Şrift:
Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib
24.06.2024 [10:16] - Sosial
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.

İDEA-dan verilən məlumata görə, sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib və istifadə üçün hazır vəziyyətə gətirilib.
Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədi ilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb. Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub.

IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

IDEA İctimai Birliyi hamıya xoş yay istirahətləri arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətraf mühitin təmizliyinə riayət etməyə çağırır.
Bu xəbər oxucular tərəfindən 2020 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed