlara dair heç bir dəlil və sübut tapılmadığı üçün azad olunublar.
Qeyd edək ki, 21 oktyabr 2011-ci il tarixində bu 13 mədəni-siyasi məhbusun məhkəmə prosesləri keçirilmişdir.
Nəzərinizə çatdırırıq ki, Əkbər Azad, Behbud Quluzadə, Dr. Alirza Əbdollahi, mühəndis Mahmud Fəzli, mühəndis Şəhram Radmehr, Şükrollah Qəhrəmani, Sona Fərəczadə, Aydın Xacei, Yaşar Kərimi, Həsən Rəhimi, Nəim Əhmədi Xiyavi, Yunis Süleymani, Pinar Fərəczadə və başqaları 2010-cu ilin aprel ayından sonra İran ETTELAAT-ı tərəfindən tutulub aylarca tək nəfərlik türmədə həbs edilmiş və həbs müddətində ağır işgəncələrə məruz qalmışdılar. Daha sonra hər biri təxminən 220 min dollarlıq girov müqabilində azadlığa buraxılmışdılar.


İRANDA DAHA BİR BLOQÇU AXUND AZADLIQDAN MƏHRUM EDİLİB

İranda daha bir bloqçu axund azadlıqdan məhrum edilib. Axund Əhmədrza Əhmədpur 3 il həbsə, 10 il sürgünə məhkum olunub.
Əhmədrza Əhmədpur vaxtilə Müşarikət Cəbhəsi Partiyasının üzvü olub. İranda bu partiyanın fəaliyyəti qadağan edilib.
ETTELAAT-ın Qum şöbəsinin əməkdaşları Əhmədrza Əhmədpuru 2011-ci ilin iyul ayında tutub aparmışdılar. Ruhanilərin işinə baxan Qum məhkəməsi bloqçu axundu ölkənin vəziyyəti ilə bağlı BMT-yə şikayət məktubu yazmaqda, dövlət quruluşuna qarşı təbliğat aparmaqda, yalan məlumat yayıb ictimai fikri çaşdırmaqda və ruhanilərin heysiyyətini ləkələməkdə təqsirli bilib.
Məhkəmənin qərarına görə, Əhmədrza Əhmədpur 3 illik həbsini Əhvaz şəhərinin zindanında, 10 ilik sürgünü isə İzə şəhərində keçirməlidir.
Əhmədrza Əhmədpur 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilən kütləvi aksiyalardan sonra tutulub 1 il müddətinə həbsdə saxlanmışdı. O vaxt ruhanilərin işinə baxan Qum məhkəməsi Əhmədrza Əhmədpuru ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşuna qarşı təbliğat aparmaqda və ruhanilərin heysiyyətini ləkələməkdə təqsirli saymışdı.
2011-ci ilin oktyabr ayında İranda bloqçu axund Arəş (Məhəmməd Sadıq) Hünərvər Şücayi 4 il müddətinə həbsə, 50 şallaq zərbəsinə və 800 dollar məbləğində pul cəriməsinə məhkum edilib.
Arəş (Məhəmməd Sadıq) Hünərvər Şücayi bir ilə yaxındır həbsdə saxlanır. O, Qum şəhərində dindən dərs deyib, təkcə müəllim kimi yox, həm də müxalif bloqçu, mərhum müxalif ayətullah Hüseynəli Müntəzirinin yaxın adamlarından biri kimi tanınır. ETTELAAT-ın Qum şöbəsi Arəş Hünərvər Şücayini 2010-cu ilin noyabrında Qum dini dairəsindəki iş yerində həbs edib. O, hazırda Tehranın Evin zindanının 350-ci korpusunda saxlanır.
Tehranın ruhanilərlə bağlı işlərə baxan məhkəməsi Arəş (Məhəmməd Sadıq) Hünərvər Şücayini ölkənin milli təhlükəsizliyinə, dövlət quruluşuna qarşı çıxmaqda, Avropa ölkələrinin Tehrandakı səfirliklərinə casusluq etməkdə, eləcə də öz bloqunda şəri fitvalar verməkdə təqsirli bilib.


İftar mərasimi zamanı tutuqlanan bəzi milli-mədəni fəallar barədə şərti əfv qərarı…

Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı yaxalanan bəzi tutuqlu milli-mədəni fəallar barədə şərti əfv qərarı çıxarılıb.
HERANA-ya istinadən yayılan məlumata görə, Avqustun 24-də (şəhrivərin 2-də) tutulan bəzi mədəni fəalların şərti əfv müraciəti qəbul olunub. Onların dosyesi Təbriz məhkəməsinin hökmləri icra edən şöbəsinə (dadsəra) göndərilib.
Sözü gedən tutuqlu milli-mədəni fəalların kimliyi bunlardan ibarətdir:

Əhməd Əlizadə
Yusif Sələhşur
Yasir Salmani Rzayi
Abdullah Səduqi
Mustafa Əvəzpur
İlqar Kərimi
Fərzad Məhdəvi
Əli Şirnak
Mehdi Mühaciri
Məhəmməd Əlimuradi
Qadir Növruzi
və...


Adını çəkdiyimiz azərbaycanlı fəallar bundan öncə 4 ay həbs və 20 ay asılı həbs (şərti) cəzasına məhkum edilmişdilər.
Qeyd edək ki, İftar mərasimində 30 nəfər tanınmış azərbaycanlı milli-mədəni fəal tutuqlanmışdır. Digər 15 nəfərin isə noyabrın 3-də (abanın 12-də) məhkəmə iclası keçiriləcək.


Amerika İranla müharibəyə hazırlaşır: “Küveytlə danışıqlar başlayıb”

Bu ilin sonuna qədər İraqdan hərbi qüvvələrin çıxarılması prosesi (sürəci) başa çatdıqdan sonra ABŞ (Amerika Birləşmiş Ştatları) əsgərlərinin körfəzdə (xəlic) yerləşdirilməsinə dair Küveytlə danışıqlar aparır.
Bu barədə “The New York Times” qəzetinin yaydığı məlumatda bildirilir ki, bu, İraqda təhlükəsizliyin təmin edilməsi baş tutmadığı və ya İranla hərbi münaqişə başladığı halda, ABŞ-ın cəld reaksiya (əksüləməl) verə bilməsi üçün Körfəz regionunda (bölgəsində) hərbi mövcudluğunu artırmaq planlarının (tərhlərinin) bir hissəsidir.
Qəzet yazır ki, Birləşmiş Ştatlar Küveytdə hazırkı qüvvələrə əlavə olaraq, regiona daha artıq hərbi gəmilərin göndərilməsi məsələsini nəzərdən keçirir. Planlaşdırılan hərbi qüvvələrin həcmi müəyyən edilməyib. Xəbərdə o da qeyd olunur ki, ABŞ hökuməti Körfəz Əməkdaşlıq Şurasının bütün üzvləri - Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omanla hərbi əlaqələrin genişləndirilməsinə çalışır. Hərbi mənbələr və diplomatlara istinadən yayılan bu xəbər hələlik rəsmi səviyyədə təsdiqlənməyib.
Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed