Şrift:
Zelenski: Müharibənin illərlə davam etməsini istəmirik
28.06.2024 [09:53] - Gündəm, Siyasət
Ukrayna Prezidenti Vladimir Zelenski Aİ liderləri ilə hava hücumundan müdafiə sistemləri və hərbi yardım paketlərini müzakirə edəcək.

Bu barədə Ukrayna Prezidenti Vladimri Zelenski Aİ Şurasının Prezidenti Şarl Mişellə Brüsseldə görüşdən qabaq jurnalistlərə deyib.

"Biz hərbi yardımla bağlı imzalanan sənədlərə və əldə olunan razılaşmalara görə təşəkkür edirik, ancaq bizim bu silahlara döyüş meydanında təcili ehtiyacımız var", - o bildirib.

Ukrayna dövlət başçısı rusiyalı oliqarxlara qarşı tətbiq olunmuş sanksiyaların aradan qaldırılması məsələsinə də toxunub.

"Rusiyanın bəzi oliqarxlarına qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması risklərini görürük. Sanksiyalar bu oliqarxlara qarşı tətbiq olunmalı və qüvvədə qalmalıdır, bu ədalətli qərar olardı. Amma biz bəzi sanksiyaların aradan qaldırıldığını görürük. Təbii ki, mən bu məsələni tərəfdaşlarımızla müzakirə etmək istəyirəm", - Zelenski qeyd edib.

Zelenski Aİ-yə Sülh Formulu sammitində iştiraka görə də təşəkkür edib. O bildirib ki, daha 9 ölkə sammitdən sonra kommunikeyə qoşulduğunu bəyan edib. O deyib ki, Aİ liderləri ilə növbəti sammitə hazırlığı da müzakirə edəcək. "Hesab edirəm ki, bu, yalnız Ukrayna üçün deyil, bütövlükdə Avropa və dünya üçün vacibdir", - o vurğulayıb.

Ukrayna dövlət başçısı Fransada keçiriləcək parlament seçkilərinin nəticəsinin Ukraynaya yardıma təsir edib-etməyəcəyi barədə sualı da cavablandırıb. O deyib ki, hökumətlər, partiyalar xalqın, cəmiyyətin tələblərinə uyğun qərarlar verirlər: "Seçki və onun nəticələrinə xalq qərar verir, təbii ki, biz hər hansı müdaxilə edə bilmərik. Mən ümid edirəm ki, bütün ölkələr tarixin doğru tərəfində, Ukraynanın yanında olmağı seçəcək".

Zelenski sülh şərtləri ilə bağlı deyib ki, məlum sammitdən sonra növbəti addımlara, sülhlə bağlı detallı plana ehtiyac var. "Biz bu planı hazırlayıb masaya qoymalıyıq, çünki bizim döyüş meydanında çox sayda yaralılarımız, mülki itkilərimiz var. Ona görə də biz bu müharibənin illərlə davam etməsini istəmirik. İkinci sammitə qədər birgə planı hazırlamalıyıq".

Ukrayna dövlət başçısı Rusiya tərəfi ilə bu müddət ərzində heç bir dialoqunun olmadığını vurğulayıb: "Rusiyanın sülhlə bağlı planı yoxdur, onların yalnız bir planı var, bu müharibəni necə uzatmaq".

O deyib ki, Ukrayna hər hansı qapı arxasında danışıqları qəbul etmir: "Bu danışıqlar bizim haqqımızda deyil. Biz açıq və şəffaf danışıqları qəbul edirik".
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed