Şrift:
Güney Azərbaycanda milli oyanış sürətlə artır
20.02.2013 [16:49] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Şərifə Cəfəri: «Milli hərəkatda şəhid düşən bir qəhrəmanın əvəzində min qəhrəman doğulur»
Fevralın 21-i Ümumdünya Ana Dili Günüdür. Bu tarix Güney Azərbaycanda da qeyd edilir. Xalq ana dilinə sevgisini ifadə etməklə yanaşı, bu dildə təhsil almaq haqqını da tələb edir. Bu baxımdan 21 fevral Ümumdünya Ana Dili Günü Güney Azərbaycanda daha çox etiraz və tələblərlə yadda qalır. Hər il olduğu kimi, bu dəfə də güneyli soydaşlarımızın ana dililə bağlı tədbirlər və etiraz aksiyaları keçirəcəyi gözlənilir.Müsahibimiz əslən Güney Azərbaycandan olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Şərifə Cəfəri cavablandırdı. O, İranda türkcə kitabların nəşrilə məşğul olan və rejim tərəfindən qapadılan «Pınar» nəşriyyat evinin direktoru olub.
- İran hakimiyyətinin Azərbaycan türklərinə qarşı ana dilində təhsil qadağasını necə izah edərdiniz?
- Güney Azərbaycanda 35 milyondan çox soydaşımız yaşayır. Digər millətlər kimi, bizim də ana dilimiz var. Biz də öz ana dilimizdə təhsil almaq, yazıb-oxumaq istəyirik. Bu, bir millət olaraq ən təbii haqqımızdır. Bir milləti var edən dəyər onun dili və mədəniyyətidir. İran rejimi də millət olaraq bizi məhv etmək üçün bu dəyərlərimizi əlimizdən almağa çalışır.
- Nə üçün türklərə qarşı belə bir basqı var?
- Çünki türk kimliyindən qorxurlar. Türkçülük böyük bir düşüncədir. Bunu gördükləri üçün qarşısını almağa çalışırlar. Ona görə də dilimizi qadağan edərək milli mədəniyyətimizdən, öz kimliyimizdən uzaqlaşdırmağa çalışırlar və bu siyasətlərini bir neçə istiqamətdə həyata keçirirlər. İranda Qacarlardan sonra hakimiyyət fars mənşəli Pəhləvi sülaləsinin əlinə keçdi. Elə həmin zamandan da ölkədə türk dili yasaq edildi. Sonra hakimiyyətə gələn indiki rejim də Pəhləvilərin anti-türk siyasətini davam etdirdi.
- İranda qeyri-fars millətlərinin də ana dilində təhsil almalarına icazə verən qanun var?
- Qanun var, amma kağız üzərindədir. Praktikada tətbiqinə icazə verilmir. Bu haqqını tələb edən soydaşlarımız ağır basqılara məruz qalır və həbs edilir. Tutulan qardaşlarımız rejim məmurlarına deyirlər ki, biz qanunda yazılan hüququmuzu tələb edirik. Amma onlara cavab verilir ki, həmin hüquq sadəcə kağız üzərindədir, həyata keçirilməsini gözləməyin. İran öz yazdığı qanunlarını da tapdalayır. Güney Azərbaycanda milli oyanış sürətlə artır. Xalqımız millət olaraq özünü dərk etdikcə dilini və mədəniyyətini daha çox tələb edir. Dil qadağası yeni nəslin soy-kökümüzlə bağlantısını qırır. Bizim öz milli mədəniyyətimiz və folklorumuz var. Amma bunlar fənn olaraq təhsil ocaqlarında tədris edilmir, öyrədilmir. Rejimin bütün anti-Azərbaycan siyasətinə və basqısına baxmayaraq, Güney Azərbaycanda milli oyanış getdikcə daha da artır. İnsanlar milli haqlarını tələb etməyə başlayıblar.
- Təbrizə ana dilində kitabların yandırılması necə iz buraxdı?
- Bildiyiniz kimi, bu hadisə Güney Azərbaycanda Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının rəhbərliyi altında qurulan Milli Hökumətin süqutundan sonra baş verdi. Azərbaycan türkcəsində yazılan kitabları qalaq-qalaq yığıb oda verdilər.
- Bu hadisə yalnız Təbrizdə baş verdi?
- Yox, Miyanada və başqa şəhərlərdə də eyni hadisə törədilmişdi. Rejim bu yolla insanların gözünü qorxudub, ana dilindən uzaqlaşdırmaq istədi. Hadisənin şahidləri danışırdılar ki, yandırılan kitabların odu çox uzaq məsafələrdən görünürdü. Mən bir dəfə həmin hadisənin fotoları ilə tanış oldum. Dəhşət mənzərə idi. Bir millətə qarşı əsl mədəni soyqırım törədildi. Hətta fotolarda gördüm ki, kitablarla yanaşı, sazı da yandırıblar.
- Bəs sazı niyə?
- Onların məqsədi yalnız kitab yandırmaq deyildi. Onlar bir millətin varlığını, dilini məhv etmək istəyirdilər. İnsanları qorxutmaq, milli kimliyindən imtina həddinə gətirməyə çalışırdılar. Hədəf bu idi. Saz da bizim milli mədəniyyətin bir nümunəsidir. Həmin hadisədə bir uşağın əlini də yandırmışdılar.
- Nə üçün?
- Uşaq sevdiyi kitabının yandırılmasına icazə verməyib. Bunu görən məmurlar uşağın əlini də oda basıblar ki, kitabını yandırsın. Güney Azərbaycan uzun illər bu qədər zalım bir rejimin zülmünə məruz qalıb.
- Yandırılan kitablar haradan toplanılmışdı?
- Kitabxanalardan, məktəblərdən və s. İnsanları çox qorxutmuşdular. Hətta bəzi avam insanlar evdə saxlamamaq üçün qorxudan özləri kitabları aparıb quyulara atırdılar.
- Bəs kitablar təhvil verməyib, gizli şəkildə saxlayanlar da oldumu?
- Əlbəttə. Ziyalılarımız kitabları gizli yolla qoruyub saxladılar. Hətta elələri vardı ki, qorxa-qorxa yeri qazıb torpağın altında saxlamışdı. İranda türk dili bu qədər məhrumiyyətlərə məruz qalan bir dildir. Mənim rəhbəri olduğum nəşriyyat evində ana dilində kitablar çap olunurdu. Azərbaycanlı şairlərin, yazarların kitabları idi. Hətta buna rejim etiraz edib, məni Azərbaycan Respublikasına casusluq etməkdə ittiham edirdi. Qarşıdan 21 fevral Ümumdünya Ana Dili Günü gəlir. Bu tarix Güney Azərbaycanda da qeyd edilir. Ya etiraz aksiyaları, ya da tədbirlər şəklində. Ana dili milli hərəkatın əsas tələblərindən biridir və il uzunu bu tələb gündəmdə olur. Lakin 21 fevral Ümumdünya Ana Dili Günü dil problemi daha qabarır. Xalq ayağa qalxaraq haqqını tələb edir.
- Demək olarmı rejim türk dilindən qorxur?
- Bəli, türk dilindən və milli kimliyimizdən qorxur. Çünki türkün kökü qədim tarixə və şanlı keçmişə dayanır. Rejim də bilir ki, türkün mədəniyyəti qat-qat güclüdür. Bunun qarşısını almaq üçün bu qədər basqı göstərir. Qorxurlar ki, dilimiz inkişaf edib farsları kölgədə qoyar. Bizim analarımızın, nənələrimizin dili indi də sözlü-şerli, zərb-məsəllidir. Folklorumuza aid nümunələr şifahi yolla nəsildən-nəslə ötürülür. Bu qədər ağır basqılarla mədəniyyətimizin yaşamasının qarşısını ala bilmirlər. Əgər Güney Azərbaycanda dil qadağası olmasaydı, biz çox inkişaf edərdik. Hətta əgər milli hökuməti xarici qüvvələrin əlilə yıxmasaydılar, Şərqin inkişafı Güney Azərbaycanla bağlı olardı. Bunu hər kəs yaxşı bilirdi. Bu baxımdan Güney Azərbaycanın bir gücə çevrilməsindən tək farslar deyil, başqa xalqlar da qorxdu. Əvvəl şah, sonra isə indiki rejim hər zaman Güney Azərbaycana qarşı basqı göstərib. Hətta zaman-zaman millətimizi təhqir etməkdən çəkinməyiblər. Bildiyiniz kimi, 2006-cı ildə «İran» adlanan qəzetdə millətimiz böcəyə bənzədilərək təhqir olundu. Düşünürəm ki, bununla bizim reaksiyamızı yoxlamaq istəyirdilər və yanlış etdiklərini gördülər. Təhqirə qarşı millətimiz susmadı, minlərlə insanımız küçələrə axışaraq etirazını bildirdi.
- Həbslər və təzyiqlər milli hərəkata necə təsir göstərir?
- Bir qəhrəman şəhid olanda əvəzində min qəhrəman doğulur. Bu cür basqılarla milli hərəkatın gözünü qorxuda bilmirlər. Bunu bacarmırlar və bacarmayacaqlar da. Güney Azərbaycanda milli hərəkat getdikcə daha da güclənir.

Turqut
Bu xəbər oxucular tərəfindən 1134 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed